Böyük maliyyə lazımdır, amma unikal layihə olar


Tramvayları qaytarmaq üçün ilk növbədə prospektlərdə yollar  sökülməlidir

"Bundan başqa paralel olaraq velosipeddən istifadəni vətəndaşlarımıza psixoloji olaraq təşviq etmək lazımdır. Bunu da təbii ki, televiziya və sosial şəbəkələrdə gedən təbliğat vasitələri ilə həyata keçirmək mümkündür"


"Velosiped zolaqlarının çəkilməsi, velosiped infrastrukturunun qurulması 2021-ci ilin iş planına əlavə olunub". Bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzTV-nin efirində yayımlanan "Evimizdə" proqramında deyib.

O bildirib ki, bu gün paytaxtda velosiped infrastrukturu, demək olar ki, yoxdur. Lakin qarşıda velosiped zolaqlarının çəkilməsi nəzərdə tutulur: "2030-cu ilə qədər bizim milli prioritetlərimiz təsdiq edilib. Orada bir bənd yaşıllaşdırma ilə bağlıdır ki, məqsədimiz şəhər nəqliyyatını müasirləşdirməkdir. Bu yolla həm də şəhərin ətraf mühitinin qorunmasını təmin etmiş olacağıq. Bu çərçivədə müxtəlif nəqliyyat növlərini məşhurlaşdırmağa çalışırıq. Bu gün insanlar yalnız şəxsi nəqliyyat vasitələrindən, metro və avtobuslardan istifadə edirlər. Çox istərdik ki, paytaxtda tramvaylardan da istifadə olunsun. Bu istiqamətdə işlər gedir. Eyni zamanda, velosiped sürənlər də nəzərdə tutulur.

Bizim əsas hədəflərimizdən biri də odur ki, velosiped yalnız idman həvəsi kimi yox, nəqliyyat növü kimi məşhurlaşsın. Bunun üçün də müəyyən infrastruktur yaradılmalıdır. Təəssüf ki, bu gün velosiped infrastrukturu, demək olar ki, yoxdur. Bəzən özüm də həftəsonu işə velosipedlə getmək istəyirəm, yalnız düşünürəm ki, hansı yolla gedim? Təəssüf ki, getmək olmur. Yollarda velosiped zolaqlarının çəkilməsi, velosiped infrastrukturunun qurulması 2021-ci ilin iş planına əlavə olunub. İlkin olaraq pilot layihə həyata keçirməyə çalışırıq. Əsasən mərkəzi küçələrdə və bulvar ərazisini əhatə edən velosiped zolağının təşkil edilməsi gözlənilir. Daha sonra bir neçə maraq dairəsini birləşdirən zolaqlar çəkiləcək. Məsələn, Bakı Olimpiya Stadionu, Atletlər kəndi, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi, Gimnastika Arenasını birləşdirən bir velosiped zolağı. Bu da daha sonra bir şəbəkə halını alacaq. Bütün bu işlər nəzərimizdədir".

Nəqliyyat eksperti İlqar Hüseynli "Şərq"ə açıqlamasında bildirib ki, paytaxtda tramvayların nəqliyyat növü kimi yenidən məşhurlaşmasına çox ehtiyac var. Ekspert qeyd edib ki, Bakıda yenidən tramvay yollarının çəkilməsi kifayət qədər ciddi maliyyə tələb edən bir işdir:

"Təbii ki, bunun üçün ilk növbədə bir çox prospektlərdə yolların söküntüsü baş verəcək. Paytaxtımızda tramvay infrastrukturunun qurulması üçün ciddi vəsait lazımdır. Təbii ki, dövlət bu layihəni unikal şəkildə reallaşdıra bilər. Amma söküntü və tikinti işləri zamanı bir xeyli müddətdə şəhərdə ciddi tıxaclar olacaq. Bildiyimiz kimi, tramvay yolu relslər üzərində hərəkət edir və onlar prospektlərin ortasında quraşdırılır".

İ.Hüseynli əlavə edib ki, ümumiyyətlə, Bakıda yenidən tramvay yollarının çəkilməsi unikal bir layihədir:

"İlk növbədə tramvaylar sayəsində insanlar vaxtlı-vaxtında iş yerlərinə maneəsiz gedəcəklər, yəni işə gecikmə halları baş veməyəcək. Eyni zamanda tramvaylar insanların tıxacda dayanaraq keçirdiyi əsəb, stres faktorlarına da müsbət təsir göstərəcək. Habelə, şəhər ekologiyasına da çox ciddi üstünlük gətirəcək. Bildiyimiz kimi, bu günləri sərnişindaşımada təşkil edilən avtobuslar əsasən dizel yanacağı ilə işləyir. Dizel yanacağından ayrılan zərərli qazlar Bakı şəhərində ekoloji problemlərə səbəb olur. Əgər paytaxtda tramvay, üstəlik, bura trolleybus nəqliyyatını da əlavə etsək, onlar şəhər ekologiyasının yaxşılaşmasında çox əhəmiyyətli rola malik olacaq".

Velosiped yollarına gəlincə, nəqliyyat eksperti vurğulayıb ki, dünyanın bütün ölkələrində velosiped ayrıca nəqliyyat infrastrukturu  kimi götürülür:

"Çox təəssüflər olsun ki, Azərbaycanda belə deyil.

Ölkəmizdə velosipedə sadəcə olaraq gənclərin idman növü, əyləncəsi kimi baxılır. Amma Çində, ABŞ-da, Avropa ölkələrində demək olar ki,  bütün prospektlərdə veliosipedlərin ayrıca gediş yolları var. İnsanlar o yollarda rahat işə gedib-gəlirlər. Bir məsələni də qeyd edim ki, ABŞ-ın Merilend ştatının ayrıca nazirlik strukturunda velosipedlə məşğul olan böyük bir şöbə var. Yalnız o şöbə velosiped nəqliyyatının idarə olunmasının qanunvericilik əsaslarını həyata keçirir. Yəni xüsusi idarə kimi fəaliyyət göstərir.

Bundan başqa paralel olaraq velosipeddən istifadəni vətəndaşlarımıza psixoloji olaraq təşviq etmək lazımdır. Bunu da təbii ki, televiziya və sosial şəbəkələrdə gedən təbliğat vasitələri ilə həyata keçirmək mümkündür. Ümumiyyətlə, vətəndaşlarımızı velosipedlə bağlı psixoloji basqıdan çıxarmalıyıq"