Millət vəkili: "Bir az  səbrli olsaq sonda Qarabağda məqsədimizə nail olacağıq"

"Prezidentin Qarabağla bağlı konkret strategiyası var"

Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında diqqət çəkdiyi önəmli xüsuslardan biri də Qarabağın dağlıq hissəsində fəaliyyət göstərən Rusiya sülhməramlıları ilə bağlı olub.

Ölkə rəhbəri açıq şəkildə bəyan edib ki, rus sülhməramlılarının Azərbaycan ərazisində fəaliyyəti müvəqqəti, keçici xarakter daşıyır: “Bu əsgərlər xüsusi missiya icra edirlər. Bu, hərbi baza anlamına gəlmir. Rusiyanın sülhməramlı qüvvələri burada sülhməramlı missiyasını icra edirlər. Hesab edirəm ki, müvəffəqiyyətlə icra edirlər. Hərdən bir ara-sıra müəyyən problemlər üzə çıxır. Amma ümumilikdə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti qənaətbəxş hesab oluna bilər”. 

 Ölkə başçısının vurğuladığı məqamla bağlı “Şərq”ə danışan millət vəkili Ceyhun Məmmədov deyib ki, suallara verilən cavablar bir daha göstərdi ki, cənab Prezidentin Qarabağla bağlı konkret strategiya və yanaşması var. Deputatın sözlərinə görə, bu hədəfə nail olmaq üçün Azərbaycan rəhbəri ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir:

“Bildiyiniz kimi, zaman-zaman Azərbaycan cəmiyyətində sülhməramlıların fəaliyyəti geniş müzakirə olunur. Cəmiyyətdə bu məsələ ilə bağlı müəyyən narahatlıq var. Prezident İlham Əliyev məsələyə tam aydınlıq gətirdi. Dövlət başçısı qeyd etdi ki, rus sülhməramlılarının Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqətidir. Yəni ara-sıra bəzi problemlər ortaya çıxsa da, ümumilikdə sülhməramlıların fəaliyyətini qənaətbəxş hesab etmək olar. 44 günlük müharibədə əsas qayəmiz ərazi bütövlüyünü təmin etmək idi və Azərbaycan buna nail oldu. Bütün Qarabağ bölgəsi Azərbaycan əraziləridir. Düzdür, zaman-zaman ermənilər müəyyən təxribatlar törətməyə çalışacaqlar. Ancaq biz səbr və təmkinlə sonda öz məqsədimizə nail olacağıq. Sadəcə nəzərə alaq ki, bu, uzunmüddətli prosesdir”.