5-10 manata qurban gedənlər...

İşğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlər dayandırılmalıdır

"Vəzifəli şəxslər də dövlət maraqlarını və vətəndaşların təhlükəsizliyini qorumalıdır"


Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən Tərtər rayon sakinləri Taleh Ağalarov və Əsəd Ağalarov saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Keçirilmiş digər tədbirlərlə isə rayonun Qapanlı kəndində qurulmuş nəzarət postunda polis əməkdaşlarına tabesizlik göstərərək işğaldan azad edilmiş Ağdam rayonuna keçməyə cəhd göstərən şəxslər də saxlanılıblar.

Araşdırmalarla onların Tərtər rayon sakinləri Amin Əlibəyli və Taleh İbrahimov olduğu müəyyən edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Məsələ ilə bağlı fikirlərini “Şərq”lə bölüşən hərbi ekspert, Qarabağ müharibəsi iştirakçısı Ədalət Verdiyev bildirdi ki, əlbəttə, bu, xoşagələn hal deyil: 

- Cənab Prezident çıxışlarında vətəndaşlara müraciət etdi ki, səbirli olun, həmin ərazilər təhlükəlidir, minalardan təmizlənmə işləri aparılır, keçmiş köçkünlər bir az səbirli olsunlar. Prezident öz çıxışlarında işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaya dair ciddi siqnallar verir. Yəni bilirik ki, iş aparılır, hamımızın da istəyi budur ki, məskunlaşma qısa zamanda başlasın.

Amma hazırda təhlükə sovuşmayıb, çünki ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Bu, çox ağır bir prosesdir. Ona görə biz hər dəfə əhaliyə müraciət edirik, tövsiyə edirik ki, tələsməsinlər. İşğaldan azad edilmiş ərazilərə qeyri-qanuni səfərlərin qarşısını almaq vəzifəsi Daxili İşlər Nazirliyinə həvalə edilib. Polis postları qurulub və polis əməkdaşları təhlükəli zonalara qeyri-qanuni keçidlərin qarşısını almalıdır.

Onlar buna məsuliyyət daşıyır. Polisin icazəsi olmadan, polis əməkdaşına tabesizlik göstərərək həmin ərazilərə keçməyə cəhd göstərmək qətiyyən yolverilməzdir. Bu cür halların qarşısının alınması üçün, hesab edirəm ki, DİN əməkdaşları təlimatlandırılmalı, nəzarət tədbirləri gücləndirilməlidir. Vəzifəli şəxslər də dövlət maraqlarını və vətəndaşların təhlükəsizliyini qorumalıdır. Bütün hallarda məsuliyyət polis əməkdaşlarının üzərindədir.

Yenə də vətəndaşlarımıza tövsiyə edirəm ki, o ərazilərə qeyri-qanuni keçməkdən, səfər etməkdən çəkinsinlər, 5-10 manata görə həyatlarını risk altında qoymasınlar.