"Azərişıq" xüsusi təyinatlı dronlardan istifadə edəcək


Bununla hətta ən kiçik miqyaslı texniki xətaların və qəzaların da müəyyən edilməsi mümkün olacaq


"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Ağıllı şəbəkələr konsepsiyasının həyata keçirilməsində daha bir yenilik edib. Qurumdan  verilən məlumata görə, söhbət kommunal sektorda ilk dəfə xüsusi təyinatlı uçuş aparatlarının tətbiq edilməsindən gedir. "Azərişıq"ın Ağıllı Şəbəkələr konsepsiyası tamamilə müasir və innovativ texnologiyaların istifadəsi üzərində qurulub.

Bu konsepsiya çərçivəsində, artıq reallaşdırılmış müasir tipli mühafizəli və izolyasiyalı yüksək gərginlikli xətlərinin, 3D-mobil xəritəçilik sisteminin, məsafədən Optik portla elektrik sayğaclarının oxunması və mövcud idarəetmə platformasına inteqrasiya işləri uğurla davam etdirilir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Şərq"ə açıqlamasında bildirib ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti enerji sektorunun rəqəmsallaşdırılması istiqamətində növbəti addımı təqdirəlayiqdir. O qeyd edib ki, qurum Ağıllı Şəbəkələr konsepsiyası çərçivəsində ilk dəfə xüsusi təyinatlı dronlardan istifadə edəcək:

"Dronlar vasitəsilə enerji sektorunda, yüksək gərginlikli xətlərdə problemlərin daha tez aşkara çıxarılması və aradan qaldırılması, ölkə üzrə elektrik xətləri boyunca, müxtəlif hava şəraitində texniki baxışın daha effektiv formada həyata keçirilməsi mümkün olacaq. Xüsusi dronlar hətta ən kiçik miqyaslı texniki xətaların və qəzaların da müəyyən edilməsində mühüm rol oynayacaq. Əvvəllər bu tip işlər kranlar və müxtəlif texnikalar, insan resursları cəlb etməklə uzun müddət ərzində reallaşırdı".

O.Gündüz düşünür ki, bununla da "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti istehlakçıların məmnunluğunu və xidmətin keyfiyyətini daha da yüksəldə biləcək:

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti bu texnologiyalardan “Ağıllı şəhər və kənd” layihələri çərçivəsində qurulacaq enerji infrastrukturunda da istifadə etməyi nəzərdə tutur. Hesab edirəm ki, bu, təqdirəlayiqdir".