Kim razılaşmasa, “WhatsApp”ı bağlanacaq

Bu müddətdən sonra istifadəçinin profili deaktiv olunacaq və məlumatlar tamamilə silinəcək


“WhatsApp” istifadəçiləri yeni qaydaları qəbul etməmək halında ismarıc göndərmək haqqından məhrum edilməklə akkountları birdəfəlik bağlana bilər. Belə bir məhdudiyyət məxfilik qaydalarının nəzərdə tutulmuş yenilənməsinə dair açıqlamanı oxumayanlara qarşı tətbiq olunacaq. Bundan əvvəl “WhatsApp”ın bütün istifadəçiləri qarşısında həmin yeni qaydalarla tanış olub, qəbul etmək şərti qoyulmuşdu.

Qəbul edənlərin telefon nömrəsinə dair bütün məlumatlar messencerin sahibi “Facebook” şirkətinə ötürüləcək. “WhatsApp” rəhbərliyinin tətbiq etdiyi yeni qaydalara 2021-ci il 15 may tarixinədək diqqət yetirməyən istifadəçilər ismarıc oxumaq və göndərmək hüququndan məhrum olacaq. Bu istifadəçilərə zəng və ismarıclar gəlməyə davam edəcək.

Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən Azərbaycanın ən böyük texnologiya agentliyi olan "Technote" media şirkətinin təsisçisi, texnobloqer Fərid Pərdəşünas qeyd edib ki, “WhatsApp” istifadəçi və gizlilik şərtlərinə yenilənmə gətirir. Onun sözlərinə görə, bu şərtlərin mayın 15-i tarixinə qədər qəbul edilməsi məqsədəuyğundur. O əlavə edib ki, əks təqdirdə istifadəçilər bir sıra problemlərlə qarşılaşa bilər:

“İlk növbədə qeyd edim ki, “Whatsapp” yeni konfidensiallıq siyasətini qəbul etməyən istifadəçiləri məhdudlaşdıracaq. Yəni bu cür istifadəçi hesabları qəbul olunan mesajları oxuya və digər şəxslərə mesaj göndərə bilməyəcəklər. Qeyd etmək lazımdır ki, yaxın bir neçə ay ərzində messencerə yeni konfidensiallıq qaydası əlavə ediləcək və həmin qaydaya əsasən “Whatsapp” istifadəçilərinin bir sıra məlumatları “Facebook”-a ötürüləcək”.
Texnobloqer əlavə edib ki, sözügedən yeni konfidensiallıq qaydası hələ bu ay messencerə inteqrasiya edilməli idi: “Lakin istifadəçilərin kütləvi narazılıqları səbəbilə proses may ayına təxirə salındı. Məlumata əsasən, əgər istifadəçilər yeni şərtləri qəbul etməsələr, o zaman onlar qısa müddət ərzində sadəcə, messencer üzrə bildirişləri əldə edə və zənglər reallaşdıra biləcəklər. Lakin bu halda insanlar arasında mesajlaşma mümkün olmayacaq. Bildirişlərin qəbulu və zənglərin edilməsi özəllikləri isə bir neçə həftədən sonra deaktiv ediləcək. Yeni şərtləri qəbul etməmiş istifadəçi hesabları aktiv olmayan hesablar kimi qəbul ediləcəklər. Hətta yaxın həftələrdə messencerin daxilinə yeni konfidensiallıq siyasəti barəsində ətraflı məlumatı özündə əks etdirəcək banner yerləşdiriləcək”.

Fərid Pərdəşünas hesab edir ki, bu razılaşmanın qəbul edilməsi vacibdir:

“Əgər edilməsə, o zaman ancaq bildirişlər alınacaq və zənglər ediləcək. Habelə, qəbul etməyən hər bir istifadəçinin profilinə 120 günlük bir məhdudiyyət olacaq. Ona görə də, verilən müddət ərzində qərar verib, razılaşmanı qəbul etmək vacibdir. Bu qəbul edilməyəcəyi təqdirdə, 120 gün sonra istifadəçinin profili deaktiv olunacaq və məlumatlar tamamilə silinəcək. Əgər istifadəçilər razılaşmanı qəbul etmək istəmirsə, o zaman 120 gün ərzində fayllar yedəyə alınmalıdır ki, onlar silinməsinlər. Qeyd edim ki, yenilənmələr zamanı “WhatsApp” heç bir halda yazışmaları oxumayacaq və zəngləri dinləməyəcək”.