Rusiya hərb sənayesinə zərbə: “İsgəndər" lətifəyə çevrilib"

Ermənistandakı dünənki mitinqdən bir neçə saat əvvəl baş nazir Nikol Paşinyanın mətbuat katibi Mane Qevorqyan açıqlama verib. O, Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasındakı telefon danışığına toxunub. Bildirilib ki, həmin söhbət zamanı baş nazir müharibə vaxtı "İsgəndər" raketlərindən istifadə məsələsinə toxunub. Görünür, Paşinyanın "İsgəndər" monoloqları silsilə xarakter daşıyır...



BDU- nun professoru, politoloq Əlimusa İbrahimov məlumatın mahiyyətini "Sherg.az"a şərh etdi: 

"Söhbət zamanı Baş nazir  Rusiya Prezidentinə bildirib ki, bu məsələ ilə əlaqədar onu düzgün məlumatlandırmayıblar. Demə, Paşinyanın məlum bəyanatı rus silahlarının məzmunu və keyfiyyəti ilə bağlı məsələlərə aid deyil.

Yəni sadə dillə desək, Paşinyan “İsgəndər"lərin 10 faizlik partlaması haqqında fikrini geri götürüb. “Heç şübhəsiz, Rusiya silahları dünyanın ən keyfiyyətli silahlarıdır. 

Ermənistan Rusiya Federasiyası ilə hərbi sənaye və yüksək texnologiyalar sahəsində əməkdaşlığı davam etdirir və bu istiqamətdə daha da sıx əlaqələr qurmaq üçün addımlar atır”- bu da Rusiya texnikası  haqqında Paşinyanın yeni fikirləridir.

Deməli, vəziyyətin daha da ciddiləşdiyini görən Paşinyan Rusiya ilə zarafatın sonunun yaxşı olmayacağını başa düşüb.

Elə buna görə də sözünü geri götürdü.  İkinci bir tərəfdən Kreml rəsmi İrəvanda yarana biləcək xaosun qarşısını almaq üçün Paşinyanı hələlik hakimiyyətdə saxlamaq haqqında qərar qəbul etdi. Onun for-postunun üzrxahlığını qəbul etməsi bu fikrin təzahürüdür".

Ə.İbrahimovun fikrincə, bütün səylərə rəğmən, iş işdən keçib:  

"Həmçinin Moskva onun silahlarını tənqid edənlərin aqibətini Paşinyan vasitəsi ilə müttəfiqlərinə göstərdi. Amma baş nazirin  üzr istəməsi fikrimcə, nəyisə  dəyişmir. O,  Rusiya hərbi sənaye kompleksinə indiyədək olan  ən böyük zərbəni endirdi.

Bu gün “İsgəndər" in 10 faiz partlaması məsələsi  bütün dünyada lətifəyə çevrilib".