Regionda yeni tarixi fürsət yaranıb

Mətbuat konfransında beynəlxalq tərəfdaşlarımıza da, Ermənistana da mühüm ismarıclar verildi

"Ermənistan yenə də revanşist cəhdlər edərsə, bu, 90-cı illərdə olduğu kimi, yenidən Ermənistanın özünütəcridinə gətirib çıxara bilər"

Prezident İlham Əliyev tərəfindən yerli və xarici media nümayəndələri üçün 4 saatdan çox davam edən konfransda Azərbaycan və dünya ictimaiyyətinə olduqca mühüm mesajlar çatdırıldı. Dövlət başçısı suallara verdiyi cavablarla bütün dünyaya göstərdi ki, Azərbaycanın Ermənistan üzərindəki möhtəşəm qələbəsi ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Dövlət başçısı Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlmək cəhdlərinə, yenidən müharibə çağırışlarına da diqqət çəkərək “Dəmir yumruğ”un hər zaman yerində olduğunu xatırladıb. Prezident mətbuat konfransı ilə informasiya sahəsində də Ermənistanı tam məğlub edib.

Ölkə rəhbəri həm işğal zamanı, həm də müharibə dövründə ermənilərin törətdikləri vəhşilikləri, azərbaycanlılara məxsus müqəddəs yerlərin təhqir edilməsini də jurnalistlərin diqqətinə çatdırıb. Bildirib ki, bütün bu faktları onlar öz ölkələrində işıqlandırmalıdırlar. Həmçinin, dövlət başçısı Ermənistanın Baş naziri Nikol Paşinyanla qurulan təmaslar haqqında ətraflı məlumat verərək, Yerevan hökumətinin yalanlarını növbəti dəfə ifşa edib. Bütün bunlarla yanaşı, dövlət başçımız Qarabağın gələcək inkişafı, görüləcək quruculuq işləri haqqında da fikirlərini bölüşüb. Gələcəkdə regionda yerləşən dövlətlərlə sıx əlaqələrin yaradılacağını söyləyib. Vurğulayıb ki, Ermənistan Azərbaycanla mehriban və qonşuluq şəraitində yaşamağa üstünlük verərsə, bu iki xalqın keçmişdə olduğu kimi gələcəkdə də bir yerdə yaşaması mümkündür. Çünki Azərbaycan hər zaman bölgədə dayanıqlı sülhün və stabilliyin təminatçısı olub. Türkiyənin Qlobal Jurnalistlər Şurasının rəhbərinin sualına cavab verən Prezident əminliklə ifadə edib ki, “Rusiya-Türkiyə” Monitorinq Mərkəzi postmüharibə dövründə çox önəmli alət olaraq fəaliyyət göstərəcək. Dövlət başçısı bildirib ki, Azərbaycan öz vəsaiti hesabına bu Monitorinq Mərkəzini Ağdam rayonunda Mərzili kəndi yaxınlığında yaradıb: “Bildiyiniz kimi, Monitorinq Mərkəzi fəaliyyət göstərir və bunun əsas məqsədi postmüharibə dövrünə nəzarət etmək, monitorinq aparmaq, o cümlədən pilotsuz uçuş aparatların iştirakı ilə, onlardan istifadə edərək münaqişə zonasında qarşıdurma olmasın. Əgər olarsa, kim bunu törədib, təşəbbüskar kimdir, günahkar kimdir, bunu təsbit etməkdir. Bu günə qədər diversiya qrupunun Azərbaycana keçməsini istisna etsək, hər hansı bir ciddi qarşıdurma olmayıb. Bu monitorinq mərkəzi postmüharibə dövrü çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək”. 

Dövlət başçısı “Dağlıq Qarabağ” termininin olmadığını, “status” məsələsinin gündəmdən düşdüyünü yenidən xatırladıb: “Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bu günə salan səbəblərdən biri də məhz o idi. Xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar.

Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir”. 
Status məsələsinin artıq həllini tapması Ermənistan vətəndaşları və bu ölkənin bəzi  siyasi partiyaları, ekspertləri tərəfindən də reallıq kimi qəbul edilir. Bir zamanlar sülh anlaşması müqabilində Azərbaycanın müəyyən şərtlərinə razı olmayanlar, müharibə bahasına yaranmış reallıqdan sonra birmənalı olaraq diktə edən tərəf deyil, diktəyə tabe olan tərəf olduqlarını unutmamalıdırlar.

Prezidentin “Faktiki olaraq biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir” bəyanatı kifayət qədər dərin və ciddi məqamdır. Bu bəyanatda Prezident Dağlıq Qarabağ termininin qondarma olduğunu qeyd edir. Terminin tarixinə də nəzər salarkən aydın şəkildə belə bir qənaətə gələ bilərik ki, Dağlıq Qarabağ sözü Azərbaycan ərazilərinin işğalı üçün yol xəritəsi rolunu oynamalı idi.

Prezident İlham Əliyev noyabrın 10-da imzalanmış bəyanatın tam icra edilməsinin zəruri olduğunu vurğulayıb. Ölkə rəhbəri qeyd edib ki, müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir: “Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilib. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış bəyanat icra ediləcək. Əks təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq. Bu reallıqla Ermənistan və eyni zamanda bütün başqa ölkələr barışmalıdırlar. Ermənistanın qarşısında ən məqbul seçim 10 noyabr bəyanatının müddəalarını icra etməkdir. Əks təqdirdə onlar üçün daha da böyük problemlər yarana bilər”.

Dövlət başçısı növbəti dəfə xatırladıb ki, istənilən revanşizm cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaq: “Heç bir şübhə olmasın ki, biz bu məsələdə tərəddüd etməyəcəyik. Biz hər hansısa bir addımı özümüz üçün substantiv təhlükə görsək, dərhal hərəkətə keçəcəyik. Digər tərəfdən revanşizm cəhdləri olmasa, 10 noyabr bəyanatına uyğun olaraq Ermənistan hərəkət etsə, öhdəliklərini yerinə yetirsə, təbii ki, addım-addım sülh bərqərar olacaq. Biz dayanıqlı sülhə nail olmaq istəyirik. Çünki bu, nifrət dolu kitabın səhifəsini çevirə bilmək üçün yeganə yoldur. İndi müzakirə etdiyimiz məsələ dayanıqlı sülhün və sabitliyin bərqərar olmasıdır. Və buna nail olmağın yeganə yolu əməkdaşlıqdır. Azərbaycan, Ermənistan və Rusiyada müzakirə etdiyimiz layihələrdən biri logistika sahəsində əlaqələrin açılmasıdır, nəqliyyat dəhlizlərinin yaradılmasıdır və bütün məhdudiyyətlərin aradan qaldırılmasıdır . Bu layihə həyata keçirilsə, o zaman Ermənistan təbii ki, bundan yararlanacaq. Onlar sülhün üstünlüklərini görəcək”. 

Keçmiş millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Şərq”ə açıqlamasında deyib ki, Prezidentin mətbuat konfransı Münhen debatı qədər önəmliydi. Partiya rəhbərinin sözlərinə görə, dövlət başçısının cavabları Ermənistan və onun havadarları, eyni zamanda Qarabağda yaşayan ermənilər üçün ciddi mesaj xarakteri daşıyırdı:

“Azərbaycan ictimaiyyəti onu düşündürən bir çox suala cavab tapdı. Həm də xarici dövlətlər mesajlarını aldılar. Düşmənlərimizə öz mövqeyimizi yenidən xatırlatdıq. Bizə qarşı çıxanlara, çıxmaq istəyənlərə sərt şəkildə münasibətimizi ortaya qoyduq. Gücümüzü bir daha göstərdik, qətiyyətimizi sərgilədik. Bilirsiz ki, Qarabağda rus sülhməramlılarının fəaliyyəti ilə bağlı müəyyən narahatlıqlar var idi. Həmçinin, separatçılar tərəfindən “rus dili” məsələsi ortaya atılmışdı. Ölkə başçısı bu məsələrlə bağlı konkret fikrini açıqladı. Vurğuladı ki, ölkəmizin hər yerində rəsmi dövlət dili Azərbaycan dilidir. Eyni zamanda sülhməramlılarla və “status”la bağlı rəsmi Bakının yanaşması yenidən dilə gətirildi. Əlbəttə, bunların təkrar bəyan edilməsi çox önəmlidir. Çünki Ermənistanın yenidən silahlandırılması məsələsi də gündəmdədir. Bununla bağlı xəbərlər yayılır. Cənab Prezident ermənilərin yenidən silahlandırılmasına ciddi iradını bildirdi. Dövlət başçısı haqlı olaraq sual etdi ki, “əgər bölgədə sülh və sabitlik üçün çalışılırsa, onda Ermənistan hansı məqsədlə silahlandırılır?”. Hesab edirəm ki, Ermənistan ümumiyyətlə silahsızlaşdırılmış dövlətə çevrilməlidir. Bununla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlamışam. Əgər Ermənistan regionu təhdid edirsə, mütləq silahsız vəziyyətə salınmalıdır. Cəmiyyətimizin bu məsələlərlə bağlı mövqeyi eynidir”.  

Millət vəkili Hikmət Babaoğlu da “Şərq”ə vurğulayıb ki, dövlət başçısı Azərbaycan həqiqətlərini çatdırmaqla ölkəmiz haqqında qlobal informasiya məkanına obyektiv məlumatlar vermiş oldu. Deputatın sözlərinə görə, hər şeydən öncə bu, Xocalı soyqırımı və onun dünyaya tanıdılması, eyni zamanda 44 günlük müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqlarla bağlı idi:

“Ümumiyyətlə, keçirilən mətbuat konfransı bir sıra ilklərlə yadda qaldı. Suallar doğuran bir sıra məsələlərə aydınlıq gətirdi. Onlardan biri hazırda sülhməramlıların nəzarəti altında olan ərazilərimizə qayıdış məsələsi idi. Prezident Xocalıya da, digər ərazilərimizə də qayıdacağımızı bir daha qətiyyətlə ifadə etdi. İkinci məsələ böyük qayıdışla bağlı planların ardıcıl olaraq həyata keçirilməsi və hansı formada baş tutacağı idi. Aydın oldu ki, bununla bağlı Azərbaycanın dəqiq və düşünülmüş planı var və bu, ardıcıllıqla, mərhələli şəkildə həyata keçiriləcək. Başqa bir mühüm məsələ Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın regionumuza və vəd etdiyi mühüm perspektivlərlə bağlı idi. Bu kontekstdə Prezident İlham Əliyev regional və beynəlxalq tərəfdaşlarımıza da, Ermənistana da mühüm ismarıclar verdi. Bəlli oldu ki, Azərbaycanın yaratdığı yeni reallıqlar regionda əməkdaşlıq üçün yeni, həm də tarixi fürsət yaradıb. Əgər bu fürsətdən doğru istifadə olunarsa, bu, bütövlükdə regional və qlobal əməkdaşlıq baxımından olduqca əlverişli şərtlər yarada bilər. Yox, Ermənistan yenə də revanşist cəhdlər edərsə, bu, 90-cı illərdə olduğu kimi, yenidən Ermənistanın özünütəcridinə gətirib çıxara bilər. Nəticədə bu ölkə öz səhvlərini təkrar etməklə əməkdaşlıqdan kənarda qala bilər. Prezidentin fikirləri həm də bəzi ölkələrə bir çağırış idi. Bu çağırış ondan ibarət idi ki, kimsə Ermənistanın olmayan ordusunu modernizə etmək istəyirsə, bu, regiona yaxşı heç nə vəd edə bilməz. Ona görə də hazırkı mürəkkəb tarixi mərhəldə ən doğru yol yeni əməkdaşlıq imkanlarından keçir ki, Azərbaycanın məqsədi də elə budur”.