Rusiya istədiyi vaxt Ermənistanın sərhəddini ayaqlaya bilər

"Kreml Gümrüdəki hərbi bazasını da, Ermənistan-Azərbaycan sərhəddini qoruyan rus əsgərlərinin tərkibini də azaldıb-artırmaqda sərbəstdir"

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasındakı qoşunların bir hissəsinin Azərbaycanla sərhədə - Sünik vilayətinə (Zəngəzur) dislokasiyası nəzərdən keçirilir. Rusiya ilə Ermənistan arasındakı müqaviləyə əsasən, 102-ci bazanın əsas kontingenti Gümrüdə, qərargahı Yerevanda, təyyarələri isə Erabuni hava limanında yerləşir. Ötən gün mətbuata açıqlama verən Ermənistan Müdafiə naziri Vaqarşak Arutyunyan da bu məsələyə toxunub. Nazir bildirib ki, Yerevan və Moskva Ermənistanın şərqində 102-ci Rusiya hərbi bazasının müəyyən bir hərbi birləşməsinin yenidən yerləşdirilməsi ehtimalı üzərində işləyir.

Onun sözlərinə görə, Ermənistandakı rus sərhədçilərinə əlavə vəzifələr həvalə olunur: “Rusiya sərhədçilərinə Ermənistan-Azərbaycan sərhədinin təhlükəsizliyini və qorunmasını təmin etmək üçün əlavə funksiyalar həvalə edilib. Şübhə etmirəm ki, dövlətlərimizin sərhəd xidmətləri arasında sıx və təsirli qarşılıqlı əlaqə mövcuddur. Ermənistandakı rus sərhədçilərinə verilən bütün tapşırıqların ən yüksək səviyyədə yerinə yetiriləcəyinə əminəm”. Arutyunyan bəyan edib ki, Gümrüdə yerləşən Rusiya bazasının genişlənməsi və gücləndirilməsi məsələsi hər zaman Ermənistanın marağında olub. Nazir qeyd edib ki, Gümrü bazası Ermənistan və Rusiya Silahlı Qüvvələrinin Birgə Silahlı Qruplaşmasının tərkibinə daxildir: “Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən regionda mövcud hərbi-siyasi reallıqlar nəzərə alınıb və bazanın güclənməsi, silahlandırılması istiqamətində düzgün addımlar atılıb. Əminəm ki, bu məsələ uzunmüddətli xarakter daşıyır”. Ekspertlərin fikrincə, bununla ruslar Türkiyəyə, daha doğrusu, NATO-ya qarşı ikinci cəbhədə mövqelənməyi planlaşdırır. Onların fikrincə, Ermənistanda rus ordusunun saxlanılmasının ana hədəfi NATO, yəni Türkiyə ilə sərhəd xətti qurmaq olub. Qarabağ müharibəsi ilə Türkiyənin Azərbaycana gəlişi ruslara görə NATO-nun da gəlişi deməkdir. 102-ci bazanın bir hissəsini Azərbaycanla sərhədə yerləşdirmək planı da uzaq perspektivli hədəf kimi bölgədə Hərbi Alyansa qarşı ikinci sərhəd xəttini yaratmaqdır. Bu, rusların bölgədə çətin vəziyyətə düşdüyünün başqa bir nümunəsidir.

AMİP sədri Arzuxan Əlizadə “Şərq”ə bildirib ki, Ermənistanın 102-ci hərbi bazanı genişləndirmək niyyəti ilk növbədə bu ölkənin qondarma dövlət olduğunun, müstəqilliyini Rusiyaya həvalə etdiyinin göstəricisidir. Partiya rəhbərinin sözlərinə görə, əgər bir ölkənin sərhədlərini rəsmi şəkildə rus sərhədçiləri mühafizə edirsə, Yerevanın nəyəsə iddia etmək, suverenlikdən danışmaq haqqı yoxdur:

“Əslində Gümrüdəki hərbi bazanın kontingentinin artırılması yeni məsələ deyil. Həm də bu o qədər əhəmiyyət kəsb etmir. Yerevanla Moskva arasındakı hərbi sazişə görə, Rusiya istədiyi vaxt öz qoşunları ilə Ermənistan sərhəddini ayaqlaya bilər. Buna ermənilər özləri razılıq veriblər. Rusiya Gümrüdəki hərbi bazasını da, Ermənistan-Azərbaycan sərhəddini qoruyan rus əsgərlərinin tərkibini də azaldıb-artırmaqda sərbəstdir. Düzdür, Ermənistan müxalifəti hərbi bazanın mövcudluğunu və tərkibin artırılmasını özləri üçün təhlükə sayır, bu addımı Ermənistanın “suverenliyinə” müdaxilə kimi görürlər. Amma bu məsələdə yekun qərarı Rusiya verir. Yerevan isə heç bir səlahiyyətə malik deyil”. 

A.Əlizadə vurğulayıb ki, Ermənistanın şərq bölgələri tarixi Azərbaycan torpaqlarıdır. Biz həmin ərazilərə də iddialıyıq:

“Zəngəzurun Azərbaycana məxsus olduğunu ermənilər özləri də etiraf edirlər. Vaxtı ilə Naxçıvanı bizdən ayırmaq üçün Zəngəzuru məqsədyönlü şəkildə qondarma dövlət olan Ermənistana veriblər.

Bilirsiz ki, artıq həmin bölgədə kommunikasiyaların bərpası işinə ciddi hazırlıq gedir. Tezliklə nəqliyyat dəhlizləri fəaliyyətə başlayacaq. Qardaş Türkiyə bu prosesin içində, daha dəqiq desək, mərkəzindədir. Azərbaycan da 1990-cı illərin zəif ölkəsi deyil. Güclü iqtisadiyyata, sarsılmaz hərbi qüdrətə malik bir dövlətik və nəyə qadir olduğumuzu 44 gündə düşmənə və onun arxasında duranlara göstərmişik”. 

Politoloqun qənaətincə, Ermənistan sərhədlərini rus qoşunlarının qoruması və hərbi bazanın genişlənməsi Azərbaycan üçün yeni və əlavə təhlükə sayılmır: “Rusiya ilə bağlı narahatlığımız, indiyə qədər mövcud olan risk hansı miqyasda idisə, indi də eyni ölçüdədir. Azərbaycanın tarixi torpaqlarını tam mənası ilə düşməndən azad etmədiyimiz müddətcə, narahatlığımız davam edəcək.

Kremlin və təxribatçı Ermənistanın niyyəti bizə bəllidir. Düşmənimizi də, dostlarımızı da yaxşı tanıyırıq. Əslində hərbi kontingentin sayını artırmağı düşünən Rusiya ermənilərin yox, özünün maraqlarını güdür.

Mesaj göndərir ki, “Cənubi Qafqazda əsas söz sahibi Moskvadır və bu mövqeni əldən verməmək üçün hər şeyi etməyə hazırdır”. Lakin Azərbaycan-Türkiyə qardaşlığı və ortaq fəaliyyəti bizimlə bağlı istənilən təhlükəni önləyən əsas faktorlardan biridir.

Buna rəğmən, istənilən halda hər cür təhlükəyə və təxribata hazırlıqlı olmalıyıq”.