Peyvəndlənmə "oyun-oyuncaq" deyil

Hansısa kənddə yaşayan ahıl insana "çip" yerləşdirmək kimə və nəyə gərəkdir?

Həkim əsassız xəbərlərə inanmamağa, bəzi möhtəkir həkimlərin toruna düşməməyə çağırdı


Ölkədə koronavirus əleyhinə peyvəndləmə davam edir. Peyvənd olunanların dəqiq sayı bilinməsə də, bugünədək təxminən 100 min nəfər insanın COVİD-19 əleyhinə vaksin vurdurduğu ehtimalları var. Məlumdur ki, peyvəndləməyə yaşı 65-dən yuxarı insanlar və çalışdığı sahə üzrə risk qrupuna daxil olanlardan başlanıldı. Hazırda isə yaşı 50-dən yuxarı olanlara çağırışlar gəlir. Lakin əhali arasında vaksinə inamsızlıq, şübhəli yanaşmalar hələ də qalır. Bunun əsas səbəbi peyvənd əleyhinə sosial şəbəkələrdə yayılan şayiə xarakterli məlumatlardır. Bəzən hətta tibb mütəxəssislərinin - əsasən də xarici ölkə həkimlərinin dilindən vaksinə etibarsızlıq kəlmələri eşidilir. İnsanlar da istər-istəməz düşünür ki, əgər həkim peyvənddən “uzaq durun” deyirsə, niyə vurduraq?

Hətta yerli poliklinika şöbələrində möhtəkir həkimlər də aktivləşib. Poliklinika tərəfindən çağırış almış şəxsi, “qorxma, gəl bura, məsələni həll edərik” deyirlər. Məsələnin “həlli”ni isə belə izah edirlər ki, poliklinikaya gələcəksən, qeydiyyata düşəcəksən, amma sənə gerçəkdə vaksin vurmayacağıq, sadəcə, qeydiyyat aparılacaq ki, guya, vaksin vurdurmusan.

Lazım olan arayışı, sənədi də alacaqsan. Bu təhlükəli üsuldan bəhrələnmək istəyənlər, xarici ölkələrə səfər etmək arzusunda olanlardır. Bilirlər ki, bundan sonra xarici ölkələrə səfər edənlərdən mütləq COVİD-19 peyvəndi tələb olunacaq, ona görə saxta arayış almaq istəyirlər. Kimisi də həqiqətən peyvənd olunmaqdan çəkinir, bəzi həkimlərin açıqlamaları sayəsində. 

Həkim-infeksionist Mərdan Əliyev “Şərq”ə açıqlamasında əhalini əsassız xəbərlərə inanmamağa, bəzi möhtəkir həkimlərin toruna düşməməyə çağırdı: 

- Biz hazırda Şamaxı rayonundayıq. Hər gün 250-300 nəfər insan peyvənd olunur. Yalnız qarlı günlərdə sayda bir qədər azalma oldu. Hələ belə bir halla qarşılaşmamışıq ki, kiməsə peyvənd vurulmasın, amma hansısa arayış, sənəd verilsin. Peyvəndləmə çox ciddi məsələdir. Vaksin flakonları sayılır, gün ərzində neçə flakon vuruldu, neçə nəfərə vuruldu, dəqiq qeydiyyat aparılır, hər dəfə vaksin vurulduqdan sonra da boş flakonlar təhvil alınır. Necə ola bilər ki, kimsə poliklinikaya, yaxud klinikaya gəlsin, qeydiyyata düşsün, lakin ona həqiqətdə vaksin vurulmasın?! Bu, mümkünsüz işdir. Kim, hansı həkim, poliklinika işçisi bunu vətəndaşa deyirsə, birbaşa məsuliyyət daşıyır. Mən insanlarımıza bir daha deyirəm ki, belə insanlara aldanmasınlar. Vaksinasiya könüllüdür. Amma biz peyvənddən imtina edənləri başa salmağa çalışırıq ki, bu, sizin sağlamlığınız üçün lazımdır. Yoluxa bilərsiniz, ağır keçirə bilərsiniz xəstəliyi, üstəlik başqalarını da, ailə üzvlərinizi də yoluxdura bilərsiniz. Əks göstəriş olanlar peyvənd edilmir. Amma o kəslər ki, peyvəndlə bağlı heç bir əks göstərişləri yoxdur, onlar peyvənd olunmalıdır. Peyvəndləmə prosesi ciddi nəzarət altında həyata keçirilir. Peyvənd olunanlara koronavirus pasportu verilir. Həmin sənəddə vaksinin dozası, vurulma tarixi yazılır, poliklinika və ya klinikanın möhürü olur. Yəni bu, “oyun-oyuncaq” deyil ki, kiminləsə “falş” peyvənd oyunu oynanılsın. Əhalimiz, vətəndaşlar belə şeylərə aldanmasınlar. 

M.Əliyev koronavirus peyvəndi ilə bağlı əsassız şayiələrin yayıldığından xəbərdar olduqlarını bildirdi: 

- Təəssüf ki, belə şayiələr yayılır. Bəzən də həkimlərin rəyi təhrif olunmuş formada təqdim edilir. Bu da insanlarda inamsızlıq yaradır. Hətta bir ara şayiə yayılmışdı ki, peyvənd zamanı insanların orqanizminə “çip” yerləşdirirlər. Savadlı, bilikli insanlar belə xəbərlərin əsassız və gülünc olduğunu anlayır. Axı iynənin ucuna yerləşə biləcək “çip” yoxdur. Bu “çip” deyilən şey insan qanında nə qədər qala bilər ki?! Müxtəlif yollarla bədəndən xaric olunub gedəcək. Hansısa kənddə yaşayan ahıl insana “çip” yerləşdirmək kimə və nəyə gərəkdir? İnsanlar bunları sakit düşünsə, hamısının şayiə olduğunu anlayacaqlar. 
Qeyd edək ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov vətəndaşlara müraciətində vaksinasiya cədvəlinə laqeyd yanaşmamağa çağırıb.

Həkim-infeksionist Mərdan Əliyev də koronavirusla mübarizədə peyvəndlənmənin çıxış yolu olduğunu bildirdi: 

- Bəşər tarixində pandemiyalar, epidemiyalar həmişə olub. İnsan toplu halda yaşayırsa, bu, qaçılmazdır. Lakin pandemiyaların qarşısı peyvəndləmə ilə alına bilər. Keçmişdə müxtəlif yoluxucu xəstəliklər olub, hansılar ki, artıq yoxdur. Bu xəstəliklərin sıradan çıxması məhz peyvəndləmə sayəsində mümkün olub. Odur ki, biz də vətəndaş məsuliyyətini dərk edərək peyvəndləməyə laqeyd qalmamalıyıq. 

M.Əliyev koronavirus əleyhinə hazırkı vaksinlərin COVİD-19-un mutasiyaya uğramış digər növlərinə qarşı da effektiv ola biləcəyi məsələsinə də toxundu: 

- Bu peyvəndin digər növlərə qarşı da effektli ola biləcəyi, nəzəri cəhətdən ehtimal edilir. Lakin praktikada hələ təsdiqini tapmayıb.