Minalanmış ərazilərin xəritəsi bizə çox lazımdır

"Əks halda Böyük Qayıdış prosesinə başlamaq, quruculuq işlərinə start vermək çətin olar"


“Ermənistanın adını doğru qoymaq lazımdır. O, terrorçu bir dövlətdir və bütün siyasətini bunun üzərində qurub”. Bu sözləri “Şərq”ə açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı deyib. Ermənistanın Qarabağda ərazilərin minalanmasını əks etdirən xəritələri verməkdən imtina etməsini dəyərləndirən professor vurğulayıb ki, ermənilərdən xoş məram gözləmək sadəlövhlükdür:

“Ermənistan ordusu minalanmış ərazilərin xəritəsini verməyəcək. Bu işdə Rusiyaya da güvənmək olmaz. Yenə də bizim təzyiq mexanizmlərimiz işə düşməlidir. Ermənistanda hərbi əsirlərlə bağlı gərginlik var. Əslində onlar hərbi əsir sayılmır.



10 noyabrdan sonra terrorçu təşkilatlar tərəfindən Qarabağa göndərilmiş başkəsənlər, terrorçulardır. Beynəlxalq təşkilatlar və bəzi ölkələr Azərbaycana təzyiq edirlər ki, onları “hərbi əsir” kimi təhvil verək. Mühakimə edilmədən erməni diversantlarını vermək doğru olmaz.

Amma danışıqlar aparmaq mümkündür. Hətta terrorçuların bəzilərini minalanmış ərazilərin xəritəsi qarşılığında qaytarmaq da olar. Yolun biri budur, lakin başqa yollar da axtarmaq lazımdır. O xəritələr bizə çox lazımdır.

Əks halda Böyük Qayıdış prosesinə başlamaq, quruculuq işlərinə start vermək çətin olar”.