Ermənistan ərazi bütövlüyümüzü təsdiq edən sənədə imza atmalıdır - Millət vəkili

"Bu addım ölkələrimiz arasında münasibətlərin inkişaf etirilməsinə töhfə verər"

Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında mühüm məqamlara toxunub. Dövlət başçısı vurğulayıb ki, Ermənistan tərəfinin yanaşması dəyişərsə, təmasların möhkəmlənməsi istiqamətində işlər görüləcək: “Əgər düşündüyümüz kimi hər şey davam etsə, hansısa mərhələdə sülh müqaviləsinin imzalanmasını istisna etmirik. Çünki de-fakto 10 noyabr bəyanatı mahiyyətcə sülh müqaviləsidir. Sülh müqaviləsində başqa nə olur ki? Bir tərəf digərini məğlub edir. Digər tərəf kapitulyasiya aktını imzalayır”.

Ölkə rəhbərinin diqqət çəkdiyi məqamı “Sherg.az”a dəyərləndirən millət vəkili Azər Badamov bildirib ki, cənab Prezident mətbuat konfranında bir çox sualları çox ustalıqla və təcrübəli siyasi lider olaraq cavabladı. Deputatın sözlərinə görə, Prezidentin qeyd etdiyi kimi 10 noyabrda imzalanan üçtərəfli bəyanatın özü de-fakto sülh müqaviləsidir: 

“Bu sənədlə qalib və məğlub tərəfin öhdəlikləri müəyyənləşib. Ermənistan kapitulyasiya aktına imza atıb. Əgər müharibə imzalanmış müqaviləyə əsasən bitibsə, elə bunun özü sülh müqaviləsidir. Əgər tərəflər Ermənistan-Azərbaycan münaqişəsi ifadəsini işlətmirlərsə və ölkəmizin ərazi bütövlüyü təmin olunmuşdursa, bu sülh müqaviləsidir. Bundan sonra atılacaq addımlar Ermənistanın özünü necə aparmasından asıllı olacaq. Əgər Ermənistan revanşist iddialara qapılıb imzalanmış müqavilədən çıxmaq cəhdləri etsə, bu, onlar üçün intihara bərabər olacaq. Ermənistanla Azərbaycan arasında imzalancaq son sənəd Yerevanın ərazi bütövlüyümüzü tam və rəsmən tanımasından sonra mümkündür”. 

A.Badamov vurğulayıb ki, əslində dünyanın bütün ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır: 

“Ermənistan özünü tərbiyəli apararaq səmimi qonşuluq münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bəyan edərsə, bu, Ermənistanın gələcəyi üçün faydalı olar. Azərbaycan artıq öz ərazi bütövlüyünü təmin edib, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına başlayıb. Əgər Ermənistan regionda həyata keçirilmiş və keçiriləcək layihələrdən bəhrələnmək istəyirsə, ərazi bütövlüyümüzü təsdiq edən sənədə imza atmalıdır. Bu addım ölkələrimiz arasında münasibətlərin inkişaf etirilməsinə töhfə verər. Əks halda münasibətlər 30 ildə necə qalıbsa, elə də qalmağa davam edəcək”.