Azərbaycan silahlar alır: “Yeni texnika və taktika...” - Türkiyə modeli 

Azərbaycan hərbi sahədə perspektivlərini müəyyən etməkdədir. Vətən savaşı başa çatsa da, ordumuzun ən keyfiyyətli texnika və silah-sursatlarla təmin edilməsi istiqamətində işlər öz axarı ilə gedir. Bu barədə Prezident İlham Əliyev ötən həftə keçirdiyi mətbuat konfrasında da bildirib.
Ölkə başçısı yerli və xarici jurnalistlər üçün "HaberGlobal" TV əməkdaşının sualını cavablandırarkən bildirib ki, Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, bizə üstünlük verib:

“Müharibədən sonra da danışıqlarımız davam edir. Yeni müqavilələr imzalanıb. Türkiyə tərəfi ilə orada istehsal edilən ən müasir silah növlərinin ölkəyə gətirilməsi üçün razılaşma əldə edilir. Yeni müqavilələr imzalanıb və bu, bizim hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək. Bildiyiniz kimi Türkiyə-Azərbaycan birgə hərbi təlimlər də müntəzəm olaraq keçirilir. Ötən il pandemiyaya görə bir az az keçirildi. Halbuki 2019-cu ildə 10-dan çox keçirilib. Bu dəfə Qarsda keçirilib. Bu sahədə də işlər aparılacaq.

Azad ediləcək torpaqlarda da türk şirkətlərini görmək istəyirik və əminəm ki, görəcəyik. Görüləcək işlər çoxdur və əminəm ki, bundan sonra da birlikdə addımlayacağıq”.

Sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az”a açıqlamasında söyləyib ki, İkinci Qarabağ müharibəsi bitdi, artıq nəticələr bəllidir:

“Azərbaycan dövlətinin hərbi sahədə büdcəsi üçün artımlar nəzərdə tutulur. Bir neçə ay öncə bəyanat verilib ki, Azərbaycan Türkiyəni silahların ixracında ən əsas partnyoru kimi görür. Mətbuat konfransında ölkə başçısı perspektiv məqsədləri də açıqladı.

O bildirdi ki, “İstəyirik ordumuz Türkiyə modelini istifadə etsin və qardaş ölkənin hərbi hissələrinə nisbətən balaca bir ordu yaradaq. Lakin bu ordu standartlar və digər meyarlara görə Türkiyə ilə eynilik təşkil etsin”. Hesab edirəm ki, bu istiqamətdə ardıcıl surətdə işlər görülür.

Təcrübə göstərdi ki, Azərbaycan müharibədən sonra Türkiyənin hərbi texnologiyası və taktikasını istifadə etdiyi üçün böyük nailiyyətlər əldə edib.

Bu baxımdan növbəti illərdə Türkiyə ilə hərbi əməkdaşlıq və silahların alınması ölkəmizin yenə də böyük uğurlar qazanmasını istisna etmir”.