Bakı və İslamabadın davranışları dünyaya bir nümunədir

Siyasi, iqtisadi və humanitar sahələrlə yanaşı, hərbi sahədə də əlaqələr güclənir 


Son günlər Pakistandan Azərbaycana səfərlər intensivləşib. Xüsusən, dost və qardaş Pakistanı təmsil edən yüksək rütbəli hərbçilərin ölkəmizə ardıcıl səfərləri reallaşmaqdadır. Görünən odur ki, Türkiyə ilə hərbi əməkdaşlığa paralel olaraq dost Pakistanla da hərbi əlaqələrimiz genişlənməkdədir. Məlum olduğu kimi Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Prezident İlham Əliyev və Müdafiə naziri Zakir Həsənov tərəfindən qəbul edilən hörmətli qonağın martın 6-na kimi bir sıra mühüm təmaslarda olacağı deyilir.

Qardaş Pakistan dövlətinin Azərbaycana hər zaman dəstək verməsi, işğalçı siyasətinə görə Ermənistanın müstəqilliyini tanımaması, bu ölkəni və xalqı gözümüzdə ucaldıb. Pakistan-Azərbaycan hərbi əməkdaşlığı 44 günlük savaşdan öncə də diqqət yetirilən əsas məsələlərdən idi. Hələ Qarabağdakı müharibədən əvvəl, ötən ilin sentyabrında Azərbaycan və Pakistan Silahlı Qüvvələrinin 2021-ci ildən etibarən birgə hərbi təlimlərinə start veriləcəyi barədə rəsmi açıqlama yayılmışdı. O zaman Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun Moskvada general Nadim Raza ilə görüşündə hərbi təlimlərin xarakteri haqqında razılaşmalar əldə olunmuşdu. Azərbaycanın Pakistandakı hərbi attaşesi, polkovnik Mehman Novruzov demişdi ki, birgə təlimlər 2021-ci ildən etibarən növbəli şəkildə Azərbaycan və Pakistanda keçiriləcək. 

Milli Həmrəylik Partiyasının sədri, keçmiş döyüşçü Əlisahib Hüseynov “Şərq”ə deyib ki, rəsmi Bakı Azərbaycan-Pakistan münasibətlərinə xüsusi önəm verir. Partiya rəhbərinin sözlərinə görə, Azərbaycanla Pakistan arasındakı siyasi və iqtisadi əlaqələr müsəlman ölkələrinin necə nümunəvi münasibət qura biləcəyinin ən parlaq təzahürüdür:

“Bu iki dost və qardaş ölkəni ilk növbədə dərin tarixi bağlar birləşdirir. Eləcə də Pakistan Azərbaycan Respublikasının müstəqilliyini tanımış ilk ölkələrdən biridir. Pakistanlılar və azərbaycanlılar tarixən həmişə bir-birinə arxa-dayaq olublar, dəstək veriblər. Odur ki, bu gün bu iki dövlətin münasibətlərinin qarşılıqlı olaraq daha da möhkəmləndirilməsi hər iki xalqın strateji maraqlarına uyğundur. Hazırda Bakı və İslamabad siyasi, iqtisadi və humanitar sahələrlə yanaşı, hərbi sahədə də güclü əlaqələrə malikdir. Əlbəttə, Ermənistan kimi terrorçu və təcavüzkar bir qonşusu olan Azərbaycan hökuməti üçün hərbi sahənin inkişafının və hərbi əlaqələrinin genişlənməsinin prioritet olması anlaşılandır. Məhz bu baxımdan, Pakistan ikitərəfli əlaqələrin bütün sahələrində, o cümlədən hərbi əməkdaşlıq sahəsində etibarlı tərəfdaşı sayılır. Azərbaycanla Pakistan arasında hərbi-texniki əməkdaşlıq gündən-günə genişlənir. Təsadüfi deyil ki, son 15 ildə Azərbaycanın  100-dən çox hərbçisi Pakistanın müxtəlif hərbi müəssisələrində təlim və hazırlıq keçib. Bununla yanaşı, Azərbaycan Pakistandan son model qırıcı-bombardmançı təyyarələrin və digər döyüş texnikasının tədarük edilməsində maraqlıdır”. 
Ə.Hüseynov vurğulayıb ki, Pakistanla hərbi əməkdaşlığımızın müxtəlif istiqamətlər üzrə inkişafı İkinci Qarabağ müharibəsindən sonra daha da aktuallaşıb: “Bu ölkənin istər siyasi rəhbərliyi, istərsə də hərbi komandanlığı 44 günlük müharibə dönəmində birmənalı şəkildə Azərbaycanın yanında olduqlarını bildirdilər, ölkəmizin haqq işini dəstəklədilər. Vətən müharibəsi başa çatdıqdan az sonra Türkiyə, Azərbaycan və Pakistanla qarşılıqlı əlaqələrin daha da dərinləşməsi, güclənməsi isə gözlənilən idi. Azərbaycanın və Pakistanın rəsmi şəxslərinin, o cümlədən yüksək rütbəli hərbçilərinin qarşılıqlı səfərləri də bu əlaqələrin getdikcə daha da iintensivləşməsini, genişlənməsini göstərir. Xüsusən də son aylarda Pakistan ordusunun rəhbərliyinin tez-tez Bakıya səfərlər etməsini ayrıca qeyd etməliyik. Cari ilin yanvar ayının 11-də ölkəmizdə işgüzar səfərdə olan Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Mücahid Anvar Xanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfər olub. Tərəflər arasında hərbi aviasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Yanvarın 15-də isə Pakistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Haye Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşüb. Sözügedən görüşdə iki ölkə arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyi vurğulanıb və bunun gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə edilib”. 

Analitikə görə, general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana 3 günlük rəsmi səfərə gəlməsinə də bu kontekstdən yanaşmaq lazımdır:

“Bu səfər az öncə qeyd etdiyim görüşlərin və müzakirələrin məntiqi davamıdır. Səfərdə məqsəd isə hərbi sahədə əməkdaşlığımızın keyfiyyətcə yeni mərhələsinə start verməkdir. Əlbəttə, bəzi ekspertlərimizdən fərqli olaraq mən bu səfərləri Pakistanın da Azərbaycanın yanında yer almaqla, yeni savaşa hazırlıq görülməsi kimi qiymətləndirməzdim. Gəlin prosesləri qabaqlamağa tələsməyək. Ermənistanda rusiyameylli-millətçi siyasi qüvvələr hər nə qədər revanşa can atsalar da belə, lakin üçüncü Qarabağ müharibəsinin yaxın gələcəkdə başlanacağı gözlənilmir. 44 günlük savaşdan darmadağın olunmuş şəkildə çıxan Ermənistanın özünə gəlməsi və yenidən irimiqyaslı hərbi əməliyyatlara başlaya bilməsi üçün bu ölkəyə ən azından 10-15 il vaxt lazımdır.

Ancaq bununla bərabər, hesab edirəm ki, Azərbaycanın öz əraziləri üzərində tam suverenliyini bərpa etməsi üçün və gələcək hərbi təhdidlərə qarşı öncədən hazırlıqlı olmaq baxımından Azərbaycanın iki dost və qardaş ölkə ilə sıx hərbi alyans qurması günün tələbidir. Söhbət Türkiyə və Pakistanla hərbi ittifaqdan gedir. İkinci Qarabağ müharibəsi bir daha onu göstərdi ki, bu iki dost və qardaş ölkə ilə hərbi müttəfiqliyin inkişafı və  əməkdaşlığın genişlənməsi olduqca mühüm və zəruridir. Nəzərə almalıyıq ki, Azərbaycanın yeni hərbi strategiyası bu iki müttəfiq ölkə ilə sıx hərbi əməkdaşlığı ön plana çıxarır, qaçılmaz edir.

Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev də Pakistan ordusunun təmsilçilərini qəbul etdi. Bu görüşdə iki ölkənin əməkdaşlığının perspektivləri ilə bağlı mühüm açıqlamaların verilməsi də bir daha onu göstərir ki, Pakistan-Azərbaycan hərbi əməkdaşlığı yeni və daha əhəmiyyətli mərhələyə qədəm qoyur”.