Sadəcə olaraq ikili vətəndaşlıq çox həssas mövzudur
Hər kəs başqa dövlətin də vətəndaşı olduğuna dair bizim dövlət xidmətini məlumatlandırmalıdır
Dövlət Miqrasiya Xidməti ikili vətəndaşlıq alan Azərbaycan vətəndaşları barədə məlumat yayıb. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Kələntərli bildirib ki, başqa bir dövlətin vətəndaşlığını qəbul edən şəxslər bir ay müddətində Azərbaycan Dövlət Miqrasiya Xidmətinə və ya vətəndaşlığını aldığı dövlətdə Azərbaycan Respublikasının səfirliyi və ya konsulluğuna müraciət etməlidir:
"Vətəndaş həmin qurumlara yazılı müraciət etməlidir. Bunun üçün Dövlət Miqrasiya Xidmətinin saytında ərizə və anket forması var. Vətəndaş həmin anket formasını doldurmaqla Dövlət Miqrasiya Xidmətinə göndərməlidir. Əgər həmin şəxs başqa ölkə vətəndaşlığını illər əvvəl də qəbul edibsə, bu barədə də məlumat verilməlidir".
E.Kələntərli bildirib ki, ikili vətəndaşlığı olan şəxslər Azərbaycan Respublikası tərəfindən yalnız Azərbaycan vətəndaşı kimi tanınır.
Mövzuya münasibət bildirən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov "Şərq"ə açıqlamasında bildirib ki, Dövlət Miqrasiya Xidmətinin bu çağırışını müsbət dəyərləndirir. O bildirib ki, bu, əslində çox həssas mövzudur:
"İkili vətəndaşlıq və iki dövlətin vətəndaşı anlayışı Azərbaycanın qanunvericiliyində müəyyən mənada təsbit olnub. Amma hamı bunu ikili vətəndaş kimi qəbul edir. İkili vətəndaşlıq dedikdə beynəlxalq sənədlərə istinadən bu o deməkdir ki, iki dövlət vətəndaşlıq əldə edir. Və iki dövlətin vətəndaşı həmin vətəndaşlığı tanıyır. Həmin tanıma prosesi qarşılıqlı əsaslarla baş verir. İki dövlətlə bağlanmış sazişlə tənzimlənir. Misal üçün, şəxs həm Azərbaycan, həm Rusiya Federasiyasının vətəndaşıdır. Amma Rusiya ilə Azərbaycan arasında belə saziş imzalanmayıb. Belə bir sazişi Rusiya Tacikistanla imzalanıb. Əvvəllər Rusiya ilə Türkmənistan arasında da olmuşdu.
Sonra Rusiya ilə Türkmənistan arasında olan saziş qüvvədən düşdü və onun vaxtı artırılmadı. Bu nə demək idi? Əgər Rusiya vətəndaşı Tacikistan vətəndaşlığını əldə edirsə, Rusiya həm də onun, həm də Tacikistanın vətəndaşı olduğunu tanıyır. Azərbaycanın heç bir dövlətlə ikili vətəndaşlığa dair hər hansı bir sazişi yoxdur. Deyək ki, hansısa imkanlar hesabına əgər Azərbaycan vətəndaşı Rusiya vətəndaşlığını əldə edibsə, Azərbaycan Respublikası onu Azərbaycan Respublikasının vətəndaşı olaraq tanıyır.
Amma bu, o demək deyil ki, bu şəxsin ikili vətəndaşlığı var. Bizim qanunvericiliyə görə, 2014-cü ildə cinayət məcəlləsinə bir maddə daxil edilmişdi. Orada göstərilirdi ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsinə görə konkret olaraq onun üzərində müəyyən öhdəliklər olurdu. Bu öhdəlik də nədən ibarət olurdu? Onu 3 min manatdan 5 min manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlərdə cəzalandırmaq. Yəni şəxs bir ay ərzində bizim müvafiq qurumları məlumatlandırmalı idi ki, başqa ölkənin vətəndaşlığını qəbul etmişəm. 2020-ci ilin mayın 1-də başqa bir müddəa qüvvəyə mindi. Şəxs əgər başqa dövlətin vətəndaşlığını qəbul edirsə, sadəcə olaraq müvafiq dövlət orqanlarını bu barədə məlumatlandırmalıdır. Yəni əsas öhdəliyi ondan ibarətdir ki, məlumatlandırsın".
A.Allahverənov qeyd edib ki, vətəndaş başqa dövlətin vətəndaşlığını qəbul edibsə, o, müvafiq qaydada dövlət xidmətinin saytına müraciət etməklə, hətta əgər xarici ölkədədirsə, dövlət qurumunun saytına müraciət etməklə Azərbaycan dövlətini məlumatlandıra bilər:
"Bu informasiya məlumat bazasına daxil edilməlidir ki, nəticə etibarı ilə bilək ki, bizim nə qədər vətəndaşımız digər ölkənin vətəndaşıdır. Bu uçotun aparılması baxımından, ümumiyyətlə, müxtəlif proqnozların verilməsi, tədqiqatların aparılması baxımından olduqca vacib məsələdir.
Amma bizim vətəndaşlar çox zaman bunun əhəmiyyətini dərk etmədən bəzi hallarda səhlənkarlıq edirlər, yaxud da ki, hansısa səbəblərdən bunu gizlətməyə üstünlük verirlər.
Qeyd edim ki, məlumatsızlığın özü belə onların bu məlumatı gizlətməyinə gətirib çıxaran bir haldır. Onlar hesab edirlər ki, məlumat versələr onları çox pis bir şeylər gözləyə bilər. Təbii ki, bu, həssas bir nüansdır.
Ona görə də insanlar dərk etməli və bilməlidirlər ki, onlar bir vətəndaş olaraq başqa ölkənin vətəndaşlığını qəbul ediblərsə, bir ay ərzində bizim dövlət xidmətini məlumatlandırsınlar.
Çünki insanlar başa düşməlidirlər ki, qanun onların çox çətin vəziyyətə düşdüklərini gözəl dərk edir. İnsanlar qorxmasınlar ki, onları hansısa məsuliyyətlər gözləyir. Dərhal müxtəlif yollara əl atmasınlar. Çox zaman bizə Türkiyədən, Almaniyadan, Rusiyadan müraciətlər daxil olur ki, bizi nə gözləyir? Hətta elələri düşünür ki, məlumat verdikdə onlar hansısa bazaya daxil edilir və onları gələcəkdə problemlər gözləyə bilər.
Bu hamısı yanlış stereotiplərdir, absurd fikirlərdir. Görünür, kimlərsə, insanları belə gərgin vəziyyətdə saxlamaqda maraqlıdır. Sadəcə olaraq hər kəs öz ölkəsinin vətəndaşı olaraq dövlətini bu barədə məlumatlandırmalıdır".