Gör, musiqi bir yaraşır harama? - “Bu restoran müştərini mahnı ilə “soyur” - Fotofakt

“Xəbərdarlıq edilmədən əlavə ödəniş tələb etmək istehlakçı hüquqlarının pozulmasıdır”

“Əlbəttə, bu, vətəndaşlarda ikrah, qəzəb və haqlı narazılıq yaradacaq”


Məlum olduğu kimi, bəzi restoran və kafelərdə müştərilərə həm də canlı musiqi xidməti göstərilir. Əlbəttə, bu, daha çox adam cəlb etmək, fərqlənmək naminədir. Amma ataların dediyi kimi, gərək “qaş düzəldəndə göz çıxartmayasan...”



Belə ki, bu günlərdə sosial şəbəkələrdə yayılan foto müzakirələrə səbəb olub. Kafelərin birində müştəriyə təqdim edilən hesab kağızında musiqinin də qiyməti göstərilib. Özü də nə az, nə çox- beş manat. Nəticədə həmin mahnıdan alınan zövq adamın, az qala, burnundan gəlir. Bəs müştərinin üstündə kifayət qədər vəsait yoxdursa?



 İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a açıqlamasında sözügedən məsələyə tənqidi münasibət bildirdi: 

“Əgər bu barədə müştəriyə əvvəlcədən xəbərdarlıq edilsə, onda heç bir problem yoxdur. Dünya ölkələrində analoji təcrübə var. Bəzən hesabın müəyyən faizi qədər əlavə vəsait alınır, bəzən də müştəri könüllü olaraq mahnı sifariş edir və musiqiçilərin pulunu ödəyir.

Yəni istənilən halda müştəri üçün gözlənilməzlik olmur.

Heç bir xəbərdarlıq edilmədən insanlardan əlavə ödəniş tələb etmək isə, ən azından istehlakçı hüquqlarının pozulmasıdır. Əlbəttə, bu, vətəndaşlarda ikrah, qəzəb və haqlı narazılıq yaradacaq”.