Qarabağdakı abidələrimizin erməniləşdirilməsinin "sirri" açılmalıdır

"Daha çox siyasiləşdirilən bu abidələr muzeyə çevrilməlidir"


44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan məkrli düşmən tarixi saxtakarlıqlarını davam etdirməkdədirlər. Lakin heç kəsə sirr deyil ki, tarixi həqiqətlər  tamamilə gizlədilə bilməz. Bir faktı qeyd edək ki, hələ 1918-1919-cu illərdən başlayaraq Qarabağda arxeoloji qazıntılar aparılır. Aparılmış arxeoloji ekspedisiya zamanı erməni alim-şərqşünas, arxeoloq İosif Orbeli Qarabağdakı monastır və kilsələri, xüsusilə də Gəncəsər monastırı üzərindəki 1000-dən çox kitabəni tədqiq və təsvir edib.

Tədqiqatlarının nəticəsini o, 1919-cu ildə Sankt-Peterburqda kitab formasında nəşr etdirir. “Gəncəsər və Havotsptuk yazıları” adlı kitabında alim milliyyətcə erməni olsa da, bir çox erməni saxtakarlıqlarını ifşa edir. Belə ki, müəllif kitabında Gəncəsər monastırının divar plitələri üzərindəki yazılardan söhbət açır. Araşdırma zamanı alimə aydın olub ki, XIX əsrdə Qarabağdakı monastırların və kilsələrin əvvəlki divar təsvirlərinin əksəriyyəti erməni alimləri tərəfindən saxtalaşdırılıb.

Alim açıq şəkildə təsdiqləyib ki, XVIII əsrin əvvəlində Alban Apostol Kilsəsi erməni kilsəsindən asılı olmayıb. Yəni tamamilə müstəqil olub. Erməni alim qeyd edib ki, hətta monastırın xarici divarlarının daş plitələri üzərindəki yazılarda çox sayda türk sözləri var. Orbelin fikrincə, bu, Orta əsr alban irsində türk mədəniyyətinin əhəmiyyətli rolunu, qədim Qarabağın, o cümlədən bu monastırın tarixində türk elementinin rolunu göstərir. Hətta İosif Orbeli heç yerdə “Ermənistan” və ya “erməni” sözlərinə rast gəlmədiyini də vurğulayıb. 

Tarixçi, tədqiqatçı Elmar Həsənli "Şərq"ə açıqlamasında vurğulayıb ki, ermənilərin Qarabağda  Azərbaycan izlərini silmək məqsədilə dağıtdıqları tarixi-dini abidələrin sayları yüzlərlədir. Ekspert bildirib ki, ermənilər tərəfindən dağıdılmış abidələri saymaqla bitməz:

"Hazırda ermənilər öz havadarları ilə birlikdə xristian abidələrinin qorunması ilə bağlı “narahatlıq”larını ifadə edirlər. Lakin ermənilərin bu vəhşilikləri törətməsi, bizim isə Bakıda erməni kilsəsini bir abidə olaraq qorumağımız dünya mədəni irsinə necə yanaşmağımızın nəticəsidir. Dağlıq Qarabağ ərazisində xristian memarlığının yüksək səviyyədə olmasına dəlalət edən ən çox dini tikililər – monastırlar, kilsələr, bazilikalar, məbədlər XII-XIV əsrlər arasındakı dövrə təsadüf edir.

Yeni kilsələr məhz bu dövrdə inşa edilib. Ümumiyyətlə, Qarabağ bölgəsində bir çox dini və tarixi abidələrimiz olub. Misal olaraq, Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndində iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri xüsusilə qeyd olunmalıdır. Bundan başqa Laçın rayonunda yerləşən Ağoğlan monastrı, Kəlbəcər rayonunda Xudavəng monastrı və s. adlarını çəkə bilərik.

Bu günləri bu abidələrimizin və məscidlərimizin bir çoxu dağıdılıb və məhv edilib. Həmin tarixi yerlərimizin bərpası təbii ki, bu günlər mümkündür. İstər çar Rusiyası, istərsə də Sovet Rusiyası dövründə ermənilər həmin dini tarixi abidələri restavrasiya adı altında saxtalaşdırıblar. Tarixi mənbələr və faktlar əsasında həmin abidələri yenidən öz əvvəlki vəziyyətinə qaytarmaq mümkündür. Bu işə ilk növbədə peşəkar tarixçi və memarlar cəlb edilməlidir". 

E.Həsənli qeyd edib ki, Qarabağda yerləşən abidələri iki yerə bölmək olar:

"Birincisi, islamdan qabaq. İkincisi isə islam dövrü abidələri, yəni xristian və islam dini abidələri. Bizim bu gün problemimiz xristian dini abidələri ilə bağlıdır. Təbii ki, bunlar bizim dini miraslarımızdır. Biz bu mirası heç kimə verməməliyik. Bəzi dairələrə bu abidələrin tarixən kimə məxsusluğu yox, onun siyasi tərəfi maraqlıdır. Ona görə də bu məsələdə çox həssas olmalıyıq. Məsələn, daha çox siyasiləşəndə bu dini abidələri muzeyə çevirmək daha məqsədəuyğundur. Hesab edirəm ki, onlar daha çox muzey kimi istifadə edilməlidir. Qeyd edim ki, Qarabağda daha çox orta əsrlər dövrünə aid abidələr üstünlük təşkil edir. Daha çox üstünlük təşkil edənlər isə xristian dininə aid abidələrdir".

Tarixçi-alim əlavə edib ki, Qarabağda Alban memarlığını özündə əks etdirən IV-XVI əsrlərə aid bir neçə Alban kilsəsi də bizim dövrə qədər gəlib çatmışdır:

"Onlar arasında Laçın rayonunda yerləşən Ağoğlan monastrı, Kəlbəcər rayonunda Xudavəng monastrı, Xocavənd rayonunda Amaras monastrı, Ağdərə rayonunda Müqəddəs Yelisey məbəd kompleksini, Ağdərə rayonunda Gəncəsər monastrı və digərlərini göstərmək olar. İntibahın rəmzi 1216-1238-ci illərdə tikilmiş Gəncəsər monastırıdır. Monastr altı əsr ərzində – 1836-cı ilədək müstəqil Alban knyazlığının dini mərkəzi, son Alban katolikoslarının iqamətgahı olub. Memarlıq və inşa planına görə, o, Xudavəng monastırının kilsəsi formasındadır. Xocalı və Xocavənd ərazilərinə gəlincə, qeyd edim ki, həmin ərazilər tarixən bizim ərazilərdir. Təbii ki, Xocalı, Xocavənd və Xankəndində  abidələrimiz məhv edilib və saxtalaşdırılıb. Çox təəssüf ki, dünya dövlətləri bu faktlara laqeydcəsinə yanaşır. Hesab edirəm ki, nə zaman ki, həmin ərazilərin idarəçiliyi tam olaraq Azərbaycan dövlətinin nəzarətinə keçəcək, bax o zaman həmin ərazilərdə yerləşən abidələrə tam nəzarət edə və qoruya biləcəyik".