Parlament buraxılıb, yeni seçki keçirilməlidir

Milli Məclisə təyin olunanların əksəriyyəti xalqın iradəsinə, islahatlara  cavab vermir

"Dövlətin bu məmurlardan yaxa qurtarması üçün bugünkü parlament mütləq buraxılmalıdır. Zamanında Ramiz Mehdiyevin "xeyir-duasını" alanların heç biri orda oturmamalıdır. Bu baxımdan parlament buraxılmalı və yenidən seçkilər keçirilməlidir".
Bu sözləri AĞ Partiyanın sədri Tural Abbaslı bildirib. Təkliflə bağlı keçmiş deputatlığa namizədlərdən fikir öyrəndik. 

Binəqədi rayon 9 saylı seçki dairəsindən namizəd olan Günel Səfərova deyir ki, yenə əvvəlki kimi olacaqsa, bunun üçün müəyyən büdcə ayırıb seçki keçirməyə ehtiyac yoxdur:

"Keçən il növbədənkənar seçkilər zamanı hakimiyyət nümayəndələrinin əsas gətirdikləri məsələ o idi ki, köhnə parlament cənab prezidentin islahatlarına cavab verə bilmir. Beləliklə seçki keçirildi və göründüyü kimi ürəkaçan nəticə olmadı. Çox az sayda dəyişiklik oldu. Yaxud da köhnə deputatlar yenə də eyni düşüncəli, cəmiyyətdə tanınmayan şəxslərlə əvəz edildi. 

Yalnız idarəetmə sistemi dəyişilib parlamentli idarəetmə sisteminə keçilsə, o zaman seçki keçirilə bilər. Amma indi parlamentin buraxılmasına gəlincə, eyni proses baş verəcəksə, eyni qaydada təyinatlı siyahılar üzrə insanlar təyin olunacaqsa, yenidən böyük büdcə sərf etməyə ehtiyac yoxdur.
Bizim üçün nə fərqi var ki, orda Siyavuş Novruzov, ya da eyni onun düşüncədə olan biri olacaq?!

Təəssüflər olsun ki, bizdə seçki prosesində xalq iştirak etmir. 

Yəni seçki yenə də formal keçiriləcəksə, mənim üçün həm vətəndaş, həm də ictimai-siyasi prosesdə iştirak edən biri kimi heç bir fərqi yoxdur. Əgər həqiqətən də orda xalqın iradəsi olacaqsa, həqiqi seçkilər keçiriləcəksə, əlbəttə, parlament buraxıla bilər". 

Əvvəl Ucar rayonu 91 saylı Ucar seçki dairəsindən namizədliyini irəli sürmüş iqtisadçı, ictimai xadim Kazım Məmmədov "Şərq"ə açıqlamasında bildirdi ki, hazırkı bəzi millət vəkilləri xalqın iradəsini əks etdirmir:

"Bu gün Azərbaycanın istər regional, istər beynəlxalq arenada qazandığı uğurların kökündə heç şübhə yoxdur ki, həyata keçirilən uğurlu islahatlar dayanır. Eyni zamanda biz gördük ki, bir neçə il öncədən  bu və ya digər şəkildə həyata keçirilən islahatlar heç də həmin il üçün deyil, məhz uzun müddət üçün nəzərdə tutulub. Elə üzərindən 100 gündən bir qədər artıq keçən möhtəşəm zəfərə də bu islahatların məntiqi nəticəsi kimi baxa bilərik. Şübhəsiz ki, Azərbaycan xalqının vətən eşqi, Ali Baş Komandanın əzmkarlığı və  qətiyyəti, eləcə də Azərbaycan əsgərinin rəşadəti bu zəfərin təminatçısı oldu. 

Ancaq gəl gör ki, bu zəfərdə  Azərbaycan xalqını "təmsil edən" millət vəkillərinin fəaliyyəti özünü doğrultmadı. Səbəb çox sadə, sual isə dəqiq; Onlar xalqın iradəsini əks etdirirmi? Cavab isə hər kəsə bəllidir. Əlbəttə, bu millət üçün çalışan xalqın həqiqi seçdiyi  az sayda vəkillər var, ancaq bu, ümumi mənzərəni dəyişmir. 

Əlqərəz, uzun müddətdir davam edən islahatlar özünü buraxıb yenidən seçkiyə gedən Milli Məclis üçün istədiyi nəticəni ala bilmədi. Yeni seçkilərin keçirilməsi, zənnimcə, dövlətimiz və xalqımız üçün yeni bir uğurlu gələcək vəd edə bilər. Təbii ki, xalqın iradəsini əks etdirəcək seçki olarsa"...

Ağarza Elçinoğlu