Paşinyan “çırpınır”: gah referendum deyir, gah da... - Dalanda

“Erməni baş nazir öz siyasi iradəsini yenidən bərpa etmək şansı qazana bilər”

“Və hər şey onun həmin şanslardan necə istifadə edə biləcəyinə bağlıdır”

 Dünən axşam saatlarında İrəvanda keçirilən mitinqdə öz tərəfdarları qarşısında çıxış edən baş nazir Nikol Paşinyan bir sıra maraqlı bəyanatlar verib. O, Ermənistanda yarıprezident üsul idarəsinə keçidin mümkünlüyü barədə danışıb. Bu məqsədlə baş nazir ölkədə referendumun keçirilməsini də istisna etməyib. Həmçinin N.Paşinyan növbədənkənar parlament seçkiləri ehtimalına da toxunaraq prosesə hazır olduğunu bildirib.

Görünür, baş nazir düşdüyü xaotik vəziyyətdən çıxış yolları axtarır. Necə deyərlər, lap suya düşən saman çüpündən yapışdığı kimi...

 Siyasi analitik Elçin Xalidbəyli rəsmi İrəvandakı siyasi prosesləri və Paşinyanın təşəbbüslərini“Sherg.az”a şərh etdi: 



“Paşinyan hakimiyyətinin Ermənistan prezidenti Armen Sarkisyana qarşı impiçment məsələsini gündəmə gətirməsi siyasi manevrdir. Baş nazir Nikol Paşinyan bu manevrlə  prezident A.Sarkisyana təzyiq göstərməyə çalışır.

Yəni bu, erməni baş nazirin prezidentə ikinci dəfə yönəltdiyi təqdimatın təsdiqlənməsinə yönəlib. Çünki prezident A.Sarkisyan baş qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etmək istəmir.

Prezident A.Sarkisyan Ermənistanın köhnə korrupsioner rejimini təmsil edir. Keçmiş prezident Serj Sarkisyan konstitusiyanı dəyişib, baş nazir seçildikdən sonra Armen Sarkisyanı "oyuncaq prezident" kimi o posta yerləşdirmişdi”.

E. Xalidbəylinin fikrincə, hazırkı iqtidarın hakimiyyətdə qalma şansları heç də az deyil: 

“Növbədənkənar seçkilər mövzusu isə Paşinyan hakimiyyətinin revanşist müxalifətə ən güclü təzyiq mövzusudur. Belə ki, revanşist müxalifət erməni xalqının səsini ala bilməyəcəyini anlayır. Ona görə də, növbədənkənar seçkilər deyil, baş nazir Nikol Paşinyanın istefasını istəyir. Bundan sonra seçkiləri də Paşinyanın iştirakı olmadan keçirməyi planlaşdırır. Son mitinqlər də göstərir ki, baş nazirin ölkədaxili dəstəyi revanşist müxalifətdən daha güclüdür. Yəni növbədənkənar seçkilər keçiriləcəyi təqdirdə onun yenidən qalib gəlmək şansı yüksəkdir.

Ona görə də revanşist müxalifət hər hansı seçki deyil, ordunu da bu prosesə cəlb edərək, məhz Paşinyan hakimiyyətinin yenidən öz mövqelərini möhkəmləndirməyə çalışdığı müşahidə edilir.

Buna nail olmaq üçün baş nazir Nikol Paşinyan ilk növbədə prezident Armen Sarkisyanı baş qərargah rəisinin istefaya göndərilməsi barədə təqdimatı imzalamağa məcbur etməlidir. Bu halda N.Paşinyan Ermənistanda öz siyasi iradəsini yenidən bərpa etmək şansı qazana bilər. Və revanşist müxalifətin baş nazir Nikol Paşinyana qarşı mübarizədə güvənə biləcəyi əsas dayaqlardan ən önəmlisi itirilmiş olacaq.

Bu baxımdan baş nazir N.Paşinyanın ölkədaxili siyasi prosesləri öz xeyrinə dəyişə bilmək şansları hələ qalır. Və hər şey onun həmin şanslardan necə istifadə edə biləcəyinə bağlıdır”.