Yüksək bal toplayanlar narazı deyil

Magistraturaya qəbul suallarının çətin olması normaldır

Fevral ayının 28-də magistraturaya qəbul imtahanı keçirilib. Həftəsonuna təsadüf etdiyi üçün tələbələr imtahana getməkdə çətinlik çəkiblər. Çünki pandemiya dövrünün tələblərinə əsasən şənbə və bazar günü ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Təbii ki, imtahanın çətinlikləri bununla da bitməyib. İmtahana düşən sualların mürəkkəbliyi də bakalavr tələbələrini narazı salıb.

"Odlar Yurdu" Universitetinin tələbəsi Qəfərova Şəhri deyir ki, kitabın künc-bucağında olan və dəxlisiz suallar imtahana salınmışdı: "28 fevral tarixində keçirilən magistraturaya qəbul imtahanında iştirak etmişəm. İmtahan düşən sualların ağırlıq dərəcəsi orta idi. İnformatika və məntiq fənnindən imtahana çox dəxlisiz, kitabın künc-bucağında olan suallar salınmışdı. Məsələn, orda belə bir tapşırıq var idi ki, 5 quşun qanadlarının çəkisi, uzunluğu və öz çəkisini tələb edirdi. Bunlar bir tərəfə, həmçinin sualları cavablandırmaq üçün verilən müddət heç onları qavramağa yetmirdi. Bu səbəblərə görə əksər tələbələr keçid balını güclə topladı, çoxu kəsildi".

Tələbələrin böyük bir qismi narazı olsa da, onların içində sualları və imtahanı normal qarşılayanlar da var. Onlardan biri də Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Sürəyya Rəhimlidir. Onun sözlərinə görə, magistraturaya qəbul suallarının çətin olması normaldır: "İmtahanda iştirak etmişəm və heç hazırlaşmadan 39 bal yığmışam. Bu mənim üçün çox yaxşı nəticədir. Sentyabr ayında imtahan üçün hazırlığa getsəm də, daha sonra COVİD-19 infeksiyasına yoluxduğum üçün oktyabr-noyabr aylarında hazırlaşa bilmədim. Növbəti müddətdə isə özüm evdə hazırlaşmağa başladım. Buna görə də yığdığım bal məni qane edir. Məntiqin suallarında çətinliyim o fənni yaxşı qavradığım üçün olmadı. İnformatika və xarici dil fənninin sualları mənə bir az çətin gəldi. Sualların çətin olması qeyri-adi bir hal deyil. Çünki bu, nəticə etibarilə magistr imtahanıdır".

Magistraturaya qəbul imtahanlarının nəticələri barədə təhsil məsələləri üzrə ekspert Kamran Əsədov "Şərq"ə danışıb. O deyir ki, fərqli ixtisas proqramları üzrə imtahan verən bakalavrlara eyni məntiq sualını vermək doğru deyil:

"Bu il magistr pilləsinə qəbul olmaq istəyənlərin sayı ötən ilə nisbətən 4000 nəfər çoxdur. Bu isə kifayət qədər yaxşıdır. Sualların ağırlıq dərəcəsinə gəldikdə isə 28 fevral tarixində keçirilən imtahanda düşən test tapşırıqlarını təhlil edərkən onların keçən illərə nisbətən ağırlıq dərəcəsinə görə fərqləndiyinin şahidi olduq.

Bu il imtahanda 90 baldan yüksək toplayanlar bir az çoxdur. Lakin digər bal toplayan bakalavrlar əvvəlki imtahanlara nisbətən azlıq təşkil edir. 19 895 nəfərdən sadəcə bir nəfər bütün suallara doğru cavab verib.

Bu da ona görədir ki, əksər tələbələr məntiq fənninin suallarını cavablandırmaqda olduqca əziyyət çəkib. Magistraturaya qəbul 75 proqram üzrə həyata keçirilib. Müxtəlif ixtisaslara qəbul olmaq istəyən tələbələrə eyni məntiq sualını vermək doğru deyil".

K.Əsədov deyir ki, sualların bu qədər mürəkkəb olmasının səbəbi yayda keçiriləcək magistr imtahanına tələbələri cəlb etməkdir:

"Hesab edirəm ki, sualların bu qədər çətin olmasının səbəbi tələbələrin yenidən imtahan verməyə yönəltməkdir. Magistr imtahanının 2 dəfə keçirilməsi nəzərdə tutulub. Bu məsələdən daha çox gəlir əldə etmək üçün sualları bir qədər çətinləşdiriblər. Amma bu düzgün yanaşma deyil. Düşünürəm ki, gənclərin elmə gəlməsinə şərait yaratmaq lazımdır".

Aytac Ali