Hər qarış torpaq təhlükəlidir

Basdırılan minalara 340 milyon dollar xərclənib

"İsrarla Ermənistandan minalanmış ərazilərin xəritəsi tələb olunmalıdır"


Dmitri Vinoqradov “Svobodnaya pressa”da nəşr olunan “Qarabağın ucsuz-bucaqsız mina sahəsi. Ermənistan yüz milyonlarla dolları boş yerə xərclədi” adlı məqaləsində bildirib ki, Ermənistan böyük hərbi-texniki üstünlüyə malik olan Azərbaycan ordusunun sürətli hücumunu dayandıra bilmədiyi üçün çətin şərtlərdə sülh bağlamaq məcburiyyətində qaldı. O vurğulayıb ki, həmin vaxtdan regionda təxminən iki minlik Rusiya sülhməramlı kontingenti tərəfindən təmin olunan atəşkəs rejimi hökm sürür.

Məqalədə qeyd olunur ki, silahların səssizliyinə baxmayaraq, münaqişə zonasında hərbi və mülki şəxslər həlak olur. Bunun səbəbi isə sözün əsl mənasında hər həftə parçalanmış həyat və şikəst talelərdən qanlı məhsul verən Qarabağın hər yerinə səpələnmiş mina sahələridir. Sülh müqaviləsi bağlanan andan rusiyalı sülhməramlı daxil olmaqla 50-dən çox insan minaya düşüb. Müəllif yazır ki, ağır döyüşlərin getdiyi bütün rayonlarda - həm birinci, həm də ikinci Qarabağ müharibələrində - bu gün aktiv minalardan təmizləmə işləri aparılır.

Bunlara azərbaycanlı və erməni mütəxəssislər, Rusiya sülhməramlı və Fövqəladə Hallar Nazirliyinin qüvvələri, eləcə də türkiyəli minatəmizləyənlər cəlb edilib. O qeyd edib ki, minalardan təmizlənmə uzun və resurs tələb edən prosesdir. Ötən ilin noyabrında döyüş əməliyyatları bitəndən bu yana Azərbaycanın 27 kvadrat kilometr ərazisi minalardan təmizlənib:

"Bu kiçik ərazidə gələcəkdə təhlükə yarada biləcək təxminən 40 000 döyüş sursatı tapılıb. Söhbət təxminən 30 ildir erməni silahlı birləşmələri tərəfindən idarə olunan ərazilərdən gedir. Bu illər ərzində demək olar ki, hər qarış torpaq minalanıb. 27 kvadrat kilometrlik təmizlənmiş kiçik bir ərazidə tapılan mina və partlamamış hərbi sursatların ümumi dəyəri 3 milyon dollara çatır.

Minatəmizləyənlərin qiymətləndirməsinə görə, təmizlənən və ya gələcəkdə təmizlənməsi planlaşdırılan ərazilərdə təxminən 4,5 milyon mina basdırıla bilər. Mütəxəssislərin hesablamalarından aydın olur ki, Ermənistan tərəfindən basdırılan minaların ümumi dəyəri 340 milyon dollar ola bilər. Yerli miqyasda bu, astronomik məbləğdir. Belə çıxır ki, işğal illərində Ermənistan Azərbaycan ərazilərinin minalanmasına 2020-ci ilin hərbi büdcəsinin 50 faizini və ya dövlət büdcəsinin 10 faizini xərcləyib. Son Qarabağ müharibəsinin yekunlarına əsasən, qeyd olunmalıdır ki, üç onillik ərzində minalanmaya xərclənən yüz milyonlarla dollarla elm, təhsil və səhiyyə sahələrinə daha səmərəli sərmayə qoyula bilərdi. Bu gün həmin milyonlar sözün əsl mənasında torpağa basdırılıb və bir qayda olaraq müharibəyə dəxli olmayan insanların həyatını məhv etməyə davam edir”.

Mövzu ilə bağlı “Şərq”ə danışan politoloq İlyas Hüseynov deyib ki, Ermənistan tərəfindən Azərbaycan ərazisində basdırılmış minaların xəritələrinin təqdim edilməməsi bir daha onu göstərir ki, Ermənistan öz xislətinə və terrorçu mahiyyətinə hələ də sadiqdir. Politoloq qeyd edib ki, minalarla bağlı olan xəritələri Ermənistan tərəfindən tələb etmək lazımdır:

"Çünki Ermənistan kapitulyasiya aktına imza atıb. Bununla bağlı olaraq beynəlxalq auditoriya, beynəlxalq instansiyalara müraciət etmək gərəkdir. Beynəlxalq təşkilatlar bu məsələyə diqqət ayırmalıdırlar. Çünki Azərbaycanın bu ərazilərə qayıdışı ilə bağlı böyük planlar həyata keçirilir. Bununla yanaşı minalardan təmizləmə ilə bağlı xüsusi bir agentlik də təsis olunub. Onların peşəkarlığının artırılması və istehkamçıların çətin relyefə uyğunlaşmaq şəraitində minalardan ərazilərin təmizlənməsi prosesi davam etdirilir”.

Politoloq bir məsələni də vurğulayıb ki, Ermənistan tərəfi 10 noyabr bəyanatından sonra əraziyə göndərilən terrorçuların tutulması ilə bağlı da artıq bütün beynəlxalq təşkilatlara müraciətlər edib:

“Onları hərbi əsirlər ilə eyniləşdirməyə cəhdlər göstərirlər. Lakin onlar terrorçudular və qeyri-qanuni şəkildə Azərbaycan ərazisinə basqın etmiş şəxslər hesab olunurlar. Onların tutulması hərbi əsirlərə şamil olunan normalarla uyğunluq təşkil etmədiyinə görə, onlar Azərbaycan qanunvericiliyinə görə məsuliyyət daşıyırlar.

Əgər erməni tərəfi bu şəxslərin aqibəti ilə bağlı beynəlxalq instansiyalara dayanmadan müraciət edirsə və onları tələb edirsə, o zaman Azərbaycan tərəfi də minalanmış xəritələrin dəqiqliklə göstərilməsini tələb etməlidir. Fikrimcə, Azərbaycan diplomatiyası bu sahədə daha israrlı və qətiyyətli şəkildə fəaliyyət göstərsə, müsbət nəticəyə nail olmaq mümkün olar.

Digər tərəfdən Ermənistan hərbi qulluqçuları əraziləri tərk edərkən də pərakəndə şəkildə minaları basdırıb gedirdilər. Bu da təbii ki, böyük çətinliklər yaradır. Bununla bağlı olaraq rəsmi şəxslər, aidiyyəti orqanlar tərəfindən dəfələrlə vətəndaşlarımıza müraciətlər olunub.

Çünki minaların ərazilərdən tam təmizlənməməsi həyat üçün böyük təhlükədir. Qeyd edim ki, Ottava Konvensiyası piyada əleyhinə minaların istehsalını, onların tətbiqi və saxlanılmasını qadağan edir. Bununla yanaşı “Brüssel Bəyannaməsi”, “Avropada Adi Silahların Məhdudlaşdırılması haqqında Cinah Sazişi”, eləcə də “BMT Baş Assambleyasının 51-45 saylı qətnaməsi” piyada əleyhinə minaların istifadəsini məhdudlaşdırır və qadağan edir. Eyni zamanda adıçəkilən sənədlərə qoşulan bütün dövlətlər, piyada əleyhinə minaların tətbiqinin məhdudlaşdırılması ilə bağlı çağırışlar edirlər.

Təbii ki, Ermənistanda hərbi sahəyə rəhbərlik edən şəxslərdə bu xəritələr mövcuddur. Ona görə də bu xəritələrin Azərbaycana təhvil verilməsini tələb etmək lazımdır”.