Əvvəlki rüsumlar qalmaqdadır


Notariat qaydalara dəyişiklik vətəndaşların büdcəsinə təsir etmir


Prezident İlham Əliyev "Notariat haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarda dəyişiklikləri təsdiqləyib. Bu qanunlar 2021-ci il martın 1-dən qüvvəyə minib. Dəyişikliklər Azərbaycanda notariat hərəkətlərin aparılması zamanı dövlət rüsumunun və haqqının tutulmasının bəzi xüsusiyyətlərini müəyyənləşdirir.

Dəyişikliyə görə, notarius tərəfindən notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan sənədlərin, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə hazırlanmış sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmayacaq. Bəs görəsən, yeni dəyişikliklər daha ədalətli yanaşma ortaya qoyacaqmı?

İqtisadçı-ekspert Razi Abasbəyli "Şərq"ə bu dəyişiklikləri şərh edib. Ekspert vurğulayıb ki, bu ilin yanvar ayında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edildi:

"Dəyişiklik əsasən sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edildi. Hətta bəzi notarial xidmətlərə görə rüsum alınmaması da ilkin layihədə təklif edilirdi. Qəbul edilən dəyişiklikdən sonra sənədlərin surətinin notarial qaydada təsdiqinə görə rüsumlar 5 manatdan 1.5 manata qədər azaldıldı. Lakin bu, ümumi anlayışdır. Əslində isə əvvəlki rüsumlar qalmaqdadır. Yəni dövlət rüsumu 1,5 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün ikinci səhifədən başlayaraq hər səhifəyə görə 0,50 manat, xidmətə görə tutulan haqq – 1,5 manat müəyyən edilib. Sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün ikinci səhifədən başlayaraq hər səhifəyə görə 0,50 manat rüsum əlavə olunub". 

R.Abasbəyli qeyd edib ki, yeni dəyişikliklərdə yalnız hansı sənədlərin surətinin çıxarılmasına görə də tələb edilən rüsumlarla bağlı aydınlaşdırılmalı olan məqamlar var:

"Bura xidməti vəsiqə, tələbə bileti, sürücülük vəsiqəsi kimi bir səhifədən ibarət olan sənədlərin surətinin notarial qaydada təsdiqi daxildir. Yaxşı olardı ki, təklif edilən ilkin layihədə göstərilən məqamlar, yəni bir səhifədən ibarət olan sənədlərin notarial qaydada təsdiqinə heç bir rüsum tətbiq edilməsin. Səhifə sayına görə isə vahid rüsum tətbiq edilməməsi səbəbindən, hər səhifəyə görə 0.50 azn deyil, daha aşağı rüsumlar müəyyən edilsin. Bəzən elə olur ki, 20 səhifə və ya daha çox səhifədən ibarət olan sənədlərin, məsələn, məhkəmələrlə bağlı olan qətnamə və ya icra vərəqələrinin təsdiqlənməsi tələb olunur. Bu baxımdan da rüsumlar səhifələrə görə aşağı səviyyədə təsdiqlənərdisə, bu, daha yaxşı olardı. Çünki faktiki olaraq ədliyyə qurumları mal və material baxımdan heç bir əyani vəsait sərf etmirlər.

Vətəndaş notariusa müraciət edərkən artıq surətin çıxarılmasına görə xərcə düşür. Notarius xidməti göstərənlər isə yalnız möhürləmə işini həyata keçirərək reyestr qeydiyyatını həyata keçirirlər. Nəzərə alsaq ki, reyestr xidmətləri üzrə ölkədə elektronlaşdırma daha kütləvi həyata keçirilib. O zaman burada təsdiqləyici dövlət qurumu funksiyasını yerinə yetirən təşkilat daha az rüsum tələb edə bilər. Düşünürəm ki, dəyişikliklər tərcümə xidmətləri, surətçıxarma xidmətləri üçün daha çox xərcə düşdüyü halda hər səhifəyə görə tələb edilən 0.50 rüsumun istənilməsi bir qədər ədalətli deyil.

Yaxşı olardı ki, bir səhifədən ibarət olan xidməti vəsiqələr və ya bu qəbildən olan surəti notarial qaydada təsdiqlənən xidmətlər üzrə ümumiyyətlə rüsum alınmasın. Hər səhifəyə görə alınan rüsumlar isə azaldılsın. Ümumiyyətlə, hər hansı bir sənədin notarial qaydada  təsdiqi adətən qoşma, əlavə təsdiqləyici sənədlərin tələb edilməsi ilə baş verir. Yalnız bir sənədin surətinin təsdiqi demək olar ki, notarial xidmətlərin praktikasında nadir rast gəlinən məqamdır.

Çünki şəxsiyyəti təsdiq edən sənəd və ya sürücülük vəsiqəsinin surətinin notarial qaydada təsdiq edilməsi adətən hüquqi hərəkətlərin digər sənədlərlə iştirakı nəticəsində baş verir. Beləliklə də 3 dəfə azaldılan rüsum burada vətəndaşın büdcəsinə heç bir təsir etmir".