Azərbaycan, Türkiyə, Pakistan:“Qarabağda birgə istehsal sahəsi yaradıla bilər”

Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, martın 6-na kimi davam edəcək səfər çərçivəsində general N.Raza ölkəmizdə bir sıra görüşlər keçirəcək. Vətən müharibəsi bitəndən bir neçə gün sonra Türkiyə və Pakistanla qarşılıqlı əlaqələrin güclənməsi ciddi müzakirələrə səbəb olur. Belə ki, bəziləri bunu yeni savaşa hazırlıq kimi qiymətləndirirlər.

 Hərbi ekspert Ədalət Verdiyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin Azərbaycana səfərini “Sherg.az”a qiymətləndirdi: 

“Azərbaycanın müstəqillik qazanmasından bu yana əlaqələrimiz inkişaf edir. Fikrimcə,  görüşdən sonra əməkdaşlığımız daha ali səviyyəyə qalxacaq. Hər halda biz Pakistanın silah sistemlərinə maraq göstərir, onlardan müxtəlif silahlar alırıq. Azərbaycan Türkiyə və Pakistan arasında birgə istehsal sahəsinin qurulması və onun Qarabağda yerləşməsi də gündəmdədir. Hər halda tərəflər arasında kifayət qədər geniş mövzular müzakirə ediləcək”.