Beynəlxalq aləm “kar” olub: “Ucadan “qışqırmalıyıq”

“XXI əsrin qaydası budur: kim möhkəm qışqırırsa, həqiqət də onundur”


“Ermənilər dünyaya çar çəkirlər ki, Azərbaycan “əsirlər”imizi geri qaytarmır. Halbuki qaytarılanların sayı getdikcə artır. Buna baxmayaraq, Ermənistan rəsmiləri xarici həmkarlarıyla danışıqlarda hər dəfə bu məsələni qabardırlar. Biz işğaldan azad olunmuş əraziləri minalardan təmizləməyə çalışırıq, bu işə nə qədər texnika cəlb olunub”.

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu özünün “Facebook” səhifəsində yazıb.O qeyd edib:

“Ermənilərin xəritələri verməməkdə məqsədi aydındır. Fikirləşirlər ki, qoy, Azərbaycanın itkiləri artsın. Bunu biz bilirik. Sadəcə bildiyimizi müxtəlif dövlətlərə və beynəlxalq təşkilatlara da anlatmalıyıq. Ermənistanın xarici işlər naziri “əsirlər” mövsusundan ikiəlli yapışıbsa, bizim də nazir minalanmış ərazilərin xəritəsi məsələsini dünyaya çar çəkməlidir. Xəritələri verməyəcəkləri halda “əsir”lərin qaytarılması prosesinə ara verməliyik!”.

Məsələyə münasibət bildirən “Ağ” Partiyanın sədri Tural Abbaslı “Sherg.az”a söyləyib ki, öz ədalətimizi özümüz bərpa etməliyik: 

“Əlbəttə, ermənilərdən humanizm gözləmək olmaz. Bu, tarix boyu onlarda olmayıb. Beynəlxalq təbliğat baxımından ermənilərə uduzduğumuzu etiraf etməliyik.

Düşmən dünyanın gözü qarşısında qanunları, sənədlərin tələblərini pozan 62 terrorçunun qaytarılması üçün “dil boğaza qoymur”, dünyaya səs-küy salır.

Biz isə Birinci Qarabağ müharibəsində itkin düşmüş 3 min dinc vətəndaşımızdan hələ də xəbər tuta bilmirik. Biz onları məcbur etməliyik. Bunun üçün isə dövlət siyasəti müəyyənləşməli və ciddi addımlar atılmalıdır.

Müvafiq qurumlar, o cümlədən diaspor təşkilatı mərkəzləşmiş halda fəaliyyət göstərməlidir, real addımlar atılmalıdır. Bu gün ah-nalə çəkməklə nəyəsə nail olmaq mümkün deyil. XXI əsrin qaydası budur: kim möhkəm qışqırırsa, həqiqət də onundur.

Haqlı olduğumuz halda haqsız vəziyyətə düşməmək, habelə beynəlxalq qurumların səsimizi eşitməsi üçün bacardığımız qədər ucadan “qışqırmalıyıq”.