Səhiyyə Nazirliyi təkzib etdi, koronavirusun “İran ştammı” yaranmayıb

İranda koronavirusun yeni ştammı yaranıb.
Sherg.az Medicina.az-a istinadən  xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Kadızadə Haşimi deyib. O bildirib ki, yeni ştamm Qəzvin və ətrafında qeydə alınıb:

“Afrika, İngiltərə və Kaliforniya mutasiyalarının yanına İran ştammı da əlavə edilə bilər. Əlbəttə, bu, hələlik qəti olaraq açıqlanmasa da, Qəzvin əyalətində və yaxınlığında onun mövcudluğu barədə dəlillər var”.

İran Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur isə bunları təkzib edərək, ölkədə “İran ştammı” adlandırılacaq qədər ciddi bir mutasiya edilmiş COVİD-19 növü olmadığını qeyd edib.

Bu günədək epidemiyanın 70-dən çox mutasiyasının aşkar edildiyini bildirən Cahanpur “bu mutasiyalar virusun davranışında ciddi bir dəyişikliyə səbəb olmadı. Bu səbəbdən onları yeni ştamm adlandırmaq doğru deyil”, - deyə bildirib.

Nazirlik rəsmisi onu da qeyd edib ki, İranda Britaniya, Cənubi Afrika, Braziliya və Kaliforniya ştammı arasında yalnız Britaniya ştammı aşkarlanıb.