Dirəniş hələ çox çəkəcək

Ermənistandakı qarşıdurmanın ip ucu Kremlin əlindədir

Moskva Paşinyanın getməsinə razılıq verdiyi an baş nazir devriləcək

Ermənistanda siyasi böhran dərinləşir və hökumətə qarşı etirazlar genişlənir. Baş nazir Nikol Paşinyan isə öz tərəfdarlarını küçələrə tökür və dəstəyinin güclü olduğunu nümayiş etdirməyə çalışır. Bir yandan isə siyasi rəqibləri ilə mübarizəni sürdürür. Məlumdur ki, Prezident Armen Sarkisyan Qasparyanın vəzifədən azad edilməsi barədə Baş nazir Nikol Paşinyanın təqdimatını geri qaytarıb.

Təqdimat geri qayıdan kimi Paşinyan dərhal ikincisini göndərib. Baş nazir prezident Sarkisyanın təqdimatdan imtinasının ölkədəki stabilliyə xidmət etmədiyini bildirib: “Prezidentin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi haqda təqdimatımdan imtina etməsi barədə qərarı anlaşılmazdır. Mən göstərəcəm ki, prezidentin qərarı əsassızdır, heç bir qanuna sığmır və bu, çox ciddi danışıq olacaq”. O, Baş Qərargahın siyasi bəyanatının tam qəbuledilməz olduğunu qeyd etməklə bərabər, bir müddət öncə Ali Məhkəmə Şurasının da analoji addımını unutmamaq gərəkdiyini deyib. Baş nazirin Baş Qərargah rəisinin işdən azad olunması barədə iki dəfə ardıcıl göndərdiyi təqdimatı rədd etdiyi üçün Sarkisyanın impiçment məsələsi də gündəmə gəlib. 

Ermənistan cəmiyyəti qorxu içindədir...

Ötən gün erməni mediası teleqram kanallarına və “hökumətindəki mənbələrə” istinad edərək, guya, Yerevana 13 türk xüsusi təyinatlısının sızması haqda xəbərlər dərc edib. Sosial şəbəkələrin erməni seqmentində yayılan xəbər düşmən ölkədə böyük xof yaradıb. Xəbərlərdə iddia edilib ki, komandoslar Nikol Paşinyanın istefasını tələb edən Baş Qərargah rəisi və ordu generallarını neytrallaşdıracaq. Bu məqalələrin başlıqları çox şeydən xəbər verir: “Paşinyan Ermənistanı satıb”, “Türklər İrəvanda erməni pasportları ilə gəzirlər – Nikol xaindir”. Mediada tirajlanan xəbərlər ölkədə əməlli-başlı rezonans doğurub. Yayılan məlumatlarla bağlı Ermənistan Milli Təhlükəsizlik Şurası açıqlama verərək, sözügedən iddiaların yalan olduğunu deyib: “Türkiyə xüsusi təyinatlılarının Ermənistana gəlməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bunu təkzib edərək həmvətənlərimizi dezinformasiyaya uymamağa, sayıq olmağa və yoxlanılmamış məlumatlardan uzaq durmağa səsləyirik”.

“Təhlükəsizlik Şurası Armen Sarkisyana müraciət ünvanlayıb” 

Ermənistan Təhlükəsizlik Şurası (TŞ) Ermənistan Prezidenti Armen Sarkisyana müraciət edib. TŞ müdafiə siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən orqan olaraq Silahlı Qüvvələrin siyasi prosesə cəlb edilməsi cəhdlərini qətiyyətlə pisləyib: “Konstitusiya Silahlı Qüvvələrin siyasi proseslərə qarışmanın yolverilməzliyini, mülki nəzarət altında olma faktını açıq şəkildə müəyyənləşdirir. Qanuna əsasən, Ermənistan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin təyin və ya vəzifədən azad edilməsi təklifi Baş nazirin qərarına əsaslanır”. Bəyanatda qeyd olunub ki, Ermənistan respublikasının prezidenti konstitusiyaya riayət olunmasına nəzarət edir və belə olan halda birmənalı olaraq müvafiq bir mövqe qoymalıdır: “Yuxarıda göstərilənlərə əsaslanaraq Təhlükəsizlik Şurası prezidenti Baş qərargah rəisini istefaya göndərmək və müvafiq Fərmanı imzalamaq barədə Ermənistan Respublikası Baş nazirinin vəsatətini təmin etməyə çağırır”.

“Baş nazirin düşmənləri arasında kreativ ağıla malik birisi yoxdur”

Rusiyalı siyasi ekspert Qriqori Trofimçuk bildirib ki, erməni müxalifəti mövcud hakimiyyətə qarşı mübarizədə düzgün tezislərdən istifadə etmir. Onun sözlərinə görə, Ermənistan müxalifətinin indiki tezisləri gülməli və tamamilə boşdur: “Onların tezislərində “zərbə gücü” yoxdur. Halbuki, məhz sözlər və tezislər həmişə siyasətin əsas silahı olub. Əsas nümunəvi axmaqlıq isə guya, Paşinyanın “türk olması”, “türklərə qulluq etməsi” kimi gülünc iddialarla dolu feykləri yaymaqdır”.
Trofimçuk qeyd edib ki, ermənilər uzun müddət öz “varçapet”lərini (baş nazir) Rusiyanın, sonra isə ABŞ-ın casusu etmək istəyirdilər: “İndi isə növbə Türkiyənindir. Bu, həqiqətən çox gülməlidir. Erməni müxalifəti nagıllar üzərində siyasi tezislər yaradır. Hiss olunur ki, Ermənistan baş nazirinin düşmənləri arasında kreativ ağıla malik birisi yoxdur. Nə danışmaq, hansı ipi hardan çəkmək lazım olduğunu bilmirlər. Bu da Nikola ümid verir. Belə beyinə malik olan müxalifət uğur qazana bilməz”.

“Paşinyana qarşı sui-qəsd ola bilər...”



Ermənistandakı prosesləri “Şərq”ə təhlil edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, Prezident Armen Sarkisyan indiki şəraitdə konstitusiyaya uyğun hərəkət etmir. Siyasi şərhçinin sözlərinə görə, ölkə qanunlarına əsasən, baş nazir icra hakimiyyətinin başında olan şəxsdir:

Kadrların seçilib-yerləşdirilməsində əsas məsuliyyət Paşinyanın üzərinə düşür. Formal olaraq isə təqdimatlar prezident tərəfindən təsdiq edilir. Həm də müvafiq qanunvericiliyə görə, prezident təqdimatı iki dəfə geri çevirərsə, baş nazirin qərarı avtomatik olaraq qüvvəyə minir. Əgər Paşinyan israrlıdırsa, onsuz da Baş Qərargah rəisi O.Qasparyan istefaya göndəriləcək”.

Politoloq vurğulayıb ki, erməni müxalifəti o qədər simasız, həyasız, quldur şəxslərdən formalaşıb ki, xalq onlara dönüb baxmaq istəmir:

“Serj Sarkisyan və Robert Koçaryan erməniləri bədbəxt günə salıblar. “Qarabağ klanı” və onlara dəstək verən müxalif qüvvələrin seçkidə qalib gəlmək şansları sıfırdır. Çıxış yolu zorla hakimiyyəti devirməkdir. Ermənistandakı proseslər Paşinyanın “İsgəndər” raketi ilə bağlı dediklərindən sonra başladı. Tərəddüdsüz demək olar ki, ölkədəki qarşıdurmanın ip ucu Kremlin əlindədir. Qasparyanı da bu işə təhrik edən Rusiyanın Yerevandakı agentura şəbəkəsidir. Paşinyan özünə qarşı olan cəhdlərə, təxribatlara dirənir. Baş nazirin sosial bazası güclüdür. Paşinyan müxalifətin etiraza çıxartdığı insanlardan üç qat artığını özünədəstək mitinqinə çıxaracaq. Düzdür, bu qədər gərginlik fonunda baş nazirin çox tab gətirməsi mümkün görünmür.

Çünki proseslərin içində Rusiya var. Moskva Paşinyanın getməsinə razılıq verdiyi an baş nazir devriləcək. Hətta qarşıdakı günlərdə Paşinyana qarşı sui-qəsd də ola bilər”.