Ərdoğan müxalifətə meydan oxudu

“Kılıçdaroğlu dövründə xəstəxanalar ölüləri də girov götürürdü”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısında mühüm açıqlamalar verib. Dövlət başçısı Türkiyənin daxili və xarici siyasəti ilə bağlı önəmli mesajlar səsləndirib. Həmçinin, ana müxalifəti - Cümhuriyyət Xalq Partiyasını sərt ifadələrlə tənqid edib. 
“Şərq” qəzeti “Milliyet.com.tr”yə istinadən bildirir ki, Ərdoğan CHP-ni ağızdolusu danışdığı və istismar etdiyi demokratiyadan anlayışı olmayan faşist təfəkkürlü bir partiya adlandırıb:

“CHP terrorçularla bərabərdir. Bu təşkilatda ölkənin mənafeyini güdənləri tapmaq çox çətindir. Partiyanın hansısa xüsusi planı, layihələri yoxdur. Orada demokratiya da yoxdur. Siyasi partiya olmaqdan çoxdan çıxıb və amorf bir quruma çevrilib. Partiyaya səmimi könül vermiş vətəndaşlarımıza səslənirəm. CHP uduzan tərəfdir, uğursuz seçimdir. Partiyaya məxsus bələdiyyələrin fəaliyyəti göz qabağındadır. CHP demək zibil, çala-çuxur və palçıq deməkdir. Gəlin, 2023-cü ildə Türkiyəyə həqiqi bir müxalifət də qazandıraq”. 

“Şəhidlərə görə hökumət başçısını suçlamaq həyasızlıqdır”

Ərdoğan bildirib ki, CHP-çilər həyasızcasına İraqın şimalındakı bir mağarada PKK tərəfindən şəhid edilən 13 türk vətəndaşına görə hökuməti suçlayır: “Əsgərlərimizi, polisimizi kim qaçırdı? Dağ-dərə demədən 5 il ərzində hər yeri axtardıq. Nazirləri onların ofislərinə göndərdik. Dəstək vermək əvəzinə utanmadan bizə hücum çəkdilər. Ancaq hamı bilsin ki, şəhidlərimizin qanı yerdə qalmır və qalmayacaq. Vətəndaşlarımızı sizinlə ittifaq halında olan HDP-PKK şəhid etdi. Terror təşkilatının üzvləri ilə Ankarada qol-qola gəzdiyinizi, terrorçuları müdafiə etdiyinizi nə tez unutdunuz? Əmin olun ki, arxasına düşdüyünüz terrorçuları öz yuvalarında bitirəcəyik. Artıq terrorçuların sayı 10 minlərdən yüzlərə düşüb. Tezliklə hamısı məhv olacaq”. 

"Keçmiş Türkiyədə hökumət yox idi, dövlət yox idi"

Ərdoğan deyib ki, 20 il əvvəl hər təbəqədən olan vətəndaşlar necə çətin şərtlərdə yaşadıqlarını unutmayıblar: “Keçmiş Türkiyədə hökumət yox idi, dövlət yox idi. Kamal Kılıçdaroğlu dövründə xəstəxanalar ölüləri də girov götürürdü. İndi belə xəstəxana varmı? Saysız-hesabsız müasir tibb ocaqları tikilib, vətəndaşların istifadəsinə verilib. Hər kəs dinc və rifah içində həyatını sürür. Keçmiş günləri axtaranlar milləti yenidən yoxsulluğa məhkum etmək istəyənlərdir. Allah millətimizi bu düşüncədən qorusun”. 

“İqtisadi canlanmaya ehtiyacımız var”

Prezident bildirib ki, Türkiyəni normallaşdırmaq üçün atılan addımlar kifayət etmir. Onun sözlərinə görə, addımlar Avropaya yönəlik atılmalıdır: “Yalnız o halda istədiyimiz nəticələri əldə edə bilərik. Bir müddət səngiyən beynəlxalq maliyyə və investisiya dairələrinin ölkəmizə marağı getdikcə artmaqdadır. Səhiyyə Nazirliyinin müəyyənləşdirdiyi meyarlara görə şəhərlər çərçivəsində yumşalmaya, normallaşmaya doğru gediləcək. Artıq bu çərçivədə təhsillə bağlı ilk addımlarımızı atmağa başlamışıq. İqtisadi canlanmaya ehtiyac var”. 

“İstehsalın canlandırılmasının yolu normallaşma addımlarıdır”

Türkiyə rəhbəri martın 1-dən etibarən pandemiya ilə bağlı tədricən yumşalmaya gedəcəklərini açıqlayıb: “İstehsalın canlandırılmasının yolu normallaşma addımlarıdır. Nəzarətsiz bir normallaşmaya müraciət etsək, artan xəstəlik və ölüm səbəbindən daha sərt tədbirlər həyata keçirəcəyimiz qaçılmaz olacaq. Ona görə də mərhələli yumşalmaya üstünlük veririk. Kredit kooperativlərinin sayını 180-dən 500-ə çatdırmağa qərar verdik. Lazım gələrsə, bu rəqəmləri daha sonra 1000-ə çatdıracağıq. Bu dövlətin borcudur. Millətimizi ruhdan salmağa, ticarətçilərimizi təhrik etməyə və insanları bir-birinə qarşı qoymağa fürsət vermədən bu problemli prosesi bitirməyə qərarlıyıq”.