Bölgədə sabitlik Vaşinqtonun marağındadır

ABŞ ermənilərlə azərbaycanlıları yaxınlaşdırmağa maliyyə ayırır

"Amerika Ermənistandakı ənənvi QHT şəbəkəsini qoruyub saxlamaq üçün Rusiyada qıcıq doğurmayacaq layihələrə maddi dəstək verəcək"


ABŞ Dövlət Departamenti qrant ayırdığı Ermənistan vətəndaş cəmiyyətləri qarşısında bir sıra öhdəliklər qoyub. Təbii olaraq, vurğulanıb ki, ilk mərhələdə bütün layihələr Amerika mədəni aspektini, siyasətini və baxışlarını daha dərindən anlamağa kömək etməlidir. Ancaq bununla yanaşı, qeyd olunub ki, ermənilərin qrant müqabilində həyata keçirdikləri layihələr regionda təhlükəsizliyin gücləndirilməsinə cəlb olunmalıdır. Departament bəyan edib ki, qrantları alacaq potensial şəxslər Ermənistan, Türkiyə və Azərbaycan vətəndaşları arasında dostluq əlaqələrinin bərpası istiqamətində fəaliyyət göstərə bilər. Verilən məlumata əsasən, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə hər biri 150 min dollar dəyərində qrantlar ayrılacaq. 

Ədalət Partiyasının sədr müavini, politoloq Elxan Şükürlü “Şərq”ə açıqlamasında bildirib ki, ABŞ və Avropa Birliyi uzun illərdir Ermənistanda Rusiya və İran təsirini azaltmaq üçün bu ölkəyə rəsmi və qeyri-rəsmi kanallarla maliyyə dəstəyi verir, özünə bağlı şəbəkə formalaşdırır. Partiya təmsilçisi vurğulayıb ki, Paşinyan və komanda üzvlərinin əksəriyyəti elə Qərb institutlarının maddi dəstəyi ilə formalaşıb ortaya çıxan, siyasi idaretməyə gətirilən şəxslərdir:

“Qərbdən qrant alan şəxslərin hamısı Ermənistanın gələcəyini Rusiyadan uzaqlaşmaqda və Avropa İttifaqı, NATO ilə yaxınlaşmaqda görürlər. Ancaq 44 günlük Qarabağ savaşı regionda, xüsusən də bu savaşda məğlub olan Ermənistanda durumu dəyişib. Rusiya Ermənistandakı Qərb şəbəkəsini tamamilə dağıtmaq istəyindədir və bu məqsədlə Paşinyana böyük basqılar edir. Əgər əvvəllər ABŞ Ermənistanda Rusiya əleyhinə layihələrə həvəslə qrant ayırırdısa, indi bu fəaliiyət üçün əvvəlki kimi geniş imkan olmayacaq. Bu səbəbdən, Amerika Ermənistandakı ənənvi QHT şəbəkəsini qoruyub saxlamaq üçün Rusiyada qıcıq doğurmayacaq layihələrə maddi dəstək verəcək. Digər tərəfdən isə Ermənistanın Türkiyə və Azərbaycanla yaxınlaşma siyasətini təşviq edəcək”. 

Analitikin fikrincə, ABŞ-da düşünürlər ki, Ermənistanın NATO üzvü Türkiyə ilə və Türkiyənin isə Azərbaycanla yaxınlaşması bölgədə sabitləşdirici rol oynayacaq: “Bununla yanaşı, gələcəkdə Ermənistanın Rusiya və İranın təsirindən uzaqlaşmasına gətirib çıxaracaq. Mən gözləyirəm ki, Qərbin donor təşkilatları yaxın vaxtlarda Azərbaycana da bu sayaq, yəni ermənilərlə azərbaycanlıları yaxınlaşdırmağa hesablanmış layihələrə maliyyənin ayrılmasına başlayacaqlar”.