Paşinyan tükənməyib...

Ermənistanla bağlı son qərarı xarici dairələr verəcək

"Erməni xalqının böyük əksəriyyəti boz və ümidsiz keçmişə qayıtmaq istəmir"

"Baş nazir müharibədə məğlubiyyətə uğrasa belə “Qarabağ klanı” qədər özünü bitirməyib. Paşinyanın bütün alternativləri Ermənistanı indiki acınacaqlı duruma salan adamlardır"


Ermənistan Baş naziri Nikol Paşinyanın “İsgəndər” raketi ilə bağlı açıqlamasından sonra düşmən ölkədə gərginlik pik həddə çatıb. Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, hərbi birliklərin komandirləri Paşinyan əleyhinə birgə bəyanat imzalayıblar. Ordu baş nazirin istefasını tələb edib. Hərbçilərə görə, Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi milli və dövlət maraqları nəzərə alınmadan atılmış yanlış addımdır. Onların fikrincə, bu qərarlar şəxsi ambisiyalara əsaslanır: “Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan və məsuliyyətsiz addımdır”. Bəyanatda vurğulanıb ki, Ermənistanın baş naziri və onun hökuməti böhran zamanında adekvat qərarlar qəbul etmək iqtidarında deyil. 

Paşinyan tərəfdarları və əleyhdarları üz-üzə…

Nikol Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. Baş nazir tərəfdarlarını Respublika Meydanına toplayıb və kütlə qarşısında çıxış edib: “Bütün zabit və generallara dövlət sərhədlərinin müdafiəsi işi ilə məşğul olmağı əmr edirəm. Bu mənim əmrimdir. Heç kim onu icra etməyə bilməz”. Paşinyan xalqın çevrilişə izn verməyəcəyini deyib: “Ordu xalqa və xalqın seçdiyi hökumətə tabe olmalıdır. Ordu siyasi proseslərdə iştirak etməməlidir. Keçmiş hakimiyyət nümayəndələrinin orduda adamları var, onlar getməlidir. Məni satqın adlandırırlar. Demək onlar, bura toplanan insanları da satqın sayırlar”. 

“Xalq Paşinyanın alternativlərinə nifrət edir”

“Vahid Ermənistan” Partiyasının sədri Xaçik Asryan deyib ki, Ermənistanın siyasi meydanında hələlik Paşinyan hökumətinə alternativ keçmiş korrupsioner hökumətin nümayəndələridir: “Keçmiş hakimiyyət nümayəndələri Paşinyana alternativ olduqca, əminliklə deyə bilərik ki, bizim cəmiyyət onların müdafiəsinə qalxmayacaq. Erməni xalqının böyük əksəriyyəti boz və ümidsiz keçmişə qayıtmaq istəmir”.

“Hərbi qiyam: Nikol Paşinyan ölkədən qaçacaq?”  

Erməni politoloq Armen Bədəlyan isə bildirib ki, əgər Baş Qərargah öz mövqeyini dəyişməsə, Baş nazir Nikol Paşinyan ölkədən qaçmağa məcbur olacaq: “Bəyanatı təkcə Baş Qərargah deyil, bütün korpus rəhbərləri imzalayıb. Bu isə o deməkdir ki, bütün ordu hakimiyyətə qarşıdır. Hətta əgər Paşinyan öz tərəfdarlarına silah paylasa, yenə orduya qarşı müqavimət göstərə bilməyəcək”. Bədəlyanın sözlərinə görə, Paşinyan heç nə edə bilməyən deputatları, polisi və qvardiyası ilə məsləhətləşir: “Onların içərisində də Paşinyanı tam dəstəkləməyənlər var. Onlar indiki hakimiyyəti öz həyatları bahasına müdafiə etməyəcək. O ki qaldı sıravi vətəndaşlara, Paşinyan başa düşür ki, onlar orduya qarşı durmaq və hakimiyyəti qorumaq hayında deyil”. Ekspert Paşinyan tərəfdarları ilə xırda toqquşmaları da istisna etməyib: “Əgər şəhərə ordu girsə, hamı qaçacaq, o cümlədən Paşinyanın tərəfdarları da. Bu, Baş Qərargahın birdən-birə, qəfil qərarı deyil. Bu bəyanatın əvvəlcədən planlaşdırıldığı istisna deyil”. 

“Müharibədə məğlub olan və torpağı təslim edən hökumət getməlidir”

“Çiçəklənən Ermənistan” Partiyası Paşinyana çağırış edib. Qurum Paşinyanı ölkədə vətəndaş müharibəsi yaratmamağa səsləyib. Bununla bərabər, polis və Milli Təhlükəsizlik Xidmətinə Paşinyanın əmrlərinə tabe olmamaq çağırışı edilib. “İşıqlı Ermənistan” Partiyasının sədri Edmon Marukyan isə ordunu müdafiə edib. O, Baş Qərargahın bəyanatını çevriliş cəhdi saymadığını, bəyanatında dövlət təhlükəsizliyi və konstitusiyaya zidd heç bir şeyin olmadığını bildirib. Robert Koçaryan da erməniləri öz dövlətlərinin ağaları olmağa və ordunun yanında durmağa çağırıb: “Müharibədə məğlub olan və torpağı təslim edən hökumət getməlidir. Bu, ilk növbədə milli dirçəlişimiz üçün lazım olan zəmanətdir”. 

“Vətəndaş müharibəsi başlasa, məhv olacağıq”

Sabiq prezident Levon Ter-Petrosyan müxalifət və iqtidarı vətəndaş müharibəsi imkanlarını istisna etməyə çağırıb. O, vətəndaş müharibəsinin Azərbaycan və Türkiyənin arzusunu reallaşdırmaq olacağını bildirib. Petrosyan, həmçinin bunun erməni millətinin sonunun başlanğıcı olacağını deyib.

“Ermənistanın daxili işidir...”

Rusiya rəsmiləri Ermənistanda baş verənlərə münasibət bildiriblər. Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva Ermənistandakı vəziyyəti həyəcanla izləyir: “Hesab edirik ki, bu, Qafqazda bizim üçün çox vacib və yaxın müttəfiq olan Ermənistanın daxili işidir”. Rusiya Xarici İşlər Nazirliyi də Ermənistanda baş verənləri bu ölkənin daxili işi adlandırıb.

“Ermənistanda stabillik Qarabağ üçün vacibdir”

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Ermənistanda stabillik Qarabağda atəşkəs üçün vacibdir. Çavuşoğlu Ermənistandakı hərbi qiyam cəhdini pislədiyini açıqlayıb. Türkiyəli nazirin sözlərinə görə, Ankara İrəvandakı situasiyanı diqqətlə izləyir: “Biz Qarabağla bağlı üç ölkə çərçivəsində razılaşmışıq. Bu ölkələrdə stabillik Qarabağda atəşkəs prosesini idarə etmək üçün vacibdir. Biz Ermənistandakı hadisələri KİV məlumatları əsasında izləyirik, çalışırıq, oradan öz kanallarımız vasitəsilə daha detallı məlumat əldə edək”. 

“Paşinyanın hakimiyyətdə qalıb-qalmaması daxili amillərdən asılı deyil” 

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı “Şərq”ə deyib ki, Ermənistanda baş verənlər sadəcə müharibədən sonrakı vəziyyətlə bağlı deyil. Bu ölkəni idarə edənlərin 1991-ci ildən bəri yürütdükləri uğursuz xarici və təhlükəsizlik siyasətinin acı nəticələridir.

Ekspertin sözlərinə görə, Ermənistanda yaşanan siyasi böhran ölkənin aqibəti, gələcək siyasəti və qonşu ölkələrlə əməkdaşlıq baxımından önəm kəsb edir:
“Bu məsələlərdə Paşinyanın mövqeyi ilə siyasi rəqiblərinin yanaşması fərqlidir. Etiraz mitinqləri, Baş Qərargahın bəyanatı, ümumiyyətlə, Paşinyanın hakimiyyətdə qalıb-qalmaması daxili amillərdən daha çox xarici faktorlardan asılıdır. Məsələ ondadır ki, Paşinyan Qərb və Rusiya tərəfindən tam olaraq “bezilmiş” hakimiyyət sayılmır.

Əgər 44 günlük müharibə zamanı hakimiyyətdə Koçaryan-Sarkisyan kimi adamlar olsaydı, savaşdan dərhal sonra xalq onları devirərdi. Çünki cəmiyyət bu cür şəxslərdən doyub. Paşinyan isə ümidlər fonunda hakimiyyətə gəlmiş fiqurdur. Baş nazir müharibədə məğlubiyyətə uğrasa belə “Qarabağ klanı” qədər özünü bitirməyib. Paşinyanın bütün alternativləri Ermənistanı indiki acınacaqlı duruma salan adamlardır. Bütün bu amillər baş nazirin mövqeyini gücləndirir və məğlubiyyətə rəğmən, hakimiyyətdə qalmasını şərtləndirir. Nilol Paşinyanın aqibəti, köhnələrdən kiminsə qayıdıb-qayıtmayacağı ilə bağlı yekun qərarı Ermənistanın asılı olduğu xarici dairələr verəcək”. 

“Paşinyan əvəzlənsə belə, heç kim yenidən müharibəyə başlamağa cəsarət etməyəcək”

Analitikin fikrincə, Ermənistandakı proseslər Qarabağdakı gedişata, Rusiyanın mövqeyinə ciddi təsir göstərməyəcək: “Azərbaycan hökuməti Qarabağ məsələsində indiki vəziyyətdən geriyə, mənfiyə doğru heç bir addım atmayacaq. Həmçinin, proseslərin neqativ hal almasına imkan verməyəcək. Torpaqlarımızın böyük hissəsi tam olaraq düşməndən təmizlənib. Sadəcə Xankəndi və ətrafı hələlik Rusiya sülhməramlılarının nəzarətindədir. Amma Xankəndi və ətraf bölgələrlə bağlı məsələnin Ermənistanda baş verənlərlə heç bir əlaqəsi yoxdur və olmayacaq. Hamı bilir ki, Qarabağ məsələsi və bölgədə kommunikasiyaların bərpası birbaşa Moskva-Bakı və Ankara arasında müzakirə olunur. Sabah kimsə Paşinyanı əvəzləsə belə, heç bir qüvvə yenidən müharibəyə başlamağa cəsarət etməyəcək.

Hətta Sarkisyan və Daşnaksütyun partiyası hakimiyyətə gəlsə belə, mövcud vəziyyət dəyişməyəcək. Ermənistan dövlət olaraq anlaşmalara imza atıb, Yerevan hökumətləri bunu ləğv etmək üçün hüquqi statusa malik deyillər”.