“Lukaşenko Belarusun Rusiya daxilində “əriməsini” istəmir” 

“Belarus xalqı da bu birləşmənin tamamilə əleyhinədir”

“Rəsmi Moskva münasibət qurduğu ölkəni özünün orbiti ətrafında fırlanmağa məcbur edir”

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ilə Belarusun birləşməsinə qarşı çıxıb.O, bildirib ki,  dünya o qədər dəyişib ki, Rusiya ilə Belarus arasında birləşmə ehtimalını ciddi şəkildə düşünmək ağılsızlıq olardı. Fevralın 22-də Soçidə Vladimir Putinlə görüşü barədə danışan Belarus lideri bildirib ki, müzakirə iki ittifaq dövləti kontekstində gedib. “Münasibətlərimizin indi hansı səviyyədə olduğunu və gələcəkdə haralara qədər gedib çıxa biləcəyimizi müzakirə etmişik”.



Lukaşenkonun açıqlamasını “Sherg.az”a dəyərləndirən politoloq Natiq Miri bildirib ki, Belarus xalqı Rusiya ilə birləşmənin tamamilə əleyhinədir. Ona görə də Lukaşenko belə fikir səsləndirib. 

Analitikin sözlərinə görə, Lukaşenko siyasi lider kimi rəsmi Moskva ilə  birləşməklə öz dövlətinin tamamilə “əriməsini” istəmir:

“Bu gün Lukaşenko müəyyən mənada nə qədər Rusiyaya möhtac olsa da, rəsmi Kremlin siyasətini çox gözəl bilir. O, anlamamış deyil ki, Rusiya heç bir postsovet ölkəsi ilə bərabərhüquqlu səviyyədə münasibətlər sistemi qurmur.

Rusiya kiminləsə münasibət qurmaq istəyirsə, həmin ölkəni özünün orbiti ətrafında fırlanmağa məcbur edir.
Bu, Belarusa da aiddir. Əlbəttə, Lukaşenko da bunu çox yaxşı bilir. Ona görə də həmin reallıqları nəzərə alaraq belə fikirlər bildirib”.