“Kristal Abşeron”dan "kristal" kələk - Böyük məbləğdə pul yığılır

“Mənzil Məcəlləsinə görə, bütün binaları mülkiyyətçilərin özləri idarə etməlidirlər”

“Məsələnin həlli yolu üçün radikal kommunal islahat həyata keçirilməlidir”

Bu günlərdə “Yeni Müsavat” qəzetinin əməkdaşı Məğrur Salmanov “Kristal Abşeron” yaşayış binasındakı müəyyən çatışmazlıqları və qarşılaşdığı problemi diqqətə çatdırıb. Jurnalist Feysbuk hesabından yazıb: “3 saatdır şam işığındayıq, zirzəmidəki avtomatdan atıb. Komendantı gözləyirik, nəvəsinin ad günündədi. Deyirəm, “Niyə açarı cibində gəzdirirsən?” Deyir “Qayda belədir”.



Uşaqlar üşüdü, Kristal Abşeron. Görüm sizi kristala dönəsiniz.
Deməli, bu şirkətə ayda 31 manat 65 qəpik ödəyirik. Ümumilikdə binadan ayda 8-10 min civarında pul yığılır. Mühafizəçiyə aylıq 150 manat, 18 mərtəbəni hər gün silən süpürən xadiməyə isə 200 manat pul verirlər. Belə vicdansızdılar. İşsizliyi fürsət bilib, insanları kölə kimi işlədirlər”.



Baş verənləri “ Sherg.az”a şərh edən Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov bildirib ki, problem Mənzil Məcəlləsinin düzgün icra olunmaması ilə bağlıdır. Liqa sədri vurğulayıb ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmalıdır və onlar hüquqi şəxs kimi qeydiyyatdan keçməlidirlər:

“Mülkiyyətçilər binanı özləri idarə etməli, ya da müqavilə əsasında müştərək cəmiyyətin özü və ya müvəkkil etdiyi qurum tərəfindən idarəetmə həyata keçirilməlidir. Sakinlərin özlərinin idarəetməsi daha yaxşıdır, çünki bu zaman vergidən azad edilir və qeyri-kommersiya qurumu olurlar. Lakin bu işi hansısa MMC-yə həvalə etdikdə xərclər artacaq.

Yəni problemlər buradan qaynaqlanır. “Kristal Abşeron” və digər yaşayış binalarını tikirlər, sonra orada bir MMC  yaradıb adlarını “JEK” qoyurlar və insanlardan qanunsuz pul yığmağa başlayırlar.

Sovet dövründə koperativ binalara sədr seçilirdi və o, aylıq xərcləri toplayıb, binanı idarə edirdi. İndi isə Mənzil Məcəlləsinə görə, bütün binaları mülkiyyətçilərin özləri idarə etməlidirlər. Amma dövlətdən umurlar kı, zirzəmidə kəmər partlayıb onu düzəltsin. Bina mənzillərdən ibartədir, mənzil də hər kəsin şəxsi mülkiyyətindədir”.

S.Məmmədov qeyd edib ki, hər bir binanın ümumi yerlərləri-damı, bloku, lift şaxtası, zirzəmisi birgə mülkiyyətdir:

“Halbuki biz birgə mülkiyyətdən istifadəni bacarmırıq. Bəziləri bloklarda özləri üçün əlavə yer tikir, bir başqası da zirzəmidə dükan açır. Əslində mülkiyyətçilər işi öz əllərinə alıb, binanı idarə etməlidirlər ki, ortaya problemlər çıxmasın. Özləri idarə etdikləri zaman toplanan pulu binanın saxlanması üçün xərcləyəcəklər. Sözügedən hadisə şəhərimizin qlobal problemidir. Məsələnin həlli yolu üçün radikal kommunal islahat həyata keçirilməlidir”