İstanbulda Xocalı soyqırımı ilə bağlı fotosərgi nümayiş olundu - FOTO


Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar fotosərgi təşkil olunub.

“TRT Avaz” xəbər verir ki, tədbir Bəyoğlu bələdiyyəsi və Azərbaycan Respublikasının Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhan, MHP Beyoğlu rayon sədri Bayram Gölcük, BBP Beyoğlu rayon sədri Mustafa Yıldız və çox sayda insan iştirak edib.

Sərgidə Ermənistan tərəfindən 26 fevral 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində mülki şəxslərə qarşı törədilmiş soyqırımından fotolar nümayiş olunub.

Tədbirdə çıxış edən Beyoğlu bələdiyyə başçısı Heydər Əli Yıldız dostların kədərli və şad günlərində birlikdə olmaqlarının lazımlılığını deyib:

“Azərbaycanda baş verən hər bir pis hadisə ürəyimizi yandırır. Hər zaman qardaşlarımızın yanında olmaq borcumuzdur. Xocalı qətliamını törədənləri bir daha qınayırıq. Bu ağrı bir daha təkrarlanmasın. Qardaşlarımız dünyanın heç bir yerində zərər görməsin. Sizə Xocalı qətliamını xatırlatmaq üçün gəlmişik. Bir daha əziz şəhidlərimiz qarşısında hörmətlə baş əyirik. Bu, hamımızın ağrısıdır”.

Azərbaycanın İstanbuldakı baş konsulu N.Mustafayeva Xocalının onun üçün ağrılarla dolu olduğunu vurğulayaraq bildirib ki, bu fotoşəkillər o qanlı gecənin sübutudur:

“Xocalıda insanlığın önəm verdiyi bütün dəyərlər pozuldu. Bəşəriyyətin mübarizə apardığı bütün günahlar o gecə Xocalıda törədildi. Ümid edirik ki, bir gün bu soyqırımı törədənlər cəzalandırılacaq”.