Tabutu gələn günü atası qurban kəsib


Düşmən Orxanın nəşini əsir götürüb və 72 gün saxlayıb

İkinci Qarabağ müharibəsində Vətənə layiq əsgərlər savaşdılar. Son nəfəslərinə qədər millət, torpaq dedilər. Qan tökdülər, can verdilər, qazi olub, şəhadətə ucaldılar.

Orxan Cəfərli də onlardan biridir, millət uğrunda şəhid olanlardandır. O, 16 fevral 1996-cı il tarixində Daşkəsəndə doğulub. 2013-cü ildə hərbi xidmətə yollanıb, çavuş rütbəsi alıb. 2016-cı ildən müddətdən artıq manqa komandiri vəzifəsində çalışmağa başlayıb. Ötən il gizir rütbəsində xidmətə başlayıb. Vətən savaşına qatılıb, oktyabrın 9-da Kəlbəcər uğrunda şəhadətə qovuşub.

“Şərq”ə şəhidimiz haqqında məlumat verən onun yaxını Zənfurə Cəfərova deyib ki, o, 3 postu aldıqdan sonra hərbi sursatları bitib:

“Düşmən hücum edəndə Orxan dəbilqə ilə onun başına vuraraq öldürüb. Bir digər mənfur isə Orxana silahla atəş açıb. Beləliklə şəhadətə qovuşub. Sonra düşmən şəhidimizin nəşini əsir götürür və 72 gün saxlayır. Onun müqəddəs tabutu gələn günü atası qurban kəsdi”.

Atası Etibar bəy danışır ki, uzun müddət düşmən əsarətində qalmasına baxmayaraq Orxanın bədəni çürüməyib. Sanki iki gündür şəhadətə ucalmış kimi imiş: “O, müharibəyə gedəndə demişdim ki, sən evə gələndə qurban kəsəcəm. Sözümü də tutdum. Şükür Allaha alnıaçıq, şərəfli döyüş yolu keçib, şəhid oldu. Mən də sözümün üstə durdum. Orxan şəhid olacağını da hiss edirdi. Bir dəfə dedi ki, ata, mən şəhid tabutları görmüşəm. Görəsən, onlardan biri də mənə qismət olarmı? Söz tapa bilmədim deyim”.

Orxan Cəfərli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.