Cinayət heç vaxt cəzasız qalmır

Gün gələcək uşaq qatilləri bəşəriyyət qarşısında cavab verəcəklər

Düz 29 il öncə, fevralın 25-dən 26-na keçən gecə 20-ci əsrin ən böyük faciəsi, ən dəhşətli qətliamı yaşandı, soyqırım aktı baş verdi. İnsanlıqdan çıxmış, qandan bəslənən murdar qonşularımız qanlı havadarlarının köməyi ilə Azərbaycan türklərinə, xocalılara qarşı növbəti insanlıq dramı yaşatdılar. Həmin gecə erməni terror birləşmələri Rusiyaya məxsus 366-cı motoatıcı diviziya ilə birlikdə 7 min əhalisi olan Xocalı şəhərinə hücum etdilər. Köməksiz vəziyyətdə qalmış insanlara qarşı xüsusi qəddarlıq və amansızlıqla soyqırım aktı törətdilər.

Tariximizə qanlı səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımında 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq və 70 nəfəri ahıl olmaqla 613 nəfər dinc sakin amansızcasına qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 56 nəfər xüsusi qəddarlıqla öldürüldü. 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirdi. 76 azyaşlı körpə şikəst qaldı.

1275 nəfər isə girov götürüldü. 150 nəfər itkinin aqibətindən bugünədək xəbər-ətər yoxdur. Xocalı şəhəri ilə birlikdə 10 yaşayış məntəqəsi talan edildi, 2 tarixi abidə dağıdıldı. Qətliamdan dərhal sonra bölgəyə səfər edən yerli və xarici jurnalistlərin hazırladıqları reportajlardan aydın surətdə görünürdü ki, Xocalıda dinc, silahsız, köməksiz əhali xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirilib. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı qətliamı kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Əlbəttə, heç bir bəşəri cinayət cəzasız qalmamalıdır.

Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivil dünyaya qarşı yönəldilib. 29 il ərzində Türkiyə, Pakistan və Sudan dövləti, eləcə də Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya parlamentləri, həmçinin ABŞ-ın 24 ştatı soyqırıma hüquqi qiymət verib. Bu qətliamı azərbaycanlılara qarşı törədilən genosid aktı kimi tanıyıblar. Bütün bunlar dövlətimizin, ölkə başçısı cənab İlham Əliyevin, xüsusilə Heydər Əliyev Fondunun “Xocalıya Ədalət” kampaniyası çərçivəsində həyata keçirdiyi ardıcıl fəaliyyət sayəsində mümkün olub. Əfsuslar olsun ki, bu barbarlıq hələ beynəlxalq səviyyədə soyqırım kimi tanınmır.

Soyqırımın törədilməsində birbaşa iştirak etmiş Koçaryan-Sarkisyan cütlüyü də layiqli cəzalarını almayıblar. Amma bütövlükdə işğalçı Ermənistanın dərsi verilib, şəhidlərimizin qisası alınıb. Xocalı qatillərindən bir neçəsi də cəhənnəmə göndərilib. Şükürlər olsun ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu” və rəşadətli Ordumuzun qəhrəmanlığı, fədakarlığı nəticəsində 44 gün ərzində torpaqlarımız düşmən işğalından azad olundu. İşğalçı Ermənistana ağır və sarsıdıcı zərbələr endirildi. Xocalı və ərazi bütövlüyümüz uğrunda şəhid olan bütün qəhrəman övladlarımızın intiqamı alındı. Ərazilərimizi mənfur erməninin tapdağı altından xilas edəndən sonra düşmənin torpaqlarımızda həyata keçirdiyi vandalizmin və vəhşiliyin izlərini daha yaxından gördük. Heç şübhəsiz, bundan sonra həm Xocalı soyqırımı ilə bağlı həqiqətlər, həm də bütövlükdə erməni barbarlığı dünya ictimaiyyətinin diqqətinə daha geniş miqyasda çatdırılmalıdır.

Bunun üçün hər bir Azərbaycan vətəndaşı əlindən gələni etməlidir. Beynəlxalq təşkilatları, tərəqqipərvər bəşəriyyəti erməni silahlı qüvvələri və terror təşkilatlarının törətdiyi Xocalı soyqırımına, digər vəhşiliklərə hüquqi və siyasi qiymət verməyə səsləməliyik. 

Millət vəkili Anar Məmmədov “Şərq”ə bildirib ki, nəhayət, “Dəmir yumruq” əməliyyatı ilə uşaq qatilləri öz layiqli cəzalarını aldılar. Deputatın sözlərinə görə, tarix boyu Azərbaycan xalqına düşmən mövqedə dayanan və zaman-zaman əlinə keçən fürsətlərdən yararlanan qüvvələr xalqımıza qarşı qətliamlar, qırğınlar törədiblər:

“Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə sülh müqaviləsindən sonra Rusiya imperiyası tərəfindən Azərbaycanın tarixi torpaqlarına məqsədli şəkildə köçürülən ermənilər öz havadarlarının köməyi ilə zaman-zaman azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib.

1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulub. Bununla da Ermənistan monoetnik dövlətə çevrilib. Erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib.

1992-ci ilin o müdhiş fevral gecəsində Ermənistan silahlı birləşmələri 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dünyanın ən dəhşətli soyqırımını reallaşdırıblar. Xocalıda baş verənlər erməni xislətini bariz şəkildə sübut edən ən qanlı və acı səhnədir. Bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, artıq beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə daha geniş məlumatlandırılır.

Lakin bu bir həqiqətdir ki, cinayət heç vaxt cəzasız qalmır. 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusunun erməni təcavüzkarları üzərində tarixi Zəfəri ilahi və tarixi ədaləti bərpa etdi. Azərbaycanın “Dəmir yumruq” əməliyyatı ilə darmadağın olan işğalçılar, uşaq qatilləri öz layiqli cəzalarını aldılar. Ancaq qisas bununla bitmir. Gün gələcək Xocalı vəhşətində birbaşa iştirak edən erməni caniləri layiqli cəzalarını alacaqlar”.