ABŞ başqa ölkələrə müdaxilə siyasətindən imtina etməyəcək

Əksinə, müdaxilənin vasitəsini dəyişəcək

"Birincisi, Amerika daxili demokratiyada yaşanan böhranı həll etməyə, zədələnmiş imicini bərpa etməyə çalışacaq"


ABŞ dövlət katibi Entoni Blinken amerikalılara müraciətində deyib ki, hazırkı hökumət demokratiyanı dəstəkləməkdən imtina etmir. Ancaq Vaşinqton bundan sonra rejimləri devirərək demokratiyanı güclə yeritməkdən əl çəkəcək. Çünki bunun artıq heç bir nəticəsi yoxdur: “Biz bunu bahalı hərbi əməliyyatlar və ya avtoritar rejimləri güclə yıxmaq yolu ilə təşviq etməyəcəyik. Keçmişdə bu cür taktikanı sınadıq, niyyətimizin nə qədər xoş olmasına rəğmən, bu taktika işləmədi”. Blinkenin sözlərinə görə, Vaşinqton bunu “başqa cür” edəcək: “İslahat və demokratiya cəhdlərində nümunə olmaqla”. Xatırladaq ki, Münhen konfransında ABŞ Prezidenti Co Bayden “Amerikanın dünya arenasına qayıtdığını”, xarici siyasətdə əsas yeri Avropa ilə əməkdaşlığın tutacağını demişdi. 

Amerika əsasən başqa ölkələrin daxili işinə qarışmaqda, “demokratiya” adı ilə rejimləri yıxmaqda ittiham və tənqid olunur. Lakin Blinkenin dediyindən belə çıxır ki, Co Bayden administrasiyası artıq bu cür işlərlə məşğul olmayacaq. 

Siyasi şərhçi, tanınmış jurnalist Asif Nərimanlı “Şərq”ə bildirib ki, “Amerika qayıdır” şüarı ilə hakimiyyətə gələn Bayden administrasiyası ABŞ-ı əvvəlki gücünə qaytarmaq üçün əvəlcə ölkənin imicini düzəltməyə məcburdur. Analitikin sözlərinə görə, ABŞ-ın qlobal güc imicinin əsas prinsipləri arasında yer alan “sülh və demokratik dəyərlər” artıq işləmir:

“Ərəb baharı”, Yaxın Şərqdə hələ də davam edən müharibə, demokratik inqilab olan ölkələrdə daxili sabitliyin pozulması, hətta vətəndaş müharibələrinin başlanması kimi nümunələr ABŞ demokratiyasının işğalçılıq olduğu fikrini gücləndirdi. Bunun fonunda, Amerikanın daxili demokratiyasının böhranlı vəziyyətini göstərən Baltimor, Ferqüsson hadisələri, son olaraq Corc Floyd olayı, Konqresə edilən hücum, polisin silahlı reaksiyası yaşandı. “ABŞ özü demokratiya deyil, onların demokratiya dediyi əslində işğaldır” fikirləri açıq şəkildə dilə gətirilir. Bütün bunlar Vaşinqtonun qlobal gücünü zəiflədir və bunun fonunda güclənən Çini görürük. Ölkələr üçün iki alternativ yaranır, bir tərəfdə müdaxilə edən ABŞ, digər tərəfdə daxili işlərə qarışmayan, daha çox iqtisadi əlaqələrin qurulması üzərindən hərəkət edən Çin. Bu isə Çinin cəlbediciliyini artırır. Blinkenin “demokratiyanı güclə yeritməkdən imtina edirik” sözlərinin açıq şəkildə ifadə olunmasının səbəbi budur. Bayden Amerikası dünyaya göstərmək istəyir ki, indiyə qədər işləyən taktika səhv idi, biz fərqli yolla hərəkət edəcəyik. Blinken həm də “İslahat və demokratiya cəhdlərində nümunə olmaqla” deyərək ABŞ-ın yeni taktikasını açıqlayır. Bu sözləri iki cür oxuya bilərik:

Birincisi, Amerika daxili demokratiyada yaşanan böhranı həll etməyə, zədələnmiş imicini bərpa etməyə çalışacaq. İkincisi, bununla digər ölkələrə “səmimi” olduqlarını sübut etmək istəyir. Lakin həqiqətənmi Bayden Administrasiyası müdaxilə siyasətindən imtina edir?”.

Asif Nərimanlı vurğulayıb ki, əgər Amerika demokratiya üzərindən siyasət yürütmürsə, hərbi əməliyyatlardan imtina edirsə, o zaman qlobal gücünü qorumaq, inkişaf etdirmək üçün hansı vasitələrdən istifadə edəcəyi də maraqlıdır:

“Fikrimcə, ABŞ müdaxilə siyasətindən imtina etməyəcək, əksinə, müdaxilənin vasitəsini dəyişdirəcək. Blinkenin “nümunə olacağıq” sözlərinin mənası da budur. Bu, ABŞ-da demokratiya, insan haqları prinsiplərinin yeni formasiyada meydana gələcəyi ehtimalını gücləndirir.

Amerika demokratik prinsiplərin yeni nümunəsini yaradacaq və digər ölkələrin bunu tətbiq etməsini istəyəcək. Beləliklə, həm yeni təzyiq aləti qazanacaq, həm də bu “nümunə” ətrafında öz cəbhəsini formalaşdıracaq. Demokratik prinsiplərin yeni “nümunəsi” homoseksualizmin qəbul etdirilməsi, cinsi azlıqların hüquqları ola bilər.

İndiyə qədər bu istiqamətdə addımlar atılıb, lakin bundan siyasi alət olaraq istifadəsinə start verilməyib. ABŞ ilk dəfə 2015-ci ildə bu planını Con Kerrinin dilindən elan etmişdi. Bayden Administrasiyası yarımçıq qalmış bu işi davam etdirə bilər. Bunun səbəbi çoxsaylıdır, hərçənd, iki məqama diqqət yetirməklə aydınlaşdırmaq olar. Birincisi, hər ölkədə “demokratiya aşiqi” tapmaq çətindir, amma hər ölkədə cinsi azlığın nümunəsi yaşayır.

İkincisi, demokratik azadlıqlar arasında cinsi azlıqların hüquqlarının tələb edilməsi “müdaxilə siyasəti” kimi yox, təbii hal kimi təqdim edilə bilər. Baydenin vəzifəsinə başlayan kimi ilk addımlarından birinin cinsi azlıqların orduda xidmətinə icazə verməsi təsadüfi deyildi”.