Şəhidin bacısı: “6 metrlik məsafədə üzbəüz döyüşüb, düşməni...”

“Son dəfə deyib ki, mən ya neytralda, ya da düşmən səngərində şəhid olacam”

“İmkan vermərəm ki, düşmən bizim səngərə yaxınlaşsın”

“20-dən çox əsgəri ölümdən qurtarıb. Həmin əsgərlər söyləyir ki, Sadiq gəlməsə, bizi minamyotla vuracaqdılar”


Şəhidlərimizdən yazmağa davam edirik. Adətən onlar haqqında danışmaq çətindir. Çünki özünü ən uca məqamlarının qarşısında aciz hiss edirsən, iki cümləni zorla, boğularaq, qəhərlənərək  dilə gətirirsən. Yazmaq da eyni hissləri yaşadır adama. Ürəyin yanır və bu odu-alovu gözünün yaşı da söndürmür. Onlarla ayrı-ayrı tanış olmaq və sizə tanıtmaq isə bizim ən ümdə vəzifəmizdir.

Bugünkü yazımızın baş qəhrəmanı – şəhid Azayev Sadiq Xubyar oğlunun həyat yoluna nəzər salaq.
O, Quba rayonunun Qonaqkənd qəsəbəsində 11 avqust 1992-ci ildə dünyaya göz açıb. Aslan Aslanov adına orta məktəbdə təhsil aldıqdan sonra 2010-cu ildə hərbi xidmətə yollanıb. İgidimiz atasını vaxtsız itirib, 3 bacının bir qardaşı olub. Uşaqlığı dağlarda, at belində keçib. Atasının tüfəngini fürsət tapdıqca götürüb, güllə atarmış.

Bu cəsarətli Vətən oğlu 2016-cı ildə orduda gizir rütbəsi ilə çalışmağa başlayıb. Beyləqan rayonunda Haramı düzündə 3 ildən çox xidmət edib. Vətən müharibəsinə komandir kimi qatılıb. Füzuli uğrunda gedən döyüşlərdə  mərdcə şəhadətə ucalıb. Silahdaşlarının sözlərinə görə, Sadiq onları mühasirədən çıxarıb, özü şəhadət şərbəti içib.

Bir döyüş yoldaşı danışır ki, Sadiq yeganə insan olub ki, minamyotu səngərin içində qoydurub, ermənilərə atıb:
 “Döyüş vaxtı bizi ayırdılar, aramızda 100 km məsafə vardı. Deyirdi ki, qoyma, əsgərlərə nə isə olsun”.
Sadiqin həyatını xilas etdiyi silahdaşlarından biri nəql edir: “Mən yaralananda Sadiq başımın üstə durub, qışqırırdı ki, təxliyyə harda qaldı axı? Onun səyi nəticəsində yardım gəldi, məni çıxartdılar. Bu heç vaxt yadımdan çıxmaz.

 “Şərq”lə həmsöhbət olan şəhidin bacısı Mələk xanım deyir ki, o, müharibə zamanı ailəsi ilə danışmayıb:

 “Fikri bizdə qalar, kövrələrik deyə əlaqə yaratmırdı. Təkcə bibim oğlu ilə soraqlaşıb. Son dəfə deyib ki, mən ya neytralda, ya da düşmən səngərində şəhid olacam. İmkan vermərəm ki, düşmən bizim səngərə yaxınlaşsın. Dediyi kimi də olub. Çox şücaətlər göstərib. Qardaşımgilin yaxınlığında digər posta düşmən basqın edib, mühasirəyə salıb.

O, təkbaşına çıxıb və ordakıların dadına yetişib. Ona deyiblər ki, getmə, onların vəziyyəti çox pisdir. Təkbaşına nə edəcəksən?  O isə qulaq asmayıb. 20-dən çox əsgəri ölümdən qurtarıb.

Həmin əsgərlər söyləyir ki, Sadiq gəlməsə, bizi minamyotla vuracaqdılar və birimiz də sağ qalmayacaqdıq. Minamyotçu ermənini və daha bir neçəsini vurub. Açıq, üzbəüz döyüşdə, neytralda  6 metrlik məsafədən başından güllə yarası alıb.

Danışdıqlarım onun döyüş yolunun sadəcə cüzi hissəsidir. Çünki silahdaşları bizə gələndə də, yazanda da xanım olduğumuz üçün çox detallı məlumat vermirlər.

Amma deyirlər, tək onu bilin ki, Sadiq əvəzolunmaz insan idi. Döyüş yoldaşlarına, əsgərlərinə qarşı həssaslığı hər adamda olan bir xüsusiyyət deyil. Əsgərləri şəhid olmasın deyə özünü sipər edib. Onun haqqında danışanda həyəcanlanıb, təsirlənirəm. Deməli olduğum sözlərin çoxunu dilə gətirə bilmirəm”.   

Mələk xanım deyir ki, Sadiqlə döyüşənlərin əksəriyyəti şəhadətə yüksəlib: “Bir neçəsi də yaraldır və müalicə alırlar. Sağaldıqca anamı ziyarətə gəlirlər, qardaşımın məzarı üstə gedirlər”.

Qeyd edək ki, Sadiq Azayev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.