Ermənistandakı proseslər ABŞ səfirliyindən idarə olunur

Paşinyan hakimiyyəti əldən verməyəcək, çünki hərbi çevriliş təhlükəsi aradan qalxıb

Hakimiyyət müxalifəti tamamilə zərərsiz hala gətirdikdən sonra Koçaryan və Sarkisyanı həbsə göndərəcək


Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətlə razılaşma olacağı təqdirdə növbədənkənar seçkilər keçirilə biləcəyini açıqlayıb. O, parlamentdəki çıxışında bildirib ki, razılıq olarsa, seçkilər bu il baş tuta bilər. Hökumət başçısı müxalifət liderlərini danışıqlara çağırıb. Paşinyanın çıxışı zamanı parlament binasının ətrafında yüksək təhlükəsizlik tədbirləri görülüb. Əraziyə snayperlər yerləşdirilib. Parlamentin qarşısına toplaşan nümayişçilər onu istefa verməyə çağırıb.

Manukyan həbsxana yolunda - Paşinyanı devirmək planı işə yaramadı

Ermənistan müxalifətinin yaratdığı “Vətənin xilası uğrunda hərəkat”ın baş nazir postuna vahid namizədi Vazgen Manukyan martın 4-də Ermənistan İstintaq Komitəsinə çağrılıb. Manukyan “hakimiyyəti ələ keçirməyə”, “ölkənin ərazi bütövlüyünü pozmağa” və “konstitusiya quruluşunu” güc yolu ilə dəyişməyə çağırış etməkdə ittiham olunur. Ermənistan İstintaq Komitəsi Vazgen Manukyandan ölkəni tərk etməmək barədə iltizam alaraq sərbəst buraxıb. Birləşmiş müxalifətin baş nazirliyə namizədi, sabiq baş nazir Vazgen Manukyan ona qarşı açılan cinayət işini siyasi motivli hesab edir: “Verəcəkləri suallar məni maraqlandırmır, çünki heç birinə cavab vermək, eləcə də hər hansı bir dəlil təqdim etmək niyyətində deyiləm. Nə istəyirlər, etsinlər”. O, hər hansı bir statusda mübarizəsini davam etdirmək və Paşinyanın istefasına nail olmaq niyyətində olduğunu deyib. Manukyan həbs ediləcəyi təqdirdə minlərlə başqa vətəndaşın bu işi davam etdirəcəyini bildirib. Xatırladaq ki, müxalif lider Ermənistan Silahlı Qüvvələrini Paşinyanı devirmək və parlamenti ələ keçirməyə çağırmışdı. Həmçinin, hakimiyyəti sürətlə ələ keçirmək üçün plan hazırladığını da demişdi. 

Koçaryan partiya qurmayacağını deyir, amma...

Bu arada Ermənistanın keçmiş prezidenti Robert Koçaryan öz partiyasını qurmağı planlaşdırmadığını deyib. Bildirib ki, onu partiya lideri kimi qəbul etmirlər: “Yəqin ki, siyasi partiya qurmayacağam, baxmayaraq ki, bu seçimi istisna etmirəm. Məncə, mümkün seçkilərdə mənimlə əməkdaşlıq edəcək siyasi partiyalar olacaq. Hazırkı lider Vazgen Manukyan layiqli, təcrübəli siyasətçidir”.
 
“Noyabrın 10-da diz çöküb, özlərini vurmalı idilər” 

Koçaryan növbəti dəfə Paşinyan hökumətini sərt tənqid edib. Deyib ki, əgər Ermənistan rəsmilərində ləyaqət hissləri olsaydı, Qarabağla bağlı üçtərəfli bəyanatı imzaladıqdan sonra özlərini vurardılar: “Rəsmilər noyabrın 10-da diz çökməli və xalqdan bağışlanmasını istəməli idi. Əgər ləyaqətləri olsaydı, özlərini vurardılar”. Onun sözlərinə görə, mövcud hakimiyyət həqiqətən ölkə haqqında düşünsəydi, yerlərini danışıqlar aparmağı bacaran insanlara verərdi: “Əlbəttə ki, bu razılaşmanı istəmirik. Ancaq yaxşı bir razılaşma əldə etmək üçün müharibədə qalib gəlməli və ya heç olmasa, məğlub olmamalısan. İmzalanmış sənəd bir yarım səhifədə yerləşdirilib. Bu cür suallar bir yarım səhifədə həll olunmur”. Koçaryanın fikrincə, Ermənistanın hazırkı hökuməti Qarabağla bağlı danışıqlar aparacaq səviyyədə deyil. 

Koçaryan: “Qarabağda “ədalətsiz” sülh yeni savaşa səbəb olacaq” 

Koçaryan generalların hakimiyyətə qarşı səbirli davrandığını da bildirib: “Hərbi çevriliş sözündən qorxmaq lazım deyil. Tarixdə hərbi çevrilişlərin dövlətçiliyi və iqtisadiyyatın inkişafını qorumaq üçün imkan yaratmasıyla bağlı hallar az olmayıb”. Eks-prezident Qarabağda ədalətsiz sülhün yeni savaşa səbəb olacağını deyib. O, müharibənin Minsk qrupu yox, hökumətin uğursuzluğunun nəticəsi olduğunu söyləyib: “Minsk qrupu hazırda lazımdır. O, Rusiyaya da lazımdır. Qarabağın statusu barədə danışıqların hansı istiqamətdə gedəcəyini demək çətindir. Dünya təcrübəsi göstərir ki, həddən artıq ədalətsiz sülh uzun müddət davam etmir”. Koçaryan müharibə zamanı Moskvaya gedib Putinlə görüşünün alınmamasına hakimiyyətin səbəb olduğunu bildirib. O, hökumətin bu görüşün baş tutmaması üçün koronavirus testini qəsdən müsbət çıxardığını da iddia edib.

“Mövcud vəziyyət Paşinyanın xeyrinədir...” 

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Qərbi təmsil edən baş nazir Nikol Paşinyanla Rusiyanı təmsil edən müxalifət və Baş Qərargah arasında davam edən siyasi qarşıdurmanın həlledici məqamı başa çatıb. Onun sözlərinə görə, Koçaryan və Sarkisyanın hakimiyyət yolundakı əsas maneələrindən biri məhz erməni xalqıdır:

“Paşinyan hərbi çevriliş təhlükəsindən sığortalandı. Bundan sonrakı prosesdə Paşinyanı devirmək istəyən Baş Qərargah, Koçaryan və Sarkisyanın geri çəkiləcəyini müşahidə edəcəyik. Mövcud vəziyyət Paşinyanın xeyrinədir və erməni xalqı onun hakimiyyətdə qalmasında maraqlıdır. Əgər hərbi çevrilişə cəhd olarsa, ölkədə vətəndaş qarşıdurması qaçılmaz olacaq. Buna baxmayaraq, Paşinyan hakimiyyəti əldən verməyəcək. Baş naziri qiyamla hədələyən qərargah rəisi Onik Qasparyan postundan uzaqlaşdırılacaq. Belə məqamda Koçaryanın və onun tərəfdarlarının təşəbbüsləri sürətlə zəifləyəcək. Sadəcə quru bəyanatlarla çıxış edəcəklər və Paşinyanı ən sərt formada tənqid hədəfinə çevirəcəklər”. 

“Ermənistandakı proseslər ABŞ səfirliyindən idarə olunur”

Ekspertin fikrincə, Paşinyan müxalifəti tamamilə zərərsiz hala gətirdikdən sonra Koçaryan və Sarkisyanı həbsə göndərəcək: “Paşinyanın güclənməsi Rusiyanın bu ölkədəki mövqelərinin zəifləməsi deməkdir. Baş nazirin gələcək hədəflərində Rusiya yoxdur. Ermənistanda baş verən son proseslər də Paşinyanın Rusiya qarşısındakı manevr imkanlarını genişləndirir. Paşinyan Qarabağla bağlı Azərbaycanla qarşıdurmaya getməkdə maraqlı deyil. Azərbaycan da Paşinyanın hakimiyyətdə qalmasında maraqlı olmalıdır. Hazırda Paşinyanı ciddi şəkildə müdafiə və mühafizə edən ABŞ-ın İrəvandakı səfirliyidir. Son proseslər məhz səfirlikdən idarə edilir. Ermənistanın Baş Qərargahı isə Rusiyanın Gümrüdəki hərbi bazasından təlimat alır”.