Ermənistanda ikitirəlik: “İndi müharibə onlar üçün ən pis ssenari olar” 

“Bu ölkə daxilində yeni qanların tökülə biləcəyini istisna etmirəm”

“Özləri bilərlər. Lakin revanşist şüarlar bütün hallarda nəticəsiz qalacaq”

“Düşmən bilməlidir ki, “Dəmir yumruq” onların başının üstündədir”



 Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyası Prezident Armen Sərkisyanın mümkün impiçment prosesini gündəmə gətirib. Hakim fraksiyanın deputatı Vaaqn Ovakimyan “Facebook” səhifəsində yazıb ki, buna səbəb Prezident Armen Sarkisyanın Baş nazir Nikol Paşinyanın Baş Qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə vəsadətini imzalamaqdan imtina etməsidir.

Qeyd edək ki, fevralın 25-də Silahlı Qüvvələrin Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb etdikdən sonra Baş nazir Baş Qərargah rəisinin istefası ilə bağlı Prezidentə sərəncam layihəsi təqdim edib. Paşinyan Baş Qərargahın bəyanatını dövlət çevrilişinə cəhd adlandırıb. Prezident isə sərəncam layihəsini geri, baş nazirin üzərinə qaytarıb.

Görünür, Ermənistanda artıq ikihakimiyyətliliyin işartıları görünür. Nə prezident baş naziri, nə də baş nazir prezidenti eşidir. Bu isə Ermənistanın yaxın gələcəkdə parçalanması barədə ciddi əsaslar yaradır.



Politoloq Fikrət Sadıqov rəsmi İrəvandakı durumu “Sherg.az”a şərh etdi: 

“Xaotik vəziyyət çoxdan müşahidə olunur. Ermənistan artıq siyasi-iqtisadi dalana dirənib. Böhran günü-gündən dərinləşir. Kimin hakimiyyətə gələcəyi onların öz daxili işləridir.

Amma daxili situasiya getdikcə çətinləşəcək. Artıq müttəfiqləri də Ermənistanı tənqid edirlər. Rusiya Ermənistana kömək etməyə çalışır. Lakin rəsmi İrəvan bunu da başa düşmür”.

F.Sadıqovun fikrincə, növbəti müharibəyə başlamaq cəhdi Ermənistan üçün ən pis ssenari olar: 

“İndi orada hakimiyyət davası gedir. Müxalifət lazımi qədər güclü deyil.

Hakimiyyət isə mübarizə aparmağı bacarır. Deməli, vəziyyət hələ bir müddət belə davam edəcək. Daxildə yeni qanların tökülə biləcəyini istisna etmirəm.

Özləri bilərlər. Lakin revanşist şüarlar bütün hallarda nəticəsiz qalacaq. Düşmən bilməlidir ki, “Dəmir yumruq” onların başının üstündədir”.