Məlik Dadaşov erməni obrazını elə canlandırıb ki...

"...Onu küçədə görənlər daş-qalaq edir, xəsarət yetirməyə çalışırdılar"

Rasim Balayev: "Baxmayaraq ki, mən onu tanıyırdım, onun həmin rolunu görəndə adamda nifrət hissi oyanırdı"


Azərbaycanın teatr və kino aktyoru Məlik Yusif oğlu Dadaşov 1924-cü il iyunun 7-də Bakı şəhərində doğulub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə başlayıb.

Məlik Dadaşov Xalq artisti idi. Doğrudan da, xalq onu çox sevirdi. Hətta bəzən onun yaratdığı qəhrəmanların ifadələri xalqın dilinə düşürdü. Elə Qəmlonun, ("Axırıncı aşırım") Kərbəlayi İsmayılla dialoqlarındakı ifadələrini xatırlayın. Yəqin ki, "Abbasqulu bəyin nazı ilə çox oynayırıq a, Kərbəlayi" ifadəsi hamıya yaxşı tanışdır. Elə həmin filmdəki Qəmlo obrazı Məlik Dadaşovu xalqa tanıtdı.

Bundan sonra bir çox filmlərdə rol alan məşhur aktyor "Atayevlər ailəsi", "Bir qalanın sirri", "Bizim küçə", "Böyük dayaq", "Dağlarda döyüş", "Dəli Kür" və s. filmlərdə əvəzolunmaz obrazlar yaradıb. 

M.Dadaşov bir gün rejissor və aktyor Ceyhun Mirzəyevin çəkəcəyi filmə - Qarabağ müharibəsinə, xüsusilə də Xocalıdan bəhs edən "Fəryad" filminə dəvət alır.

Aktyora burada erməni rolunu ifa etmək tapşırılır. O, əvvəlcə etiraz edir, hətta deyir: "Mən bununla bütün xalqın sevgisini itirə bilərəm". Lakin bir qədər sonra filmə çəkilməyə razılıq verir.

Vaqif Mustafayevə məxsus olan filmin senarisi o qədər təsirli olur ki, filmin rejissoru Ceyhun Mirzəyev filmin çəkilişlərindən sonra montaj işləri zamanı vətən həsrətinə dözməyib ürəyi partlayaraq dünyasını dəyişir. Öz filmini görə bilmir...

Məlik Dadaşov isə filmdə "Xaçaturyan" obrazını canlandırır. Oynadığı rolda peşəkarlıq göstərən aktyor məhz bu filmdə ermənilərin iç üzünü açmağı bacarmışdı. Onların necə bir qaniçən, uşaq qatili olduğunu öz rolu ilə "Fəryad" filmində xalqa çatdırmışdı.

Film 1993-cü ildə təqdim ediləndən sonra Məlik Dadaşova xalq tərəfindən təzyiqlər gəlir, onu küçədə görənlər daş-qalaq edir, xəsarət yetirməyə çalışırdılar. Hətta "Fəryad" filmindən sonra erməni diasporu Məlik Dadaşova "Ermənistanın xalq qəhrəmanı" adını vermişdi.

Aktyor isə Azərbaycan Televiziyası vasitəsilə bəyan etmişdi ki, o, bu titulu qəti şəkildə qəbul etmir.

Rolunu necə mükəmməl şəkildə oynadığını bilsə də, bu hadisədən sonra Məlik Dadaşov özünü çox pis hiss edirdi. Elə filmin çəkilişindən 3 il sonra, 1996-cı ilin 2 dekabrında məşhur aktyor, Azərbaycan kinosunun "Qəmlo"su Məlik Dadaşov həyata əbədi gözlərini yumur...

Onun haqqında Azərbaycanın Xalq artisti, məşhur aktyorumuz Rasim Balayev "Şərq"ə danışdı: "Məlik Dadaşov çox gözəl aktyor idi. Baxmayaraq ki, mən onu tanıyırdım, onun həmin rolunu görəndə adamda nifrət hissi oyanırdı. Yəni çox gözəl oynamışdı rolunu.

Uzaqdan tanıyırdım, onunla tərəf-müqabili olmasam da, onun cavanlıqda teatrda oyunlarına, kinolarına baxmışam.
Qəmlo, Dəli Kürd və s. filmlərdə məharətlə rol oynayıb.

Onun teatrda da böyük xidmətləri olub. Ömrünün sonuna yaxın Fəryad filmində erməni rolunu oynadı".

Ağarza Elçinoğlu