Ağ örpəyə bürünən Bakının qara günü – Qar yox, dərd "yağır"

“Ölkəmizdə qar yağan kimi hər kəs özünü itirir, müvafiq problemlər yaranır”

“Bu dəqiqə küçədəyəm, yollar buz bağlayıb, maşınların hər biri sürüşür”

“Yağış yağanda kanalizasiyalar dolur, küçələrdən sel axır, qar yağanda isə Allahın ümidində gözləyirik ki, qaz və işıq nə zaman veriləcək?”



Dünəndən etibarən ölkəmizdə hava şəraiti kəskin pisləşib, temperatur aşağı düşüb və yollar buz bağlayıb. Bakıda havanın temperaturu 4 dərəcəyədək düşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu gecə havanın temperaturu 9 dərəcəyə yaxınlaşacaq. Hər zaman olduğu kimi bu dəfə də qarlı hava şəraiti özü ilə problemlər gətirib. Bakının qara hazır olmadığının bir daha şahidi olduq.

Yollarda qalan avtomobillər, qaz və işıqların kəsilməsi və.s əngəllər var. Dünəndən etibarən müvafiq qurumlar açıqlama verib qar və şaxtla hava şəraitinə “hazır” olduqlarını bildirirlər. Amma mövcud hava şəraiti vətəndaşları çətin duruma salıb.



AVCİYA-nın Seçki Qərargahının rəhbəri  Məhərrəm Zülfüqarlı “Sherg.az”a açıqlamasında bildirib ki, hər zaman qarlı hava şəraiti Azərbaycanda bir sıra problemə yol açır:

“Nə qədər çağırışlar etsək də, heç bir xeyri yoxdur. Azərbaycan elə bir coğrafi mühitə malikdir ki, ölkəmizdə elə də qarlı hava və covğunlu qış olmur. 6-7 ay qar yağan ölkələrə nəzər yetirək.

Bu gün Azərbaycandakı hava şəraiti həmin ölkələrdə adi haldır. Qışda qar və yağış yağar, dolu düşər, lakin ölkəmizdə qar yağan kimi hər kəs özünü itirir, müvafiq problemlər yaranır.

Bu da onu göstərir ki, məsul olan şəxslərin hamısı köhnə qayda ilə işləyirlər, “gözdən pərdə asmaq” üçün qar yağan kimi bir-iki maşın göndərirlər ki, yolları açsınlar. Amma bu dəqiqə küçədəyəm, yollar buz bağlayıb, maşınların hər biri sürüşür.

Normal yanaşma olsa, əhali heç bir çətinlik çəkməz. Azərbaycanda xüsusilə Bakıda bu işə məsul olan şəxslər ucbatından hər dəfə qar yağanda problemlər yaşanır.

Yağış yağanda kanalizasiyalar dolur, küçələrdən sel axır, qar yağanda isə Allahın ümidində gözləyirik ki, qaz və işıq nə zaman veriləcək? Belə olmalı deyil. Azərbaycan xalqı qəhrəman xalqdır, böyük bir qələbə qazanmışıq.

Təsərrüfat işlərini idarə edən şəxslər isə xalqa layiq olmalıdır. Kimlər layiq deyilsə, həmin şəxslər işdən azad edilməlidir”.