Qəbələ cənnət olacaq, qazancımız da artacaq

Dəmir yolu xəttinin çəkilməsi turist axınını dəfələrlə artıracaq

"Qəbələ rayonuna - "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi istiqamətində çəkilmiş dəmir yolu xətti hazırdır". Bunu  "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. "Prezident nə vaxt istəsə onun açılışını edəcək", - o qeyd edib.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, yeni Qəbələ dəmir yolu xətti turizm infrastrukturunun yaxşılaşdırılmasına və turizm obyektlərinə rahat gediş-gəlişin təmin edilməsinə öz töhfəsini verəcək. O vurğulayıb ki, həmin ərazilərə qatarla getmək reallaşandan sonra bu, kütləvi turizmə də müsbət  təsir göstərəcək: "Qəbələ dəmir yolu xətti Azərbaycanda həm daxili, həm də xarici  turizmin inkişafı baxımından çox vacibdir. Nəzərə alsaq ki, pandemiyadan öncə ölkəyə gələn turistlərin böyük bir qisminin məhz ziyarət etdiyi yerlərdən biri  bura idi. Eyni zamanda bu bölgə Azərbaycan vətəndaşlarının da üstünlük verdiyi bölgələrdəndir". 

V.Bayramov əlavə edib ki, yeni dəmir yolu turizmin inkişafı ilə yanaşı eyni zamanda nəqliyyatın inkişafına da öz töhfəsini verəcək:

“ Nəzərə almaq lazımdır ki, son illər ərzində Azərbaycanda nəqliyyatın sürətli inkişafı müşahidə olunur. Bu da turistlərin ölkə daxilində sərbəst və daha tez hərəkət etməsi baxımından vacib amildir. Əvvəllər Azərbaycanda turistik bölgələrə dəmir yolu xətti yox idi. Nəzərə alaq ki, dəmir yolu nəqliyyatı turistlər üçün daha cəlbedicidir. Dəmir yolu xəttindən istifadə etməklə ölkələrarası turizmdən də yararlanmaq mümkündür. O baxımdan da bu, həm də daxili turizmin inkişafını stimullaşdıracaq. Eyni zamanda Azərbaycana gələn xarici turistlərin sayına da müsbət təsir göstərəcək. Məhz həmin dəmir yolu xətti onların rahat şəkildə Qəbələyə səfər etməsinə imkan yaradacaq.  Bu da nəticə etibarilə təbii ki, orda ictimai, iaşə və xidmət sektorunda çalışan sahibkarların  daha çox gəlir və dövriyyəyə malik olmasına gətirib çıxaracaq. Eyni zamanda təbii ki, bu həm də nəqliyyat  qovşağının inkişafına imkan verəcək və daxili  nəqliyyat sisteminin inkişafı üçün yeni  imkanlar yaradacaq. Bu baxımdan da dəmir yolu xəttinin çəkilməsi iqtisadi baxımdan əhəmiyyətlidir. Birmənalı şəkildə Qəbələ dəmir yolu xəttinin turizm, ictimai-iaşə sektorlarına müsbət təsiri olacaq".