Təyyarə biletlərinin qiyməti aşağı salınmalıdır

Düzgün qiymət siyasəti aparsaq, ölkəmizə turist axını cəlb edə bilərik


Turizm sahəsi istər regionların inkişafı, istərsə də iqtisadi potensialının gücləndirilməsi üçün çox vacib məsələdir. Lakin pandemiya səbəbindən bir çox sahə kimi turizm sektoru da iflic vəziyyətə düşüb. Ölkələr arasında hava, quru və dəniz nəqliyyatı əlaqələrinin qapadılması, turist səfərlərinə tətbiq edilən qadağalar bütün dünyada olduğu kimi Azərbaycanda da turizm sektoruna mənfi təsir göstərib.

Buna görə də Azərbaycanda turizm sahəsinin postpandemiya dövrünə hazırlığı istiqamətində müəyyən addımlar atılmalıdır. 

İqtisadçı-ekspert Natiq Cəfərli turizm sektorunu inkişaf etdirmək üçün nə etmək lazım olduğunu "Şərq"ə danışıb. Onun sözlərinə görə, qonşu ölkələrlə rəqabət apara bilmək üçün bu sahədə qiymət siyasətini düzgün tənzimləmək önəmlidir:

"Bütün dünyada pandemiyadan ən çox ziyan görən sahə turizm sektorudur. O cümlədən Azərbaycanda da turizm göstəriciləri 80-90 faiz azalıb. Bu sahədə rəsmən 24 min nəfər çalışırdı və hazırda minlərlə insan işsiz qalıb. Koronavirus infeksiyasının qarşısını almaq üçün tətbiq edilən məhdudiyyətlər üzündən həm daxili, həm də xarici turizm inkişaf edə bilmirdi . Hazırda ölkə içərisində gediş-gəliş bərpa edilib deyə, daxili turizm az da olsa dirçəlib. Lakin gələcəyə hazırlaşmaq üçün indidən işlər görülməlidir.

Bunun ən vacib elementlərindən biri Azərbaycana hava yolu ilə turistlərin gəlməsi üçün qiymətlərin ucuzlaşdırılması yönündə müvafiq addım atılmasıdır. Daha çox aviaşirkətlərin ölkəyə dəvət edilməsi, müqavilələrin bağlanması bu addımlara misal ola bilər. Uçuşların ucuz qiymətə olması Azərbaycana marağın artmasına və daha çox turistin ölkəmizə gəlməsinə kömək edə bilər.

Bundan başqa turizm obyektlərində də qiymətlərin artmamasına diqqət etmək mütləqdir. Bu obyektlər uzun müddət işləmədiyinə görə vəziyyət düzələrkən obyekt sahibləri gərək qiymətləri qaldırmağa həvəslənməsinlər. Bu onların ziyan etməsinə səbəb olacaq.

Əgər düzgün qiymət siyasəti aparsaq, bunun sayəsində ölkəmizə daha çox turist cəlb edə bilərik. Unutmayaq ki, bu sahədə qonşu dövlətlərlə də güclü rəqabət yaranacaq. Əgər onlar qiymətləri daha aşağı etsələr, turistlərin bizi seçmək şansı azalacaq. Bu barədə Gürcüstanda çox güclü iş gedir. Düşünürəm ki, həmin ölkənin də təcrübəsini öyrənib tətbiq edə bilərik. Eyni yanaşma və məntiqlə Azərbaycan postpandemiya dövründə turizm sektoruna hazırlaşmalıdır". 

Aytac Ali