"Səsimə uyğun olaraq daha çox türkülər səsləndirirəm"

Mehrac Dünyamaliyev: "Türkiyəyə hələ getməmişəm, orda da əlimdən gələni etmək istəyərəm"

Deyirlər sevgi əngəl tanımır. İndi bu sözü təsdiq edən bir həyat hekayəsindən danışacam. 
Yazının baş qəhrəmanı 29 yaşındadır. O, ötən il işğaldan azad olunan Kəlbəcər rayonundandır. Anadangəlmə görmə əngəllidir. Lakin sevgi ilə bağlandığı bir sənəti var:

“Saz”. Haqqında bəhs etdiyim şəxs aşıq Mehrac Dünyamaliyevdir. Mehrac həzin  ifaları ilə nəinki Azərbaycanı, həm də qardaş Türkiyəni ağuşuna alıb. Yalnız milli sazımızda deyil, türk bağlamasında da ifa etməyi bacarır. Onun “Aşıq Veysəldən, Kıvırcıq Alidən səsləndirdiyi mahnılar sosial şəbəkələrdə sevilərək qarşılanıb. Bir də Mehracın “Çırpınırdı Qara dəniz” mahnısını bağlamada ifasını dinləyəndə kövrəlməmək, səsinin yanğısını duymamaq mümkün deyil. 

“Şərq” qəzeti  də sənəti ilə ürəklərə yol tapan Mehracla əlaqə saxlayıb, qısa söhbət edib. 

- Saz sənəti ilə neçə yaşınızdan məşğul olursunuz?

- 1992-ci ildə dünyaya göz açmışam. Elə 6 yaşımdan bəri sazda ifa edirəm (Mehrac sazda ifa etməyi cəmi bir aya ustad dərsi görmədən öyrənib -red). 2012-ci ildən etibarən isə türk bağlamasını çalmağı öyrəndim. Əslində ona da kiçik yaşlarımdan marağım var idi. Bir də türkülər səsləndirdikən sonra daha çox tanındım. 

- Verilişlərdən, məclislərdən dəvət təklifləri gəlirmi?

- Hər kanaldan  yox. Zaman-zaman İctimai TV dəvət edir. Ondan əlavə də bir neçə televiziyadan maraq göstərirlər. 2015-də ATV-də "Tanıdım səni" layihəsində iştirak etdim. Birinci çıxışım isə Gəncədə Kəpəz TV-də olub. Ardınca Gürcüstanda Azərbaycanı təmsil etdik. Birinci  yerə layiq görüldük. Bir-neçə ay sonra Ukraynaya festivala yollandıq. Bakıda “İstedadlı əllərin yaradıcılıq və baxış” müsabiqəsində də yer tutdum. Lider TV-də “Sənin  ulduzun” layihəsində də ikinci yerə layiq görüldüm. Pandemiyaya görə toylar yoxdur. Kiçik məclislərdən dəvətlər gəlir. Çünki ifalarım daha həzindir, şən deyil. 

- Eşitdiyimiz qədəri ilə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı da sizə xüsusi maraq göstərib...

- Belə bir şey olubsa da, mənim məlumatım yoxdur. 

- Fəaliyyətinizlə bağlı bundan sonra nə kimi planlarınız var?

- İşimi çox sevirəm. Səsimə uyğun olduğu üçün daha çox türkülər səsləndirirəm. İstəyirəm Azərbaycanda sənəti gənclərə öyrədim, xalq mahnılarını, musiqilərini dinləsinlər. Saza, bağlamaya maraq artsın. Gəncləri, uşaqları bu sənətdə yetişdirim. Həm də indi dinlənilən mahnıların bir çoxu biabırçı vəziyyətdədir. Bu üzdən keçmişə qayıtmaq lazımdır. 

- Bəs Türkiyədə bir iş görmək istəyərsinizmi?

- Əlbəttə. Məni sosial şəbəkələrdə görüb, Türkiyədən də tanıyanlar oldu. Yaxın bildiyimiz insanlar da var. Amma bu günə qədər qardaş ölkəyə getməmişəm. Orda da əlimdən gələni etmək istəyərəm.

- Sizin ifalarınızı sosial şəbəkə platformalarında görüb, canlı dinləmək üçün yanınıza gələnlər olubmu?

- Dəvət də ediblər, ölkə daxilindən gəlib, görüşüblər də. Hətta Rusiyadan toy dəvəti göndərmişdilər, yoldaşlarla xəbər yollamışdılar. 
Söhbətimizi yekunlaşdırır, Mehrac bəyə uğurlar arzu edirik...