Çin olimpiadadan məhrum ola bilər


“Guardian” qəzeti Kanada parlamentinin Çinin uyğurlara qarşı siyasətini soyqırımı kimi qiymətləndirən qanunu təsdiqlədiyini yazıb. 266 deputat soyqırımın tanınmasını dəstəkləyib, layihənin əleyhinə isə səs verən olmayıb.
Buna baxmayaraq, Kanadanın baş naziri Castin Trüdon qanunun qəbul edilməsini dəstəkləməyib. Baş nazir və Nazirlər Kabinetinin üzvləri səsvermədə iştirak etməyiblər.
Görünür, baş nazir bununla Pekinə mesaj göndərmək istəyib ki, şəxsən o Çinlə münasibətlərin davam etməsini istəyir. Halbuki, Kanada parlamentindəki müxalif mühafizəkarlar uyğurlara dəstək ifadə ediblər. Maraqlıdır ki, qanunun lehinə hakim Liberallar Partiyasını təmsil edən deputatlar da səs veriblər. Partiyanın 72 deputatı isə səsvermədə iştirak etməyib.

Kanada parlamenti bununla kifayətlənməyərək Beynəlxalq Olimpiya Komitəsinə müraciət qəbul edib. Sənəddə vurğulanıb ki, uyğurlara qarşı soyqırımı davam edərsə, 2022-ci il Çində keçiriləcək olimpiadanıın yeri dəyişdirilməlidir.

Prosesləri “Sherg.az”a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Kanadadan əvvəl ABŞ və Böyük Britaniya da Çinə qarşı oxşar sənədlər qəbul etmişdilər:

“Kanada parlamentinin qərarı Pekində narazılıqla qarşılanıb. Çinin Kanadadakı səfiri deyib ki, parlamentin qərarı iki ölkə arasındakı münasibətlərə mənfi təsir edə bilər. Səfirin sözlərinə görə, Kanada Çinin daxili işlərinə qarışı və guya Çində uyğur problem yoxdur. Halbuki, Kanadanın özündə Çindən qaçan uyğurlar var ki, onlar üzləşdikləri zülmlə əlaqədar açıqlamalar veriblər. Pekin uyğurları zorla saxladığı “əmək düşərgələri” məsələsinə də aydınlıq gətirə bilmir. Bunun izahı yoxdur. 

Rəsmi məlumata görə, Çində 11 milyon uyğur türkü yaşayır. Ölkə hökuməti onlara qarşı sistematik təqib siyasəti yürüdülür. 2017-ci ildə Çinin Sincan-Uyğur Muxtar Rayonunda uyğurlar üçün siyasi-ideoloji təlim düşərgələri açılıb. BMT-nin məlumatına görə, bu düşərgələrdə 1 milyondan çox uyğur türkü saxlanılır. Rəsmi Pekin orada sadəcə Çin dili və mədəniyyətinin öyrənilməsi, həmçinin peşəkar hazırlıq kurslarının keçirildiyini iddia edir. Bununla belə, Çin orada uyğurların vəziyyəti ilə bağlı dünya ictimaiyyətinə ətraflı məlumat verməkdən çəkinir. Xeyli sayda məşhur uyğur alim, sənətkar və peşəkar idmançıların həmin düşərgələrdə saxlanıldığı güman edilir. Rəsmi Pekin uyğurların türk əsilliyini şübhə altına qoymaq üçün aktiv təbliğat aparır”.

Pekinin qərara verməli olduğunu deyən politoloq vurğulayıb ki, Çin hakimiyyəti ya uyğurlara təzyiqləri dayandırmalı və “əmək düşərgələrini” ləğv etməlidir, ya da müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini daha da gərginləşdirməlidir:

“Çin hakimiyyətin son günlər ABŞ-ın keçmiş prezidenti Donald Trampı itiham edir ki, iki ölkə arasındakı münasibətlərin gərginləşməsində Ağ Evin keçmiş sahibinin rolu olub. Ancaq Ağ Evdə kim olursa-olsun bundan sonra uyğur zülmünə göz yummayacaq, Respublikaçılar və Demokratlar Partiyası Çinə qarşı sanskiyaların tərəfdarıdırlar. ABŞ-ın hazırki prezidenti Co Bayden də Pekinlə münasibətlər qurmağa çalışsa da, Çinin uyğun siyasətinə seyrçi qalmayacaq”.