Sərnişin keyfiyyətli xidmət istəyir

Bio-smart avtobus dayanacaqları əvvəlki layihələrə bənzəməsə yaxşıdı

"Bir az əvvəl elektron tablolar quraşdırıldı"


Paytaxtda bio-smart avtobus dayanacaq pavilyonlarının quraşdırılmasına başlanılıb. Bakı Nəqliyyat Agentliyindən  bildirilib ki, ilk belə dayanacaq pavilyonu Heydər Əliyev Mərkəzinin yaxınlığında quraşdırılıb. Ərazinin memarlıq üslubu ilə həmahəng olan pavilyon Heydər Əliyev prospektində, şəhər mərkəzi istiqamətində yerləşir. Bu dayanacaqdan 1, 2 və 13 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar keçir. Sərnişin axını baxımından əsas cəlbetmə məntəqələrindən hesab olunur.

Tamamilə yerli istehsal olan bio-smart avtobus dayanacaq pavilyonunun bir çox üstünlükləri var. Pavilyon günəş enerjisi ilə çalışır. Burada dezinfeksiya duşu quraşdırılıb ki, bunun sayəsində də müəyyən olunan vaxt aralığında avtomat rejimdə dərman məhlulu səpilir.

Mobil qurğular üçün enerji portlarının olduğu pavilyonda “BakıKart” ödəmə terminalı da var. Bio-smart avtobus dayanacaq pavilyonunun quraşdırılması ilə digər bir layihənin də icrasına başlanılıb.

Layihəyə əsasən, paytaxt ərazisindəki dayanacaq məntəqələrinin hər birinə individual olaraq adlar veriləcək. Adlar əsasən dayanacaq məntəqəsinin yerləşdiyi məkana, həmin məkanda olan mədəni-tarixi və digər əsas obyektlərə uyğun olaraq müəyyən ediləcək. Bu mənada ilk bio-smart pavilyon “Heydər Əliyev Mərkəzi” dayanacağı adlandırılıb.



Nəqliyyat eksperti İlqar Hüseynli "Şərq"ə açıqlamasında bildirib ki, bio-smart avtobus dayanacaq pavilyonunun bir çox üstünlükləri var. Ekspert vurğulayıb ki, bundan öncə Azərbaycanda avtobus dayanacaqları ilə bağlı bir çox layihələr icra olunsa da, çox təəssüf ki, özünü doğrultmayıb:

"Bir müddət bundan öncə avtobus dayanacaqlarında xüsusi elektron məlumat tablosu quraşdırıldı. Yəni avtobusların gediş-gəlişini dəqiq göstərəcəkdi. Nəticədə dövlət büdcəsindən bu işlərə görə kifayət qədər vəsait xərcləndi.

Lakin sonda o lazımsız bir projeyə çevrildi və belə deyək ki, özünü doğrultmadı.

Bio-smart avtobus dayanacaqlar bir çox üstünlüklərə malikdir. Hələlik Bakının bir neçə prospektlərində quraşdırılacaq. Təbii ki, hər kəs keyfiyyətli bir xidmət istəyir. Ümid edirəm ki, bu yeni layihə özünü doğruldacaq".