“İsgəndər” ölməyib, hələ yaşayır...

Bu, Rusiyanın nüvə silahından sonra ikinci güclü taktiki hücum silahı hesab olunur

Moskva, sadəcə, Ermənistanda idarə edilməsi mümkün olan kriz yaratmaq niyyətindədir


Ermənistanın Baş naziri Nikol Paşinyan “İsgəndər” raketləri ilə bağlı açıqlamasının Rusiya ilə münasibətlərə mənfi təsir edəcəyini anlayaraq əvvəlki sözlərinə düzəliş etməyə çalışıb. Paşinyan hökumətin iclasında bildirib ki, Ermənistan silahlı qüvvələrinin islahatlarını sürətləndirmək məqsədilə “yol xəritəsi” hazırlanacaq. “Yol xəritəsi”ndə Ermənistanın təhlükəsizlik sahəsində bir nömrəli tərəfdaşı - Rusiya ilə sıx əməkdaşlıq ediləcək.

Paşinyanın sözlərinə görə, iki ölkə arasında təhlükəsizlik və hərbi-texniki sahədəki əməkdaşlıq bundan sonra daha effektiv olacaq. Rusiyadan Paşinyanın “İsgəndər”lərin yararsız olması barədə dediklərinə cavab gəlib. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva bu məsələni şərh etmir: “Sadəcə onu deyə bilərik ki, Rusiya texnikası dəfələrlə öz effektivliyini dünyanın müxtəlif nöqtələrində nümayiş etdirib”. 

Paşinyanın Rusiyanı hiddətləndirəcək açıqlamasını “Şərq”ə dəyərləndirən politoloq Azər Qasımov bildirib ki, “İsgəndər” raketləri Rusiyanın nüvə silahından sonra ikinci güclü taktiki hücum silahı hesab olunur. Siyasi şərhçinin sözlərinə görə, NATO-nun hərbi təlimləri zamanı Rusiya bu silahdan çəkindirici və qorxuducu güc kimi istifadə edir:

“Rusiya bu raketləri Kalininqrada yerləşdirdiyini açıqlayıb. Paşinyanın “İsgəndər” raketinin əhəmiyyətini azaldacaq bəyanatı Rusiyanın təhlükəsizlik siyasətinə təhlükədir. Ermənistan ordusu Rusiya Silahlı Qüvvələrinə göbəkdən bağlıdır. Silahların 98 faiz ruslara məxsusdur. Zabit heyəti Rusiyaya bağlıdır. Rusiya rəsmiləri Paşinyanın məlum bəyanatına ehtiyatlı yanaşsalar da, tamamilə səssiz qalmayacaqlar. Məhz Ordunun Paşinyanı istefaya çağırması bu bəyanatın nəticəsidir”. 

A.Qasımovun fikrincə, prosesin kökündə Amerika və Rusiyanın geopolitik maraqlarından tutmuş, Azərbaycanın müharibədə qələbə çalmasına qədər müxtəlif səbəblər dayanır:

“Paşinyan-Kreml əlaqələri pozulmayacaq. Bu, Kremldən gələn mesajlarda özünü göstərir və qeyd edilir ki, baş verənlər Ermənistanın daxili işidir. Kreml hələlik Ermənistanda Paşinyana alternativ tapa bilməyib. Erməni cəmiyyəti etirazçılara dəstək verməməklə köhnə rejimləri istəmədiklərini göstərirlər. Əslində Moskva Ermənistanda idarə edilməsi mümkün olan kriz yaratmaq niyyətindədir. Rusiyanın bir müddət sonra qərbyönlü Paşinyanı devirmək planını işə salacağı istisna edilmir. İndiki məqamda Amerikanın Paşinyana nə dərəcədə dəstək verəcəyi önəmlidir. Gərginlik isə bir müddət davam edəcək”.