Bizdə çörəyin qiyməti qalxmır, çəkisi azalır

Bu da nəticə etibarı ilə bahalaşma deməkdir

Buğda və un idxalının 3 illik ƏDV-dən azad edilməsi barədə Milli Məclis qərar qəbul edib. Bu əlbəttə ki, sahibkarlara kömək məqsədilə atılan bir addım idi. Amma çox təəssüf ki, son günlər çörəyin qiymətinin enməsi gözlənildiyi halda artım müşahidə olunmaqdadır. Maraqlıdır bu ziddiyyətlər nə səbəbdən qaynaqlanır? Hətta İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən tərəfindən çörəyin pərakəndə satışı bazarında, həmçinin əhali tərəfindən daha çox istehlak edilən “dairəvi zavod çörəyi”nin satışı zamanı sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə mütəmadi monitorinqlər də aparılır. 

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda ƏDV-nin ləğvi kifayət qədər pozitiv addımdır:

"Düzdür, bundan öncə də taxıl məhsulları üçün ƏDV ləğv olunmuşdur. Amma bu dünya bazarında gedən proseslərə və Azərbaycanın daxilində qaynaqlanan səbəbləri nəzərə almır". 

İqtisadçı-ekspert qeyd edib ki, bu günləri dünyada ərzağın qiymətində artım var: "Qonşu ölkələrdə, hansı ki, biz ərzaq məhsulları və taxıl alırdıq, orda da rüsumlar artıb. Məsələn, Rusiya fevralın 1-dən hər bir ton taxılın ölkədən çıxarılma rüsumunu 25 Avrodan 50 Avroya qədər qaldırıb. Təbii ki, bu da qiymətlərin artımına səbəb olur. Azərbaycanın daxilindən qaynaqlanan səbəb isə dizel yanacağının artmasıdır. Dizel yanacağının artması logistikanı və daşınmanı da bahalaşdırıb. Nəticə etibarı ilə də çörəyin qiymətində də müəyyən dəyişikliklərə və artımlara səbəbiyyət yaradıb. Təəssüf ki, Azərbaycanda başqa bir tendensiyada var. 

Bizdə bəzən çörəyin qiyməti qalxmır, amma çəkisi aşağı düşür.  Bu da nəticə etibarı ilə də çörəyin qiymətinin qalxması deməkdir".