Azərbaycan yeni ssenariyə hazır olmalıdır: “Kremlin “əli” ilə..."

“Qarabağdakı mənfi tendensiyaları öz xeyrinə dəyişməlidir”

“Çünki Ermənistan hakimiyyəti sonda Qarabağdakı yeni vəziyyəti məhv etməyə çalışacaq”

“Azərbaycan sürətli hərəkət etməli və məqsədlərinə tez çatmaq üçün işlər görməlidir”

“Əks təqdirdə, Rusiya öz nəzarətindən kənar bir dəyişikliyə icazə verməz”


Silahlı Qüvvələrin Baş Qərargah rəisinin Baş nazir Nikol Paşinyanın istefasını tələb etməsi Ermənistanda siyasi vəziyyəti gərginləşdirib. Qonşu dövlətlərin İrəvandakı olaylara münasibəti fərqli oldu. Rusiya baş verənləri Ermənistanın daxili işi adlandırdı. Türkiyə isə hərbi qiyamı pislədi, qanuni hakimiyyəti dəstəklədi.

Türkiyənin Ərciyəs Universiteti Strateji Araşdırmalar Mərkəzinin doktoru Tekin Aycan Taşçı Ermənistandakı proseslərin sonunun necə göründüyü, orada baş verə biləcək hakimiyyət dəyişikliyinin Azərbaycana faydası və zərəri barədə “Sherg.az”ın suallarını cavablandırıb.

- Türkiyənin Ermənistandakı hadisələrə baxışı necədir?

 - Türkiyə dünyanın harasında olursa olsun, bütün çevrilişlərə qarşıdır. Eyni zamanda Ermənistandakı hərbi çevrilişə qarşı da eyni cür münasibət sərgiləyir. Paşinyan xalqın dəstəyini itirib. Lakin rəsmi Ankaranın mövqeyi budur ki, erməni baş nazirin hakimiyyətdən uzaqlaşması çevrilişlə deyil, seçkilərlə olmalıdır. 

- Bu ölkədəki proseslərin nəticəsini necə proqnozlaşdırırsınız?

- Paşinyanın xalqın dəstəyini qazanması mümkünsüzdür. Ermənilər lap qədim dövrlərdən türklərə qarşı düşmən mövqedə olan millətdir. Türklərə qarşı düşmənlik keçmişdən bu günə qədər Ermənistan dövləti üçün "siyasi çörək" olub. Başqa sözlə, erməni xalqını bəsləyən və dövlətin varlığını  “qanuniləşdirən” şey, türklərə olan düşmənlikdir. Ona görə bu düşmənlik xalqa daim dövlət başçıları tərəfindən ötürülüb. Ermənilərin 44 günlük müharibənin məğlubiyyətini həzm etmələri qeyri-mümkündür. Ermənistan bu günə qədər heç bir razılaşmaya sadiq qalmayıb. Başqa sözlə desək, istər Paşinyan, istərsə də Ermənistan hakimiyyəti sonda Qarabağdakı yeni vəziyyəti məhv etməyə çalışacaq. Önəmli olan budur ki, Azərbaycan bu ssenariyə hazırlaşmalı və sürətli bir refleks inkişaf etdirib, Rusiya vasitəsilə mənfi tendensiyaları öz xeyrinə dəyişməlidir. Unutmamalıyıq ki, bölgədə hər hansı proses dəyişəcəksə, bu, müəyyən zaman müddətində deyil, sürətli bir şəkildə baş verəcək. Bunun üçün indidən bütün fəaliyyət planları hazır olmalıdır.

- Azərbaycan fürsətdən istifadə edib Laçın dəhlizinə nəzarəti üzərinə götürə bilərmi?

- Əvvəlki sualın cavabında qeyd etdiyimiz kimi, bu, yalnız Azərbaycanın bütün ssenarilərə hazırlaşmasından asılıdır. Azərbaycan sürətli hərəkət etməli və məqsədlərinə tez çatmaq üçün işlər görməlidir. Əks təqdirdə, Rusiya öz nəzarətindən kənar bir dəyişikliyə icazə verməz.

- Paşinyan baş verənlərdən sonra devriləcəkmi?

- Paşinyan üçün uzun müddət hakimiyyətdə qalmaq çətin görünür. Ancaq önəmli olan Paşinyanın hakimiyyətdə qalıb-qalmaması deyil. Vacib olan budur: Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, türklərə qarşı düşmənlik həmişə Ermənistanın daxili və xarici siyasətinin mərkəzində olacaq. Beləliklə, Ermənistanda Türkiyə və Azərbaycanla münasibətləri düzəltməyə çalışacaq biri heç vaxt hakimiyyətə gəlməyəcək.