Ermənistanda dövlət çevrilişi gözlənilir

Paşinyan da artıq rəqibləri ilə mübarizə prosesində zor, güc amilinə üstünlük verir

Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının sədri, hakim "Mənim addımım" fraksiyanın üzvü Andranik Koçaryan ölkə müxalifətini təhdid edib. O, dolayısı ilə dövlət çevrilişinə cəhd olacağı təqdirdə polisin təxribatçılara atəş açmaq hüququnun olduğunu bildirib.
Müxalifətin insanları hakimiyyəti qiyamla ələ keçirməyə hazırlaşmasına gəlincə, Koçaryan dövlətin öz vətəndaşlarını hər bir vasitə ilə qorumağa hazır olduğunu deyib. O, həmçinin dövlətin kimlərisə işdən çıxarma hüququna sahib olduğunu da xatırladıb. Xatırladaq ki, 20 fevral aksiyasından sonra müxalifət liderləri xalqın hakimiyyəti devirmək üçün mitinqlərdən əlavə "B" variantına da hazır olmasını bəyan etmişdi. Bu isə dövlət binalarının tutulması, qiyamla, zor gücü ilə hökumətin iflic vəziyyətinə gətirilməsindən ibarətdir.



Mövzuya münasibət bildirən politoloq Nurlan Qələndərli “Şərq”ə açıqlamasında bildirib ki, müharibədə Azərbaycan qarşısında ağır məğlubiyyətə uğrayan və sarsıdıcı zərbə alan Ermənistanda daxili siyasi qüvvələr arasında qarşıdurmanın pik həddə çatması əvvəlcədən proqnozlaşdırılırdı. Politoloq vurğulayıb ki, hazırkı mərhələdə vətəndaş itaətsizliyi aksiyaları və iqtidar-müxalifət toqquşması ilə müşayiət olunan proseslər bir sıra reallıqların üzərinə işıq salır:

“Bunlardan biri Paşinyanın demokratiya imitasiyasının iflasa uğraması, yaxud ağılsız diktatorun “demokrat” maskasının yırtılmasıdır. Hakimiyyətin “istefa” tələbi ilə fasiləsiz vətəndaş itaətsizliyi aksiyalarına başlayan müxalifətə qarşı repressiya tətbiq etməsi, zorakılıq metodunu siyasi mübarizə vasitəsi kimi seçməsi bu reallığın əyani ifadəsidir. Ümumiyyətlə, Ermənistanda hakimiyyət olimpində cinayətkar hərbi xuntanı əvəzləyən indiki oxlokoratiya (küçə - kütlə hakimiyyəti) ilk vaxtlar populist və demaqogiya ritorikası ilə çıxış etsə də, qısa müddət ərzində diktatura mahiyyətini nümayiş etdirməyə başlamışdı”.

N.Qələndərli əlavə edib ki, Paşinyanın rəhbərlik etdiyi antidemokratik hakimiyyət sistemi öz vədlərini inkar edən davranışlarla çıxış etməyə başlayıb:

“Daha dəqiq desək, ilk vaxtlardan etibarən legitimlik problemi yaşayan, siyasi xaos və kataklizmlərlə qarşı-qarşıya olan Paşinyan yeni tiraniya formasında mövcud olan öz hakimiyyətinin dayaqlarını gücləndirməyə çalışır. Bu məqsədlə də “demokratiya” görüntüsü altında diktatura sistemi formalaşdırmışdı. Bu gün Ermənistanda mövcud olan siyasi xaos fonunda baş verənlər bu reallığı tam təsdiqləyir. Həqiqət budur ki, vaxtilə qəsb vasitəsilə hakimiyyəti ələ alan Paşinyan siyasi rəqibləri ilə mübarizə prosesində zor, güc amilinə üstünlük verir. Ona görə də hüquq, demokratiya, sivil dəyərlər və qanun anlayışları bu hakimiyyət üçün xarakterik deyil”.