Almaniyanın 350 məktəbində islam dini tədris olunacaq

Seyid Camal Əzimbəyli: "Mən çoxsaylı Avropa ölkələrində olarkən özüm də dinimizə qarşı münasibətin yaxşıya doğru dəyişdiyinin şahidi olmuşam"


Almaniya hökuməti gözlənilməz addım atıb. Qərarda qeyd olunur ki, Bavariya şəhərində məktəblərdə və kolleclərdə din və əxlaq dərslərinə islam dini əlavə edilsin. Orada yaşayan müsəlmanlar din dərslərini seçərkən islam dinində təhsil ala biləcəklər. 

2021-2022-ci illər üzrə icraya başlayacaq qərar Bavariyanın 350 təhsil müəssisəsində tətbiq olunacaq.



Tanınmış şərqşünas Seyid Camal Əzimbəyli "Şərq"ə qərarla bağlı fikirlərini danışarkən qeyd edib ki, Almaniyanın belə bir addım atması müsəlman ölkəsi olaraq bizi çox sevindirir:

"Düşünürəm ki, bir vaxtlar Qərbdə, Avropada islama baxış bütün müsəlman dünyasını narahat edirdi.

Lakin son dövrlər Avropada tam bərabər şəkildə olmasa belə, qeyri-hökumət təşkilatları, bəzi hökumət qurumları tərəfindən islamla bağlı düşüncələr müsbətə doğru dəyişməyə başlayıb. Çünki artıq dini və milli kimliyindən asılı olmayan digər ölkələr də islamı dərk etməyə başlayıblar.

Mən çoxsaylı Avropa ölkələrində olarkən özüm də dinimizə qarşı münasibətin yaxşıya doğru dəyişdiyinin şahidi olmuşam. Doğrudan da bu çox uğurludur. Fikrimcə, həmin proseslər islamafob dövlətlərə də nümunədir.

Əslində elə ölkələrə ən böyük örnək bizim öz ölkəmizdir. Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı həm də bütün dinlərə, irqlərə, mədəniyyətlərə hörmət edir. Ölkəmizdə bütün dinlərə və millətlərə dözümlülük, tolerantlıq, xoşgörü dünyanın heç bir ölkəsində olmayacaq qədərdir.

 Müsəlman olaraq Almaniya dövlətinin belə bir addım atması bizi çox sevindirir. İnşallah ki, bu addımın gələcəkdə yüksələn xətt üzrə inkişafını mütləq görəcəyik. Çünki islam o dindir ki, Allah tərəfindən tərif edilir".

Aytac Ali