Bakı bir günün qışına dözmədi

Avtomobillərin hərəkəti  dayandı, insanlar yollarda qaldı, evlər zülmətə döndü

"Səlahiyyətli şəxslər isə televiziyaya çıxıb yalan-palan danışdılar. Guya, filan qədər texnika işlədi, yollar açıldı"


Gecədən yağmağa başlayan qar Bakı şəhərində xeyli fəsadlar törədib. Bildirilir ki, Bakıda çovğunla müşayiət olunan qarın hündürlüyü 20 sm hündürlüyündədir.
Anormal hava şəraiti hələ də davam edir, aidiyyəti qurumlar vəziyyəti nəzarətə almaqda çətinlik çəkirlər. Ümumiyyətlə, şəhərdə xidməti texnikaları görmək olmur.

Belə hallarda iş görməli olan qurumlar sadəcə əhaliyə xəbərdarlıq və tövsiyələrlə kifayətlənirlər.
Buna baxmayaraq, bəzi qurumlar daxil olan çoxsaylı şikayətlərdən nəticə çıxararaq gec də olsa fəaliyyətlərini tam şəkildə bərpa ediblər. "Azərişıq", Fövqəladə Hallar Nazirliyi, "Azəriqaz", Dövlət Yol Polisi və s. orqanlar gücləndirilmiş iş rejiminə keçib.

Bu qurumlar ayrı-ayrı məlumatlar və xəbərdarlıqlar ediblər. Ən əsası isə odur ki, xəbərdarlıqlarla yanaşı, əhalinin şikayətlərini də adekvat həll edirlər.
"Azərişıq" ASC xəbər verir ki, Bakı şəhəri və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub: "Ötən gün axşam saatlarından başlayaraq gecə-səhərədək və hazırda da əməkdaşlarımız fasiləsiz olaraq ərazidə xidmətlərini davam etdirir.

Bəzi ərazilərdə buzlaşma və yüklənmə səbəbindən baş vermiş qısamüddətli açılmalar Qəza xidmətinin əməkdaşları tərəfindən aradan qaldırılır. Bir neçə ünvanda isə işlər davam edir və ən qısa vaxtda elektrik enerjisi təchizatı bərpa olunacaq".

“Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib ki, səhər saatlarından "Azəriqaz"ın çağrı mərkəzinə 1200 müraciət daxil olub: "Zənglər daha çox Xəzər, Sabunçu, Binəqədi rayonlarından daxil olur.
Bu da onunla bağlı idi ki, qazın təzyiqində müəyyən qədər azalmalar var. Əlbəttə, rejimlərin normal səviyyədə dərhal tənzimləmə işinə baxıldı və müvafiq olaraq onlar icra olundu”.

C.Səfərov qeyd edib ki, yaranmış vəziyyətlə bağlı “Azəriqaz" İstehsalat Birliyi gücləndirilmiş iş rejimində çalışır.
DYP də məsələnin ciddiliyinin fərqinə vararaq əhaliyə bir sıra müraciətlər edib, yollarda problemləri aradan qaldırmağa, eyni zamanda vəziyyəti ələ almağa müvəffəq olublar: "Bakı şəhərində qarlı hava şəraiti davam edir. Şaxtanın olması bəzi ərazilərdə riski artırır. Dövlət Yol Polisinin bütün şəxsi heyəti səfərbər edilərək əraziləri tam nəzarətə götürməklə xidmət təşkil edib. Yollarda təhlükəsizliyin təmin edilməsi, nəqliyyat vasitələrinin intensiv hərəkətinin təşkil edilməsi ilə bağlı Dövlət Yol Polisinin, Bakı Şəhər İcra Hakimiyyətinin və "Azəravtoyol"un texnikaları ilə birgə yolların təmizlənməsi prosesi davam etdirilir".

Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, təkcə səhər 26 qəza halı baş verib: "Bu səbəbdən də, xahiş edirik ki, mümkün qədər şəxsi avtomobildən istifadə etməyin, ictimai nəqliyyata üstünlük verin. Unutmayın ki, təhlükəsizliyin təmini hər bir hərəkət iştirakçısının özündən asılıdır.

Səhər saatlarında maddi zərərlə nəticələnmiş 26 yol-nəqliyyat hadisəsi baş verib. Sürücülər öncədən yolun sürüşmə ehtimalının olmasını bilməli və avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılmasını sürətlər qutusu hesabına aparmalıdır".

Sürüşmə varsa, təkərlərin təzyiqini aşağı salmaqla əyləclər qutusunun hesabına hərəkət edilməlidir ki, nəqliyyat vasitəsinin sürüşməsinin qarşısı alınsın. Sürücülər yol nişanlarının tələblərinə, tənzimləyici-texniki vasitələrin göstəricilərinə düzgün riayət etməyə borcludurlar" - deyə V.Əsədov əlavə edib.

O bildirib ki, belə hava şəraitindən asılı olmayaraq sürücülər dövlət nömrə nişanları və işıq cihazlarının da təmiz saxlanılmasına şərait yaratmalıdır. Əks halda, inzibati xəta tərkibi yaranar və bu da sürücünün məsuliyyətə cəlb edilməsinə səbəb ola bilər.

Son məlumatlara əsasən kəskin hava şəraiti ilə əlaqədar Bakı şəhərində 27 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb. Onlardan 13 nəfəri kişi,14 nəfəri isə qadındır. Qeyd edək ki, məlumat Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilib.
Oxşar hadisələr sənaye şəhəri sayılan Sumqayıtda da yaşanıb. Belə ki, Sumqayıtda qarlı hava ilə əlaqədar 9 nəfər yıxılaraq sınıq xəsarəti alıb, 7 nəfər isə əzilib.

Bu qədər xəsarətlərə və Bakının iflic hala gəlməsinə baxmayaraq, rəsmi qurumlar hər şeyin nəzarətdə olduğunu, təchizatda heç bir problemin yaşanmadığını bildirirlər.

Qeyd edək ki, qeyri-sabit hava şəraiti nəqliyyatın fəaliyyətinə də ciddi təsir göstərib. Hazırda Bakı şəhərində bəzi avtobuslar sxem üzrə tam hərəkət edə bilmir. Marşrutların bir hissəsi isə yolların buz bağlamasından dolayı, ümumiyyətlə, xəttə buraxılmayıb.
Bakı Nəqliyyat Agentliyi və Bakı şəhər İcra Hakimiyyətinin məsələyə məsuliyyətsiz, eləcə də qeyri-ciddi yanaşması səbəbindən indiyədək 26 yol-nəqliyyat hadisəsi baş verib.

Qəza hadisələri paytaxtla yanaşı, Bakı-Qazax magistralı boyu da baş verib. Onlardan ən dəhşətlisi isə yolun Ələt hissəsində qeydə alınıb. Belə ki, zəncirvari qəza nəticəsində 20 avtomobil toqquşub. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Maşınlara isə ciddi ziyan dəyib.
Havanın kəskin dəyişməsi, əsasən, Bakı məktəblərində davamiyyəti aşağı salıb.
Bundan əlavə, mövcud durumla əlaqədar şəhərin müxtəlif ərazilərində sığınacaqlar qurulub. Ehtiyacı olan şəxslər üçün bütün şərait yaradılır. Çadırlar qarlı hava şəraitinin bütün günlərində açıq olacaq.

Qeyd edək ki, çadırlar Nərminov rayonu - metronun çıxışı, Yasamal rayonu - İnşaatçılar metrosunun çıxışı, Binəqədi rayonu - Azadlıq metrosunun çıxışı, Sabunçu rayonu - Fətəliyev küçəsi, İmam Rza məscidinin yanında və Xəzər rayonu ərazisində quraşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən açıqlamaya görə, hazırda 2012-ci ildən sonra Bakı şəhərində son 9 ilin ən soyuq fevral ayı yaşanır.
Nəzərə çatdıraq ki, anormal hava şəraiti fevralın 25-i səhər saatlarından başlayaraq qismən mülayimləşəcək, tədricən kəsəcək.
Gündüz hava yağmursuz keçəcək. Mülayim əsən şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək.

Vəziyyətlə bağlı "Şərq"ə danışan tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlı dedi ki, qarın yağması təbii hal olsa da, bizim rəsmi qurumlar onu olmayacaq şey kimi qiymətləndirib öhdəsindən gələ bilmirlər:

"Adətən rəsmi qurumlar müsahibə verəndə çox rahatlıqla qışa hazır olduqlarını, texnikalarının saz vəziyyətdə olduğunu deyirlər.

Keçən il Bakıya heç normal qar da yağmadı.

Düzdür, onlar qarı anormal hadisə hesab edir. Amma qarın qışda yağması çox normal haldır. Bütün xəstəlikləri məhv edir.
Çox təəssüf ki, bizim rəsmi qurumlar bir dəfə qar yağmasının qarşısında da zəiflik göstərirlər.

Bu da onların öz işlərini layiqincə təmsil edə bilməməsindən irəli gəlir.

Axşam televiziyaya baxın. Hamısı müsahibə verəcək ki, filan qədər texnika cəlb etdik, yolları açdıq və s. Yəni bu saxta bir yanaşmadır. Bundan yaxa qurtarmaq lazımdır.

Azərbaycanda islahatlar gedir. Mənə elə gəlir ki, bu işə də diqqət yetirmək lazımdır ki, insanlar yağışda, qarda bu cür çətinliklərlə üzləşməsinlər".
İctimai xadim belə halların başqa ölkələrdə aylarla davam etdiyini, aidiyyəti qurumların da onun öhdəsindən məharətlə gəldiyini dedi: "Bu cür hava şəraiti başqa ölkələrdə 6-7 ay davam edir. Normal işləyirlər, məktəbə gedirlər.

Bizdə isə əksəriyyət nə işə gedə bildi, nə də məktəbə...
Yollarda maşınlar hərəkət edə bilmədi. Bu da həmin işlə məşğul olan qurumların məsuliyyətsizliyinin nəticəsidir".

Ağarza Elçinoğlu